Otuz ilə yaxın davam edən işğal dövrü başa çatdıqdan sonra Azərbaycanın qarşısında yeni və eyni zamanda son dərəcə mürəkkəb bir mərhələ başladı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla hərbi əməliyyatlara son qoyulduqdan sonra ölkə üçün əsas prioritetlərdən biri azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun bərpası və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təşkili oldu. Lakin bu proses gözlənildiyindən daha çətin və uzunmüddətli xarakter aldı. Bunun başlıca səbəbi həmin ərazilərin geniş miqyasda minalanması, partlamamış hərbi sursatlarla çirkləndirilməsi idi.
Hazırda Azərbaycan mina ilə ən çox çirklənmiş ölkələr sırasında göstərilir. Rəsmi və təxmini hesablamalara görə, işğaldan azad olunmuş ərazilərdə 1,5 milyona yaxın mina basdırılıb. Ümumilikdə 9 min kvadratkilometrə yaxın ərazi müxtəlif növ partlayıcı vasitələrlə çirkləndirilib. Bu fakt təkcə hərbi baxımdan deyil, humanitar aspektdən də böyük fəlakət deməkdir. Çünki mina təhlükəsi yalnız torpağı deyil, insanların həyatını, sağlamlığını və gələcəyini də hədəf alır.
Statistik göstəricilər vəziyyətin nə qədər ağır olduğunu açıq şəkildə nümayiş etdirir. 10 noyabr 2020-ci ildən 7 yanvar 2026-cı il tarixinədək olan dövrdə ümumilikdə 416 nəfər mina partlayışının qurbanı olub. Ümumən isə indiyədək 3 mindən artıq vətəndaş mina və partlamamış sursatların təsirindən zərər görüb. Təəssüf ki, bu rəqəmlər artan dinamika nümayiş etdirir. Hələ torpağın altında qalan yüz minlərlə partlayıcının gələcəkdə törədə biləcəyi təhlükələr isə vəziyyətin uzun müddət gündəmdə qalacağını göstərir.
Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri genişmiqyaslıdır. Qısa müddət ərzində yollar çəkilir, elektrik xətləri bərpa olunur, yaşayış məntəqələri yenidən qurulur, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilir. Artıq 30 minə yaxın keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Lakin mina təhlükəsi bu prosesin tempinə birbaşa təsir göstərir. Əgər ərazilər bu qədər minalanmasaydı, köç prosesi daha sürətli həyata keçirilə bilərdi.
Hazırda minatəmizləmə əməliyyatları dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyən edilib. Bu sahədə əsas qurumlardan biri olan Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) müvafiq dövlət strukturları ilə birlikdə genişmiqyaslı əməliyyatlar həyata keçirir. Təkcə fevral ayı ərzində 71 tank əleyhinə mina, 410 piyada əleyhinə mina və 1621 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Həmin müddətdə 4264,8 hektar ərazi partlayıcı qalıqlardan təmizlənib. Bu əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını əhatə edib.
Minatəmizləmə işlərinə digər dövlət qurumları da fəal şəkildə cəlb olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış "Minatəmizləmə fəaliyyəti haqqında" qanunun icrası ilə bağlı fərman bu sahədə institusional mexanizmlərin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Sənədə əsasən, FHN-in müvafiq bölmələri də minatəmizləmə prosesində daha sistemli şəkildə iştirak edəcək.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə xüsusi təyinatlı alayı əməliyyatlarda bilavasitə iştirak edir. Şəxsi heyət ən müasir texnika və avadanlıqla təmin olunduqdan sonra sahələrə buraxılır. İstifadə olunan vasitələr mütəmadi olaraq yeni nəsil texnologiyalarla əvəzlənir. Bundan əlavə, dörd ədəd GCS 200 mexaniki minatəmizləmə qurğusu əməliyyatlara cəlb edilib. Mexaniki vasitələrin tətbiqi həm vaxt itkisini azaldır, həm də şəxsi heyətin risk səviyyəsini minimuma endirir.
Mina problemi yalnız texniki və təhlükəsizlik məsələsi deyil, eyni zamanda beynəlxalq hüquq müstəvisində ciddi müzakirə predmetidir. 1949-cu il tarixli Cenevrə konvensiyaları və 1977-ci il tarixli Cenevrə Konvensiyasının I Əlavə Protokolu silahlı münaqişələr zamanı mülki əhalinin qorunması ilə bağlı konkret öhdəliklər müəyyən edir. Münaqişə başa çatdıqdan sonra isə tərəflər hərbi qalıqların yaratdığı təhlükələrin aradan qaldırılması istiqamətində əməkdaşlıq etməlidirlər. Mina sahələrinin xəritələrinin təqdim edilməsi, risklərin azaldılması və mülki şəxslərin təhlükəsizliyinin təmin olunması bu öhdəliklərin tərkib hissəsidir.
Əgər mina sahələri barədə məlumatlar ya, ümumiyyətlə, təqdim olunmursa, ya da qeyri-dəqiq şəkildə ötürülürsə, bu, humanitar nəticələrin bilərəkdən uzadılması kimi qiymətləndirilə bilər. Ermənistan ilkin mərhələdə mina xəritələrinin mövcudluğunu inkar etmiş, sonradan təqdim etdiyi sənədlərin dəqiqliyinin isə cəmi 25 faiz olduğu bildirilmişdir. Normativ-texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, koordinatlar, minaların növü, sayı, basdırılma üsulu və digər zəruri məlumatlar göstərilməlidir. Lakin təqdim edilən materialların təhlili göstərib ki, koordinatlar natamam və uyğunsuzdur, real vəziyyətlə üst-üstə düşmür.
Bu hal beynəlxalq hüququn dövlət məsuliyyəti prinsipi çərçivəsində də qiymətləndirilə bilər. Əgər bir dövlətin hərəkəti və ya hərəkətsizliyi nəticəsində digər dövlətin ərazisində insanlara və infrastruktura zərər dəyirsə, həmin zərərin hüquqi müstəvidə araşdırılması mümkündür. Bu baxımdan, məsələ Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində dövlətlərarası mübahisə predmeti ola bilər. Eyni zamanda insan hüquqlarının pozulması aspektindən Avropa İnsan Hüquqları Məhkəməsi mexanizmləri də nəzərdən keçirilə bilər.
Mina təhlükəsi birbaşa olaraq insanların yaşamaq hüququna, sərbəst hərəkət azadlığına və mülkiyyət hüququna təsir göstərir. Doğma evinə qayıtmaq istəyən keçmiş məcburi köçkünlər üçün əsas şərt təhlükəsiz yaşamaqdır. Əgər torpaq hələ də partlayıcılarla doludursa, qayıdış prosesi həm ləngiyir, həm də əlavə risklər yaradır. Bu isə fundamental insan hüquqlarının məhdudlaşdırılması deməkdir.
Azad edilmiş ərazilərdə mülki təyinatlı sahələrin - yolların, qəbiristanlıqların, əkin sahələrinin və yaşayış məntəqələrinin minalanması xüsusilə narahatedici məqamdır. Bu fakt mina probleminin sırf hərbi xarakter daşımadığını, mülki əhali üçün uzunmüddətli təhlükə yaratmaq məqsədi güddüyünü göstərir. Nəticədə həm iqtisadi fəaliyyət, həm kənd təsərrüfatı, həm də sosial həyat ciddi zərbə alır. Bununla belə, Azərbaycan dövləti məsələni mərhələli və sistemli şəkildə həll etmək əzmindədir. Minatəmizləmə əməliyyatlarının miqyası hər il genişlənir, texniki imkanlar artırılır, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq dərinləşdirilir. Əsas məqsəd azad edilmiş bütün əraziləri təhlükəsiz və yaşayış üçün yararlı vəziyyətə gətirməkdir.
Vətəndaşlara işğaldan azad olunmuş ərazilərə səfər zamanı yalnız icazə verilmiş marşrutlarla hərəkət etmələri tövsiyə olunur. Çünki tam yoxlanılmamış sahələrdə hər bir addım həyati risk daşıyır. Maarifləndirmə tədbirləri, sosial çarxlar və təlim proqramları vasitəsilə mina təhlükəsi barədə məlumatlandırma işi davam etdirilir.
Mina terroru uzun illərin işğal siyasətinin ən ağır miraslarından biridir. Lakin bu problem Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz. Texniki imkanların səfərbər olunması, hüquqi mexanizmlərin işə salınması və beynəlxalq platformalarda mövqeyin ardıcıl müdafiəsi nəticə etibarilə təhlükənin aradan qaldırılmasına xidmət edir. Qarşıdakı illərdə əsas hədəf azad edilmiş bütün torpaqları partlayıcı qalıqlardan tam təmizləmək, məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etməkdir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"