04 Oktyabr 2023 10:15
644
SİYASƏT
A- A+

CƏBRAYIL Azad edilən ilk şəhərimiz

 

Vətən müharibəsinin 8-ci günündə azadlığına qovuşdu Cəbrayıl. Ali Baş Komandan İlham Əliyevdən növbəti müjdəni aldıq: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
O gündən üç il ötür. Bu müddətdə Cəbrayıl şəhəri yenidən qurulur, bərpa olunur. Azadlığına qovuşan şəhərdə sürətli quruculuq işləri gedir. 
Cəbrayıl 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhər idi. Vətən savaşının ilk günündən Cəbrayıl rayonunun kəndləri düşməndən azad olunmağa başladı. İlk gün rayonun Böyük Mərcanlı və Nüzgar, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal qüdrətli ordumuz tərəfindən işğaldan azad edildi. 
Oktyabrın 4-də Cəbrayıl şəhərində də Azərbaycan bayrağı dalğalandı. Həmin gündən etibarən, demək olar ki, hər gün Cəbrayılın kəndlərinin bir-bir işğaldan azad edildiyi xəbərlərini aldıq. Ümumilikdə, bu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi. Eyni zamanda Cəbrayılın erməni silahlı birləşmələrindən təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa olundu. 
Tarixə nəzər: 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib. 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 
1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, kənddə yaşayış mümkün olmayıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad ediləndən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib.
Aprel döyüşləri işğal dövründən bu yana ilk genişmiqyaslı döyüş əməliyyatları idi. Dörd gün davam edən savaşda Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində bəzi mövqeləri düşməndən azad etmişdi. Strateji əhəmiyyətli yüksəkliklərin nəzarətə keçməsi böyük əhəmiyyət kəsb edirdi. 

 

Ali Baş Komandanın işğaldan azad olunmuş əraziyə ilk səfəri

 

Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, Ermənistanın məğlub durumda 10 noyabr Bəyanatını imzalamasından 6 gün sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. 
İşğaldan azad olunan ilk ərazilərə - Füzuli və Cəbrayıla səfər edən ölkə rəhbəri Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verdi. Bununla da "Zəfər yolu"nun başlanğıcı qoyuldu. 
Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının nəzarəti altında həyata keçirilən işlər bu gün də sürətlə davam edir. İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edərək görülən işlərlə yerində tanış olur, təməlqoyma mərasimlərində iştirak edir. 

 

Cəbrayıl şəhərinin inkişafı

 

Digər ərazilərimiz kimi, Cəbrayıl da 27 il ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdı. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəymişdir. 52000 nəfər əhalisi olmuş rayonun bütün yaşayış məntəqələri və oradakı təhsil, mədəniyyət ocaqları, tibb müəssisələri dağıdılmışdı. 
İşğaldan azad olunmasının ilk ilində Prezident Cəbrayıla səfər edərək orada bir sıra təməlqoyma tədbirlərində iştirak etdi. Səfər zamanı Cəbrayılda "KAMaz" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu. Prezident həmçinin  "Cəbrayıl" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Daha sonra Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlət başçısı çıxışında qeyd etdi ki, oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq: "Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim ordumuza əlavə güc verdi, inam verdi. Bu qələbədən sonra bizim şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir - Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi". 
Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Cəbrayıla səfər edən Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin təməlqoyma mərasimlərində iştirak etdilər. 
Cabrayıl rayonunda yenidənqurma və bərpa işləri indi də davam edir. Sentyabrın 28-də Cəbrayıla növbəti dəfə səfər edən Prezident İlham Əliyev təməlqoyma və açılış mərasimlərində iştirak etdi. Dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoydu. Qeyd olundu ki, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. 
İlham Əliyev həmçinin Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə də tanış oldu, şəhərdə "Azərişıq" ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışına qatıldı. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək.
Qeyd edək ki, Cəbrayıl rayonunda 240 meqavat gücə malik günəş elektrik enerjisi stansiyasının inşası da nəzərdə tutulub. Yaxın vaxtlarda stansiyanın tikintisinə başlanılacaq. Rayona gediş-gəlişin rahatlığının təmin olunması üçün 4-6 zolaqlı yol da çəkilir. Bütün kəndlərin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.

 

Cəbrayıl Şəhəri Günü

 

Bu gün həm də Cəbrayıl Şəhəri Günüdür. Prezident İlham Əliyevin iyul ayında imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfərə aparan, Azərbaycan tarixinin qızıl hərflərlə yazıldığı günlərdən biridir bu gün.
İşğaldan azad olunmuş hər bir şəhər və kəndimizdə görülən yenidənqurma və bərpa işləri Böyük qayıdışın sürətlənməsinə rəvac verir. Yenidən qurulan, abadlaşdırılan kəndlərin, şəhərlərin əzəli sakinləri mərhələli şəkildə dədə-baba yurdlarına qayıdırlar. Onlar artıq hər il öz şəhər günlərini el-obalarında təntənəli şəkildə qürur və fərəh hissi ilə qeyd edəcəklər.

 

Cəbrayıl igidləri

 

Torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində ilk döyüşlərin getdiyi, düşmənin qurduğu istehkam və mövqelərin güclü olduğu ərazilərdən biri də Cəbrayıl idi. Bu qədim yurdumuz neçə-neçə igid oğlumuzun canı, qanı bahasına düşmən əsarətindən qurtulub.  
Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən orden və medallar sırasında  "Cəbrayılın azad olunmasına görə" medalı da xüsusi yer tutur. Medal 2020-ci il noyabrın 26-da təsis edilib. Rayonun azadlığı uğrunda igidlik göstərmiş qəhrəmanlarımız dövlət başçısı tərəfindən bu medalla mükafatlandırılıb. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. 

 

Cəbrayılın azad edilməsi gələcək qələbəmiz üçün yeni imkanlar yaratdı

 

Milli Məclisin deputatı Arzu Nağıyev deyir ki, 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunmuş Cəbrayılın mühüm strateji əhəmiyyətli məntəqə olduğunu ermənilər də başa düşürdü. 
İranla həmsərhəd olan kəndlər, Xudafərin körpüsü istiqamətində və buradan Qarabağın içərisinə doğru bir sıra yolların keçməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz buna görə də nəyin bahasına olursa-olsun rayonu ermənilər əllərində saxlamağa çalışırdı. Aprel döyüşlərində - 2016-cı ildə Azərbaycan Ordusu əks-hücumla Lələtəpə yüksəkliyini azad etdi. İkinci Qarabağ müharibəsi başlayanda Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada bizim rayonlara qarşı təcavüzünü genişləndirəndə Cəbrayıl rayonunun həm Cocuq Mərcanlı, həm də ona yaxın olan Füzuli rayonunun bir sıra kəndlərini də atəşə tutmağa başladılar. Azərbaycan Müdafiə Nazirliyi qərar qəbul edərək məhz bu istiqamətdə əks-hücum əməliyyatlarına başladı. 
A.Nağıyevin sözlərinə görə, Azərbaycan Ordusu əks-hücum əməliyyatları zamanı o istiqamətdə yerləşən motoatıcı diviziyanın artilleriya rəisini məhv edərək bir sıra kəndləri işğaldan azad etdi: "Oktyabrın 5-də, yəni ilk həftədə bir sıra kəndlər işğaldan azad olundu. Daha sonra da kəndlərin işğaldan azad olunması davam edirdi. Ermənilər çalışırdılar ki, İranla həmsərhəd kəndləri əldən verməsinlər. Buna görə orada hava hücumları həyata keçirdilər və Azərbaycan tərəfindən onların təyyarələri vuruldu. Ermənistan silahlı qüvvələri Cəbrayıl şəhərinin ətraf ərazilərini vurmağa başladılar və bunun da qarşısı alındı".
Burada əsas məqam ondan ibarət idi ki, 27 ildən sonra düşmən işğalından azad olunan Cəbrayıl vasitəsilə Xudafərin körpüsünə yolumuz açıldı. Eyni zamanda İranla həmsərhəd olan kəndlər, demək olar ki, ən strateji əhəmiyyətli ərazilər işğaldan azad olundu. Həmin əraziləri ermənilər vaxtilə narkotrafikə çevirmişdilər, burada qaçaqmalçılıqla məşğul olurdurlar, yəni bütün bunların qarşısı alındı. 
A.Nağıyev qeyd etdi ki, Cəbrayıldan sonra strateji əhəmiyyətli Hadrut qəsəbəsi və Xocavənd rayonunun cənub kəndləri istiqamətində əməliyyatların keçirilməsi üçün geniş imkanlar yarandı. "Yəni bir sözlə, bu, çox strateji əhəmiyyətli bir istiqamət idi. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdıqdan sonra - noyabrın 26-da  "Cəbrayılın azad olunmasına görə" medalı dərhal təsis edildi və döyüşlərdə iştirak etmiş 23 minə yaxın hərbçimiz bu medalla təltif olundu. Beləliklə, strateji əhəmiyyətli, eyni zamanda əməliyyatların davam etməsi üçün mühüm məntəqə hesab olunan Cəbrayılın Azərbaycan Ordusu tərəfindən azad edilməsi gələcək qələbəmiz üçün yeni imkanlar yaratdı", - deyə deputat əlavə etdi.

 

Şuşaya gedən qapıların açılması 

 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da bildirdi ki, Vətən müharibəsində Cəbrayılın azad edilməsinin çox böyük əhəmiyyəti olub: "Cəbrayılın azadlığının mənəvi-psixoloji dəyərini və əhəmiyyətini qeyd etməmək olmaz. Bizim şəxsi heyətə inam həmişə var idi. Cəbrayılın işğaldan azad olunması isə ruh yüksəkliyinə səbəb oldu. Strateji tərəfdən Cəbrayıl həmişə əhəmiyyətli rayon olub,  ərazisindən əhəmiyyətli yol şəbəkəsi keçib".
Bu yol şəbəkəsinin ordumuzun nəzarətinə keçməsi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşməndən təmizlənməsi prosesinə başlanıldı. Ekspertin fikrincə, qələbəyə gedən yolda Hadrut qəsəbəsinin də azadlığı çox mühüm əhəmiyyət kəsb edirdi. Elə buna görə idi ki, qəsəbə işğaldan azad olunandan sonra Ermənistanın baş naziri Nikol Paşinyan həmin xəbəri məxfi saxlayaraq cəmiyyətə məlumat verməmişdi. Səbəbi də o idi ki, erməni generalları ona Hadrutu azad edəcəklərini demişdilər. Bunun üçün böyük qüvvə ilə yenidən Cəbrayıl istiqamətində əks-hücum əməliyyatı keçirməyə cəhd etdilər. Ancaq bütün cəhdləri boşa çıxdı: "Onu da deyim ki, Cəbrayılın Cocuq Mərcanlı kəndi hələ Birinci Qarabağ savaşında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və mənim də hərbi hissə komandiri kimi iştirak etdiyim Horadiz əməliyyatı zamanı azad olunan ilk kənd idi. Aprel hadisələrindən sonra cənab Prezidentin, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanının səyi nəticəsində bu kəndə kiçik qayıdış artıq dillər əzbərinə çevrildi. Kəndə həyat qayıtdı. Prezidentin də dediyi kimi, kiçik qayıdışın davamı olaraq məhz bu istiqamət bizim üçün uğurlu oldu. Cəbrayıl bizə Zəngilana yol açdı və təbii ki, məhz Böyük qayıdış üçün böyük imkanlar haqqında təsəvvürlər yaratdı".
Ekspert qeyd etdi ki, Hadrut Şuşaya gedən qapılar adlandırılır və bu qapıların açılması məhz Cəbrayılın işğaldan azad edilməsindən keçirdi.  
Onu da deyək ki, Cəbrayıl ərazi baxımından ağır texnikanın və digər texniki vasitələrin istifadəsi baxımından bizim üçün uğurlu istiqamət sayılırdı. Düşmən düşünmürdü ki, Azərbaycan Ordusu məhz cənub istiqamətdə irəliləyəcək. Ona görə ki, onun müəyyən riski var idi. Ermənilər Birinci Qarabağ savaşındakı kimi arxadan yolu bağlayıb, daha doğrusu, kəsib və orada döyüşən qruplaşmamızı mühasirəyə alacaqlarını düşünürdülər.
Bu təhlükənin hər zaman olduğunu xatırladan ekspert qeyd etdi ki, ancaq Müzəffər Ali Baş Komandanın qəbul etdiyi qərarlar nəticəsində məhz bu təhlükə nəzərə alınaraq bütün lazımi tədbirlər görülüb, o istiqamətdə sürətlə irəliləyərək Cəbrayıl şəhəri işğaldan azad edilib: "Sonra digər istiqamətlərdə - istər Şuşa, istər Zəngilan,  istərsə də Füzuli şəhərlərinin azad edilməsi üçün məhz Cəbrayılın azad olunmasının xüsusi rolu və ərazi baxımından strateji əhəmiyyəti var idi. Cəbrayılın azad edilməsi ilə düşmən fiziki cəhətdən zərbə aldı,  eyni zamanda Azərbaycan Ordusunun nəyə malik olduğunu, daha doğrusu, yumruğunun gücünü ilk dəfə hiss etdi".

 

Zəfərin izi

 

Cəbrayılda da tarixin izini itirmək üçün bütün abidələr, müəssisələr, obyektlər vəhşicəsinə dağıdılıb. Bu şəhərimizdə də daşı daş üstündə qoymayıb erməni barbarları. İşğal dövrünə qədər rayon ərazisi tarix, mədəniyyət və memarlıq, mağara, qəbirüstü abidələrlə zəngin olub. 
Cəbrayıl şəhərində Ağoğlan nekropolu, Sirik kəndində Qala bürcü, Xələfli qəsəbəsində Qız qalası, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri, Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri, Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri, Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə, XVI və XIX əsrlərə aid məscidlər işğal illərində məhv edilib.
Bununla ermənilər azərbaycanlıların izlərini həmin torpaqlardan silməyə çalışıblar. Amma haqq, ədalət bir gün mütləq yerini tapır. İzlərini itirmək istədikləri  Zəfər izi salaraq öz torpaqlarına gəldilər. Bu iz isə illər, əsrlər keçəcək, silinməyəcək. Çünki bu izdə Xudayarların, Anarların, Ramiqlərin, Vüqarların, Zaurların qanı var. Bu dövlət, bu xalq var olduqca onlar da daim qəlblərdə yaşayacaq. Hər birinin şərəfli ömrü, gücü, qüdrəti ilə bağlı qəhrəmanlıq dastanları ağızdan-ağıza dolaşaraq tarixdə qalacaq. Tarix isə unudulmur. Heç kim Zəfər tariximizi yaddaşlardan silə bilməyəcək.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video