14 Avqust 2025 20:20
590
İQTİSADİYYAT
A- A+
BMT Baş katibinin müşaviri: Azərbaycanın bərpaolunan enerji potensialı strateji əhəmiyyət qazanır – MÜSAHİBƏ 

BMT Baş katibinin müşaviri: Azərbaycanın bərpaolunan enerji potensialı strateji əhəmiyyət qazanır – MÜSAHİBƏ 


AZƏRTAC amerikalı iqtisadçı, Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf üzrə professoru, Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru, BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin prezidenti, Kolumbiya Universitetinin Yer İnstitutunun (Earth Institute) keçmiş direktoru, BMT Baş Katibinin Dayanıqlı İnkişaf Hədəfləri üzrə xüsusi müşaviri Cefri Saks ilə müsahibəni təqdim edir.


— Cənubi Qafqazın, xüsusilə Azərbaycanın iqtisadi potensialını qlobal dayanıqlı inkişaf kontekstində necə qiymətləndirirsiniz?

— Cənubi Qafqazın, xüsusilə Azərbaycanın qlobal dayanıqlı inkişaf kontekstində iqtisadi potensialı əhəmiyyətlidir. Region uzunmüddətli iqtisadi artıma nail olmaq üçün üç əsas istiqamətə diqqət yetirməlidir: qabaqcıl bacarıqların və texniki təhsilin inkişafı, mineral ehtiyatlar, enerji resursları, kənd təsərrüfatı kimi təbii sərvətlərdən dayanıqlı şəkildə istifadə olunması, nəhayət Asiya, Avropa və Yaxın Şərqi birləşdirən strateji coğrafi mövqeyindən nəqliyyat, rəqəmsal xidmətlər, logistika və turizm kimi sahələrdə faydalanmaq. Bu potensialın tam reallaşdırılması üçün Cənubi Qafqazın üç dövləti bir-biri ilə sıx əməkdaşlıq etməlidir. Regional əməkdaşlığın gücləndirilməsi yalnız milli inkişaf məqsədlərinin gerçəkləşməsi üçün deyil, həm də regionun qlobal dayanıqlılıq hədəflərinə töhfəsini artırmağa xidmət edəcək.

— Sizin fikrinizcə, Azərbaycan enerji resurslarından dayanıqlı və şaxələndirilmiş inkişafı təmin etmək üçün hansı istiqamətdən daha səmərəli istifadə edə bilər?

— Azərbaycan Cənubi Qafqazın digər ölkələri ilə birlikdə 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olunmasına yönəlmiş kompleks strategiyanın hazırlanmasına çalışmalıdır. Bu strategiya üçün karbonun tutulması və saxlanması, hidroenergetika, günəş və külək enerjisi kimi əsas sahələrə diqqət yetirməlidir. Cənubi Qafqaz regionu sıfır emissiyalı enerji istehsalı baxımından böyük potensiala malikdir, lakin bu potensialın reallaşdırılması üçün ciddi sərmayələr və yaxşı əlaqələndirilmiş yanaşma tələb olunur. Belə bir strategiyanın yalnız milli səviyyədə deyil, məhz regional səviyyədə hazırlanıb həyata keçirilməsi vacibdir ki, bu da onun effektivliyini və təsirini maksimum dərəcədə artırar. Regional əməkdaşlıq vasitəsilə ölkələr texnologiyaları, bilikləri və infrastruktur imkanlarını birgə istifadə edə bilər. Bu isə dayanıqlı enerji gələcəyinə keçidi sürətləndirəcək.

— Beynəlxalq iqtisadi institutlar Cənubi Qafqazın dayanıqlı inkişafına dəstək göstərməkdə hansı rolu oynaya bilər?

— Cənubi Qafqazın qarşısında duran əsas məsələ Ukraynada baş verənlərə bənzər geosiyasi münaqişələrə cəlb olunmaq təhlükəsindən qaçmaqdır. Çünki belə münaqişələr region üçün fəlakətli nəticələrə səbəb ola bilər. Regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunması üçün Cənubi Qafqaz ölkələri neytrallıq siyasəti yürütməli, regional inteqrasiyanı gücləndirməyə çalışmalı və Rusiya, Türkiyə, İran və Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün əsas regional güclərlə yaxşı münasibətlər qurmalıdır. Avropa İttifaqı ilə müsbət münasibətlərin saxlanılması şübhəsiz faydalıdır, lakin Azərbaycanın və ya regionun digər ölkələrinin Avropa İttifaqına (Aİ-yə) üzv olmağa can atması məqsədəuyğun olmazdı. Belə bir addım regional və qlobal gərginliyin artmasına səbəb ola bilər və regionun Şərq–Qərb və Şimal–Cənub dəhlizləri kimi unikal mövqeyini zəiflədə bilər. Beynəlxalq iqtisadi institutlar infrastrukturların inkişafını dəstəkləyərək, maraqlı tərəflər arasında dialoqu təşviq edərək, həmçinin maliyyə və texniki yardım göstərərək konstruktiv rol oynaya bilər. Onların iştirakı rəqabəti deyil, əməkdaşlığı təşviq etməli, Cənubi Qafqazın mürəkkəb geosiyasi mühitdə sabit və firavan bir mərkəz olaraq qalmasına kömək etməlidir.

— Azərbaycanın Avropanın uzunmüddətli enerji təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz?

— Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə yaşıl enerji və yaşıl hidrogen ixracı vasitəsilə mütləq töhfə verə bilər. Aİ karbonsuzlaşdırma və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində səylərini artırdıqca, Azərbaycanın bərpaolunan enerji sahəsində potensialı strateji əhəmiyyət qazanır. Ölkənin günəş və külək resurslarına çıxışı, mövcud enerji infrastrukturu və ixrac dəhlizləri ilə birlikdə Avropanın təmiz enerjiyə artan tələbatını ödəməkdə əlverişli mövqe tutmasına imkan verir. Azərbaycan bərpaolunan enerji və hidrogen istehsalı sahəsində irimiqyaslı layihələrə investisiya qoymaqla etibarlı və davamlı enerji tərəfdaşı ola bilər.

Bundan əlavə, regional əməkdaşlıq və Avropa texniki standartlarına uyğunluq inteqrasiyanı gücləndirəcək və enerji ticarətində uzunmüddətli sabitliyi təmin edəcək.

— Azərbaycan, xüsusilə yeni logistika marşrutları kontekstində, Avropa ilə Asiya arasında əsas körpülərdən biri ola bilərmi? Mövcud geosiyasi vəziyyət fonunda Orta Dəhlizin əhəmiyyətini necə qiymətləndirirsiniz?

— Orta Dəhliz böyük potensiala malikdir və Cənubi Qafqazın iqtisadi gələcəyi üçün kritik əhəmiyyət daşıyır. Ermənistan, Azərbaycan və Gürcüstan bu strateji marşrutun bütün imkanlarını ortaya çıxarmaq üçün fəal və birlikdə çalışmalıdır. İnfrastrukturun gücləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və nəqliyyat siyasətinin əlaqələndirilməsi sayəsində bu üç ölkə Avrasiyanın əlaqəliliyini xeyli artıra bilər. Onlar yalnız Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və Avropa İttifaqının “Qlobal Qapılar” proqramı ilə deyil, həm də əsas regional güclər və Mərkəzi Asiyanın beş ölkəsi ilə əməkdaşlıq etməyə çalışmalıdır. Belə əməkdaşlıq Cənubi Qafqazın qlobal ticarət şəbəkələrində stabil və əsas zəncir kimi mövqeyini möhkəmləndirməyə imkan verəcək, xüsusilə də geosiyasi gərginliyin ənənəvi nəqliyyat marşrutlarını dəyişdirdiyi indiki şəraitdə. Orta Dəhlizin uğurlu inkişafı uzunmüddətli iqtisadi faydalar gətirəcək və regional sabitliyin güclənməsinə töhfə verəcək.

— Cənubi Qafqaz ölkələrinin iqlim dəyişikliyi və ekoloji davamlılıq sahəsində qarşılaşdıqları əsas çağırışlar hansılardır?

-Qlobal enerji keçidi əhəmiyyətli dərəcədə sürətləndirilməzsə iqlim dəyişikliyi Cənubi Qafqaz ölkələri üçün çox yüksək qiymətə başa gələcək. Region artıq su çatışmazlığı, məhsul itkisi, daşqınlar, quraqlıqlar, meşə yanğınları və sürüşmələr kimi ciddi ekoloji fəsadlarla üzləşir ki, bunların hamısı insan fəaliyyəti ilə əlaqədar iqlim dəyişikliklərinin nəticəsidir. Bu çağırışlar bölgədə ərzaq təhlükəsizliyi, ictimai sağlamlıq və iqtisadi sabitliyə ciddi təhdid yaradır. Buna cavab olaraq, Cənubi Qafqaza təcili uzunmüddətli perspektivdə iqlim dəyişikliyinə qarşı davamlılığı təmin edən güclü və yaxşı əlaqələndirilmiş adaptasiya strategiyası lazımdır. Bu strategiya su ehtiyatlarının davamlı idarə olunması, iqlimə uyğun aqrar sektor və erkən xəbərdarlıq sistemlərinə investisiyaları əhatə etməlidir ki, həssaslıq azaldılsın və yaşayış mənbələri qorunsun.

Qlobal iqtisadi inteqrasiya beş əsas strategiya üzərində qurulmalıdır.

Birincisi, Ermənistan, Azərbaycan və Gürcüstan arasında möhkəm regional inteqrasiyanın təmin olunması vacibdir, çünki bu, daha geniş əlaqəlilik və əməkdaşlığın əsasını təşkil edir. İkincisi, bütün qonşu ölkələrlə yaxşı münasibətlərin qorunması iqtisadi sabitlik və bazarlara, tranzit marşrutlarına açıq çıxış üçün həlledici əhəmiyyət daşıyır. Üçüncüsü, region XXI əsrin infrastrukturlarına — yüksəksürətli dəmir yolu şəbəkələri, yaşıl hidrogen və yaşıl enerji istehsalı, uzun məsafələrə elektrik ötürmə sistemləri, 5G rəqəmsal infrastrukturu, məlumat emalı mərkəzləri, dəqiq kənd təsərrüfatı və inkişaf etmiş su təhlükəsizliyi sistemləri — strateji investisiyaların cəlb edilməsinə və tətbiqinə fokuslanmalıdır. Dördüncüsü, yüksək təhsilli və ixtisaslı əhalinin inkişafı innovasiya, iqtisadi dayanıqlıq və qlobal rəqabət qabiliyyəti üçün kritik əhəmiyyətə malikdir. Beşincisi isə, regionda davamlı sülhün təmin olunması əsas şərtdir. Sülh olmadan digər strategiyaların heç biri tam effektiv və davamlı ola bilməz.

— Azərbaycanda “yaşıl iqtisadiyyat"ın inkişafı və bərpaolunan enerji mənbələrinə keçid potensialını necə qiymətləndirirsiniz?

— Azərbaycanda "yaşıl iqtisadiyyat"ın inkişafı və bərpaolunan enerji mənbələrinə sürətli keçid üçün çox yüksək potensial mövcuddur. Lakin qalıq yanacaqlara bağlı lobbinin təsiri hələ də güclüdür və bu, zəruri transformasiyaların qarşısında ciddi əngəl ola bilər. Qalıq yanacaqlardan asılılığın çox yüksək olması strateji səhv olardı, bunu ABŞ-ın Tramp administrasiyası dövründəki təcrübəsi də göstərdi. Azərbaycan günəş və külək enerjisi ilə yanaşı, yaşıl hidrogenə də investisiya qoymaqla təmiz enerji sahəsində regional lider mövqeyi qazana bilər. Yaşıl keçidin qəbul edilməsi uzunmüddətli iqtisadi riskləri azaldacaq, həmçinin beynəlxalq tərəfdaşlıq və dayanıqlı inkişaf imkanlarını açacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!