02 Noyabr 2023 09:10
15555
SİYASƏT
A- A+

Bir inamın tarixi 

 

Ümummilli Lider 2 noyabr 1993-cü ildə Azərbaycan xalqına müraciət etmişdir

 

Müstəqil Azərbaycan dövləti, möhkəm özülə söykənən dövlətçiliyimiz, dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə doğru aparan aydın, nurlu yol - bütün bu reallıqların hər birində Ulu Öndər Heydər Əliyevin imzası var. Bizlər hər addımda bu fenomen şəxsiyyətin nəcib əməllərinin gerçək nəticələri ilə qarşılaşır və Ümummilli Liderin öz xalqına, dövlətinə böyük sevgisinin şahidi oluruq. 
Tarixi hadisələrin ciddi təhlili zamanı görürük ki, ən mümkünsüz ideyalar məhz belə dahi insanlarda təcəssüm olur. Onlar ideyaların rəmzinə - nişanına çevrilirlər. Heydər Əliyev bütün ömrünü bu ideyaların gerçəkləşməsinə həsr etmişdir... Elə möhtəşəm tariximiz də belə şəxsiyyətlərin irəli sürdüyü ideyalardan güc alır. Onların gələcəklə bağlı arzu və amalları işığında formalaşır, bu insanların səfərbər-edici qüdrəti, qətiyyəti ilə həyata keçir.
Ötən əsrin 80-ci illərinin sonlarından Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində məruz qaldığımız münaqişə 30 ildən sonra parlaq Zəfərimizlə başa çatdı. Vətən müharibəsindəki ardıcıl qələbələrimiz işğalçı Ermənistanı faktiki kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qoydu. Azərbaycanın möhtəşəm qələbəsi, Qarabağdakı separatçı yuvasının dağıdılması ilə regionumuzda yeni tarix başlandı. Ali Baş Komandan İlham Əliyevin 2023-cü ilin 15 oktyabrında Xankəndidə ucaltdığı üçrəngli bayrağımızla xalqımızın ağrı-acıları ilə dolu səhifə birdəfəlik qapandı. Azərbaycan dövləti özünün ərazi bütövlüyünü təmin etdi. 
Bütün bunlar böyük bir tarixdir. Onun hər anı diqqətlə öyrənilməli, gələcək nəsillərə də ötürülməlidir. Azərbaycanın bu möhtəşəm əlamətdar günlərə necə gəlib çıxdığını aydın anlamaq üçün bu tarixi təxminən 30 il əvvəlin hadisə və prosesləri ilə bütöv halında götürmək lazım gəlir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda - ölkənin ağır böhranla, parçalanma təhlükəsi ilə üz-üzə qaldığı ağır günlərdə xalqın təkidli tələbini nəzərə alaraq hakimiyyət rəhbərliyinə qayıdışından sonrakı proseslər də bu tarixdə xüsusi yer tutur. 

 

Şəffaf siyasət

 

Ümummilli Lider həmin dövrdə Azərbaycanı qardaş qırğınından, vətəndaş müharibəsi təhlükəsindən qorumuş, ölkədə vəziyyətin nizama salınmasına doğru ilkin addımlarını atmağa başlamışdı. Təcrübəli dövlət adamının ən böyük uğurlarından biri  heç nəyi xalqdan gizli saxlamaması, mövcud vəziyyət haqqında ictimaiyyətlə açıq kommunikasiyaya keçməsi, mütəmadi şəkildə televiziya, radio efirindən xalqa müraciət edərək mövcud duruma aydınlıq gətirməsində idi. Bu şəffaf siyasət, dürüstlük, dövlət rəhbərliyinin vətəndaşlarla səmimi və açıq dildə danışması cəmiyyətdə böyük rəğbətlə qarşılanır, xalq proseslərin hansı mərhələdə olduğundan, vəziyyətin nizama salınması üçün hansı addımların atılmasından xəbər alır və bütün bunlar Heydər Əliyevə ümumxalq dəstəyini daha da gücləndirirdi. Ümummilli Liderin Azərbaycan xalqına 2 noyabr 1993-cü il tarixli müraciəti bu baxımdan mühüm tarixi əhəmiyyət kəsb edirdi. 
Ulu Öndərin 2 noyabr 1993-cü il tarixli müraciəti ilk növbədə, mövcud vəziyyətə ümumi baxış, qiymətləndirmənin aparılması və proseslərin gələcək axarı ilə bağlı insanların məlumatlandırılması niyyəti daşıyırdı.
Heydər Əliyevdən əvvəl hakimiyyət rəhbərliyində olan təsadüfi şəxslərin ciddi yanlışlıqları ucbatından o zaman cəbhə bölgəsində vəziyyət xüsusilə kritik idi. Ən pisi də o idi ki, Qarabağ məsələsi Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan bir çox qrupların əlində siyasi alətə çevrilmişdi. O dövrdəki mövcud siyasi qruplaşmaların çoxu əslində elə Qarabağ münaqişəsi zəminində meydana gəlmişdi və mütəmadi şəkildə bu mövzudan istifadə edərək öz hakimiyyət iddialarını gerçəkləşdirməyə çalışırdılar. Müstəqillik yollarında ilk kövrək addımlarını atan Azərbaycan dövlətinin gələcək aqibəti, xalqın ağır vəziyyəti belələrinin marağında deyildi. 
Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışından sonra da bu vəziyyətdən sui-istifadə cəhdləri yenə aktuallığını qoruyurdu. AXC-Müsavat cütlüyünün hakimiyyəti iflasa  uğrasa da, ayrı-ayrı siyasi qüvvələr yaranmış fürsətdən öz məqsədləri, siyasi avantüraları, hikkələri üçün istifadə etməyə çalışır, Heydər Əliyevin Azərbaycanın xilası üçün yürütdüyü siyasətə, gördüyü işlərə qara yaxır, ləkə salmaq istəyir, eyni zamanda aramsız manipulyasiya cəhdləri edirdilər. Bütün bunlar isə daha çox ermənilərin əlinə fürsət verirdi. 

 

Ordu quruculuğu zərurəti

 

1993-cü ilin yayında Azərbaycanın ağır vəziyyətindən istifadə edən Ermənistan 5 rayonumuzu bir-birinin ardınca işğal etdi. Son olaraq 1993-cü ilin 29 oktyabrında Zəngilan rayonu işğal olundu, insanlar həyatlarını itirdi, on minlərlə vətəndaşımız yurdlarından didərgin düşərək qaçqına çevrildi. Onların çox hissəsi başqa yol olmadığına görə Araz çayı vasitəsilə İran ərazisinə keçdi və oradan çox çətinliklə respublikamızın digər rayonlarına gəlib çıxa, müvəqqəti sığınacaqlarda məskunlaşa bildi.
Heydər Əliyev müraciətində, ilk növbədə, vəziyyətin ağırlığını xalqla bölüşür, müharibə dövrünün faciəvi statistikasına diqqət yönəldirdi. Qeyd edək ki, Ulu Öndərin 2 noyabr tarixli müraciətinə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 16 min vətəndaşımız şəhid olmuş, 22 minə qədər adam yaralanmış, qaçqın və məcburi köçkünlərin sayı 1 milyon nəfəri keçmişdir. Ermənilər işğal etdikləri abad yurd yerlərimizi viran qoymuşdular. Əlbəttə, Ermənistan Azərbaycan torpaqlarını bizim həqiqi müstəqillik əzmimizi hiddətlə qarşılayan, ölkə rəhbərliyində öz emissarlarının olmasını istəyən havadarlarının əli ilə tutmuşdu. Amma bütün hallarda vəziyyətin bu qədər dramatik şəkil almasında ordu amilinin çox böyük rolu vardı: müstəqilliyini yenicə qazanmış Azərbaycanda ordunun formalaşmasında iştirak edən hərbi hissələr müxtəlif siyasi qrupların təsiri altında idilər. Bu isə cəbhə xəttində müdafiə potensialını zəiflədir, Azərbaycan silahlı birləşmələrinin bəzən döyüşmədən mövqelərindən geri çəkilməsinə səbəb olurdu.    
Heydər Əliyev 2 noyabr 1993-cü il tarixli müraciəti zamanı problemin belə miqyas almasında ordu amilinin rolunu xüsusi vurğulamış, müstəqillik illərində ordu quruculuğu istiqamətində lazımi nəticələr ortaya qoya bilməyən əlaqədar hakimiyyət orqanlarının səmərəsiz fəaliyyəti barədə danışmış, eyni zamanda bütün ictimaiyyəti silahlı qüvvələrin gücləndirilməsinə yardım etməyə çağırmışdı. 
Ümummilli Lider müraciətində qeyd edirdi ki, uğursuzluqlar, məğlubiyyətlər beş ildən artıq müddətdə Azərbaycanda gedən proseslərin məntiqi nəticəsidir. Təəssüf ki, bu müddətdə Azərbaycan Respublikasını idarə edən şəxslər, müvafiq orqanlar dövlətimizi qorumaq, onun ərazi bütövlüyünü təmin etmək üçün lazımi tədbirlər görməmişlər. Nəticədə təcavüzkar qüvvələr sürətlə irəliləmiş, respublikamızın mövqeləri itirilmiş və bütün bunlar indi bizi bu faciəli vəziyyətə gətirib çıxarmışdır. Heydər Əliyev vurğulayırdı ki, müstəqillik əldə etdikdən sonrakı iki il müddətində Azərbaycan dövləti öz müdafiə qüvvələrini, ordusunu yaratmalı idi. Bundan ötrü imkanlar vardı. Lakin mövcud fürsətlər əldən verilmiş, ölkənin müdafiə imkanları get-gedə möhkəmlənmək əvəzinə daha da zəifləmişdir: "Ayrı-ayrı dəstələr, qruplar, yaxud batalyonlar tərəfindən aparılan ayrı-ayrı döyüşlərin hamısı pərakəndə şəkildə olmuş, müxtəlif qüvvələrə, məqsədlərə xidmət etmiş, böyük bir hərbi strategiya, müdafiə strategiyası əsasında, hərbi nizam-intizam əsasında görülən tədbirlər olmamışdır. Belə hallar bəzən Azərbaycan ictimaiyyəti arasında cürbəcür əsassız təbliğatların yayılmasına gətirib çıxarmışdır. Əslində isə Azərbaycanın müdafiə qüvvələri, dediyim kimi, günbəgün, aybaay zəifləmişdir".

 

Qəti mövqe

 

Həmin çıxışında Ümummilli Lider nizami ordunun qurulmasının vacibliyini qeyd edir, ordu quruculuğu ilə yanaşı, münaqişənin sülh yolu ilə həlli istiqamətində cəhdlərin davam etdiriləcəyini də bildirirdi. Böyük rəhbər Heydər Əliyev dünyanın bütün müdrik dövlət adamları kimi ruhən sülhpərvər insan idi. Ulu Öndər heç bir tərəfdən qan tökülməsini, itkilərin olmasını istəmirdi. Məsələnin sülh yolu ilə nizama salınması, Ermənistanın beynəlxalq hüquq normalarına, ölkələrin ərazi bütövlüyü prinsipinə əməl edərək torpaqlarımızdan çıxması üçün bütün vasitələrdən istifadə etməyə çalışırdı. BMT-nin, indiki ATƏT-in, ABŞ, Rusiya, Türkiyə kimi dövlətlərin təşəbbüsləri, imkanları ilə münaqişənin yoluna qoyulmasına ardıcıl cəhdlər göstərirdi. Eyni zamanda Ermənistan rəhbərliyi ilə danışıqları davam etdirirdi. İstifadə edilən vasitə və imkanlar, sınanan yollar hər nə qədər müxtəlif və çoxşaxəli olsa da, Ümummilli Liderin mövqeyi, hədəfi dəyişməz idi. Respublikanın rəhbəri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxması məsələsini bütün danışıqlarda, görüşlərdə qəti surətdə qoyurdu. Eyni zamanda istisna etmirdi ki, əgər danışıqlar bir nəticə verməzsə, Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir.
Ulu Öndər Azərbaycanın etibarlı müdafiə potensialının formalaşdırılmasının son dərəcə vacibliyini qeyd edərək bildirirdi ki, biz işğalçılıq, qəsbkarlıq siyasəti yeritmirik. Biz sadəcə olaraq torpaqlarımızı özümüzə qaytarmalıyıq, işğal edilmiş ərazilərimizi geri almalıyıq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməliyik. Bu, haqq işidir və bu yolda bütün imkanlardan istifadə edilməlidir. 

 

Milli birlik zamanı

 

Ümummilli Lider xalqımızda belə bir potensialı görürdü. Bəzi rayonlarımızın döyüşsüz düşmənə təslim edilməsinin, bəzi yaşayış məntəqələrimizi qorumaq üçün lazımi qədər müqavimət göstərilməməsinin günahını isə sadə vətəndaşlarda deyil, o dövrün naşı rəhbərlərində, içimizdəki xəyanətkarlarda görür və onlara qarşı barışmaz mövqe tuturdu: "Bəli, Azərbaycan xalqı qəhrəman xalqdır. Onun tarixində igidlik ənənələri həmişə güclü olmuşdur. Xalqımız öz qəhrəmanları ilə daim fəxr etmişdir. Azərbaycan xalqının qüdrəti bu gün də itməmişdir. Ancaq qeyd etdiyim kimi, son illərdə gedən mənfi proseslər insanların bir çoxunun mənəviyyatını pozmuş, onların bəzilərində vətənpərvərlik hissini tamamilə kütləşdirmişdir. Vətəni qorumaq, torpağa bağlı olmaq hissini, "ölsəm də, öz torpağımda şəhid olum" hissini çoxları itirmişdir. Bu, onların günahı deyil, onlara rəhbərlik edən adamların təqsiridir".
Sözügedən müraciətində Heydər Əliyev böyük təəssüf hissi ilə ordu birləşmələrimizdəki neqativ hallar haqqında da danışır, bir neçə il ərzində yığılmış nöqsan və çatışmazlıqların, ayrı-ayrı yerlərdə mənəviyyat pozğunluğuna, cinayətkarlığın artmasına, cinayətkar ünsürlərin üstün mövqe tutmasına, bütün bunların isə qəhrəman, mərd, mətanətli, cəsarətli Azərbaycan xalqının belə ağır, çətin vəziyyətə düşməsinə gətirib çıxardığını qeyd edirdi. 
Ümummilli Lider yaranmış vəziyyətdən çıxmaq üçün xalqı milli birliyə, eyni məqsədlərə xidmət göstərməyə çağırırdı: "Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları var. Lakin bundan ötrü gərək xalq bir məqsədə xidmət etsin. Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaş üçün, hər bir azərbaycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır. Qalan hisslər, duyğular, qalan cəhdlər hamısı bir kənara qoyulmalıdır". Bu böyük dövlət adamının müraciəti, səsləndirdiyi fikirlər həmin dövrdə hakimiyyət iddiasından əl çəkməyənlərə, yaranmış gərgin vəziyyəti fürsət bilib daha da ağırlaşdıranlara, su bulandıranlara da ibrət dərsi idi.    
Ulu Öndər ölkəmizin müdafiə qüvvələrini möhkəmləndirmək üçün Azərbaycanda bütün mənəvi-psixoloji vəziyyətin dəyişməli olduğunu vurğulayır, bildirirdi ki, mövcud əhvali-ruhiyyə ilə Azərbaycanın bütövlüyünü təmin etmək mümkün olmayacaqdır: "Bir tərəfdə torpaqlarımız əldən gedib, yüz minlərlə adam qaçqın düşüb, ağır vəziyyətdə, yersiz-yurdsuz, çadırlarda (bəzən bunlar da çatışmır) yaşayır, o biri tərəfdə isə Azərbaycan torpağında yaşayan, onun çörəyini yeyib suyunu içən, havası ilə nəfəs alan, sərvətlərindən istifadə edən adamlar eyş-işrət içərisindədirlər. Hələlik onlarda Azərbaycanı qorumaq, müdafiə etmək əhvali-ruhiyyəsi yoxdur. Şübhəsiz ki, belə vəziyyətdə biz bu uğursuzluqların təbii olduğunu qeyd etməliyik. Ona görə də gərək bütün qüvvələrimizi toplayaq".

 

Dönüş anı

 

Bu müraciətdən sonra, Azərbaycan ordusunun hazırlığı və imkanları çox qısa müddət ərzində gücləndirildi. 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində böyük dəyişikliklər yaşandı. Bu dövrdə Azərbaycan Silahlı Qüvvələri, Ermənistan hərbi birləşmələrinə qarşı uğurlu hücum əməliyyatları ilə işğal olunmuş bəzi rayonların ərazilərinin bir hissəsini geri aldı. Bu uğurlu əməliyyatlardan sonra Ermənistan ordusu Azərbaycan ərazilərinə qarşı yeni işğal planlarını dayandırmaq məcburiyyətində qaldı. 1994-cü ilin 14 mayında atəşkəs elan edildi. Atəşkəsdən sonra Azərbaycanda ordu quruculuğu geniş vüsət aldı. Azad bazar iqtisadiyyatı yolunda mühüm nailiyyətlər qazanan, demokratik, hüquqi dövlət quruculuğu proseslərini uğurla həyata keçirən, milli birliyi gücləndirən Azərbaycan müstəqil dövlətçiliyinin əsaslarını da, müdafiə potensialını da möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik dərsləri işığında yetişən vətənpərvər nəsil illərlə aparılan məqsədyönlü hazırlıqla Qarabağın, Şərqi Zəngəzurun azadlığına nail oldu, erməni vandallarının tar-mar etdikləri yurdlarımızın yenidən qurulmasına başlandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixinin ən qüdrətli çağlarına yetişmiş dövlətimizin tarixi nailiyyətləri Ümummilli Lider Heydər Əliyevin bu Vətənin gələcəyi haqqında 30 il əvvəl dilə gətirdiyi ümidlərin, xalqımızın sarsılmaz milli ruhuna, qəhrəmanlıq və qurub-yaratmaq əzminə inamının təntənəsidir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video