05 Mart 2026 23:51
179
SİYASƏT
A- A+
Beynəlxalq ictimaiyyət İranın Azərbaycana dron hücumunu pisləyib

Beynəlxalq ictimaiyyət İranın Azərbaycana dron hücumunu pisləyib

Beynəlxalq ictimaiyyət İran İslam Respublikasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumunu pisləyib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmiləri İranın hücumunu qəti şəkildə qınayıb, Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana edilən pilotsuz təyyarə hücumunu pisləyib. Ankarada sənətkarlar və sahibkarlarla keçirilən iftar məclisində o, Azərbaycan dövlətinin başçısı ilə telefon söhbətindən danışıb.

“Qardaşım İlham Əliyevlə söhbətimdə Naxçıvan Muxtar Respublikasına edilən hücumdan təəssüfləndiyimi bildirdim və onu pislədim”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Dövlət başçısı, həmçinin ötən gün Türkiyənin cənub sərhədi yaxınlığında İran raketinin vurulmasını da xatırladıb. “Biz İran tərəfinin diqqətini Türkiyə ilə dostluğun əhəmiyyətinə çəkdik və mehriban qonşuluq münasibətlərinə xələl gətirəcək səhvlərə yol verməməyə çağırdıq”, - deyə o qeyd edib.

Türkiyə liderinin sözlərinə görə, Ankara bölgədə qan tökülməsinin və eskalasiyanın dönməz hala gəlməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. “Əminəm ki, Türkiyə bu regional turbulentlik zolağından uğurla çıxacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün “X” sosial media hesabında yazıb ki, iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir. “Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, - deyə səfir bildirib.

Qətər Dövləti Azərbaycan Respublikasında hava limanının İran pilotsuz uçuş aparatları ilə vurulmasını qətiyyətlə pisləyib. Qətər Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib ki, Türkiyənin ballistik raketlə və Azərbaycanda isə hava limanının İran PUA-ları ilə hədəf alınması düşmənçilik hərəkətləridir. Bəyanatda bu hərəkətlər təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilib, həmçinin regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid hesab edilib. Nazirlik, həmçinin Qətər Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Litvanın xarici işlər naziri Kestutis Budris İranın Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı həyata keçirdiyi pilotsuz uçuş aparatları ilə hücumu qəti şəkildə pislədiklərini bildirib. XİN başçısı ölkəsinin Azərbaycanla həmrəy olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanı Krallığı da İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almağa cəhd etməsini qətiyyətlə pisləyib və bunu kəskin şəkildə qınayıb. Səudiyyə Ərəbistanı XİN bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul olunmuş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb. Nazirlik bəyanatında vurğulayıb ki, hər iki ölkəyə qarşı edilən bu qorxaq cəhdlər heç bir halda əsaslandırıla bilməyən düşmənçilik mövqeyini göstərir. Həmçinin bildirilib ki, İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir. Bəyanatda, həmçinin qeyd olunur ki, Krallıq hökuməti və xalqı Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bir daha bildirib, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu dəstəklədiyini bir daha vurğulayıb. Həmçinin regionda eskalasiyanın qarşısını almaq və təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərilən səylər yüksək qiymətləndirilib.

Moldova Naxçıvan Muxtar Respublikasının mülki obyektlərini hədəf alan və iki mülki şəxsin yaralanması ilə nəticələnən hücumları qətiyyətlə pisləyib. Ölkənin xarici işlər və inteqrasiya naziri Mixail Popşoy teleqram kanalında daha sonra yazıb: “Moldova Azərbaycanla həmrəydir və onun suverenliyinə, ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir”.

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikasına həyata keçirilən pilotsuz uçuş aparatı hücumlarını kəskin şəkildə qınayıb. Nazirlik bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin genişlənməsi riskini artıran hücumlara ən qısa zamanda son verilməsinin zəruriliyini bir daha qeyd edib. XİN Türkiyənin hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyini vurğulayıb.

Küveyt Dövləti də İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almasını qətiyyətlə pisləyib və bunu sərt şəkildə qınayıb. Küveyt XİN bu cür cəhdləri beynəlxalq qanunların və BMT nizamnaməsinin açıq şəkildə pozulması hesab edir. Nazirlik, həmçinin Küveyt Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında bir neçə vətəndaşın xəsarət alması ilə nəticələnən pilotsuz təyyarə hücumunu pisləyən bəyanat yayıb. Gürcüstan XİN vurğulayıb ki, beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən hərəkət qəbuledilməzdir.

“Gürcüstan möhkəm dostluq və strateji tərəfdaşlığını nəzərə alaraq bu çətin vəziyyətdə qardaş Azərbaycanla həmrəyliyini ifadə edir", - deyə bəyanatda bildirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Naxçıvan şəhərindəki hava limanına İranın pilotsuz uçuş aparatlarının hücumunu qətiyyətlə pisləyib. Dövlət başçısı baş verənləri qardaş və müttəfiq Azərbaycan dövlətinə qarşı akt kimi qiymətləndirib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İranın Yaxın Şərq və Avropa ölkələrinə hücumlarından sonra Azərbaycana qarşı hücumunu pisləyib. Nazirin fikrincə, bu ölkənin Azərbaycana hücumu bir daha göstərir ki, İran regional deyil, qlobal təhlükədir.

Fransa da İranın Azərbaycana dron hücumunu pisləyən ölkələrdəndir. Xarici İşlər Nazirliyinin portalında dərc olunan bəyanatda rəsmi Paris baş vermiş hücumu ən sərt şəkildə pislədiyini bəyan edib və hücum zamanı yaralanan şəxslərin tezliklə sağalmasını arzulayıb.

Fransa, eyni zamanda, bu hadisə qarşısında Azərbaycanla tam həmrəy olduğunu vurğulayıb. Bəyanatda qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanına qarşı həyata keçirilmiş dron hücumu Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Fransa tərəfi hücumu əsassız və qəbuledilməz addım kimi qiymətləndirərək, regionda sabitliyin qorunmasının və beynəlxalq hüquqa hörmətin vacibliyini bir daha vurğulayıb.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut da İranın Naxçıvana dron hücumunu pisləyib.

Səfir “X” sosial media hesabında yazıb: “İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də təəssüf ki, yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Daimi Katibliyi Azərbaycana qarşı hücumla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycanın üzv dövlət kimi üzləşdiyi hadisələrlə bağlı dərin narahatlıq bildirilib, Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəylik ifadə edilib. Təşkilat baş verən hadisələrdən zərər çəkən insanlara səmimi dəstəyini verərək vurğulayıb ki, bütün hallarda mülki əhalinin və həyati əhəmiyyətli xidmətlərin qorunması əsas prioritet olaraq qalmalıdır. Bildirilib ki, heç bir mülki şəxs qeyri-sabitlik və zorakılığın qurbanına çevrilməməlidir.

Baş nazir Məhəmməd Şahbaz Şərif özünün X sosial media hesabında yazıb ki, Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan gərginliyi daha da artıran, regional sülh və sabitliyə xələl gətirən hərəkətləri pisləyir. “Qardaş ölkə Azərbaycana olan son hücumlarla bağlı ciddi narahatlığımızı bildiririk. Regionda sülhün və sabitliyin qorunması üçün gərginliyin azaldılmasına çağırır, dialoq və diplomatiyanın davam etdirilməsinin zəruriliyini təkrar edirik”, - deyə paylaşımda qeyd olunub.

Albaniyanın Baş naziri Edi Rama Azərbaycanın Naxçıvan bölgəsində mülki infrastruktura qarşı İran tərəfindən həyata keçirilən hücumu qəti şəkildə pisləyib. Baş nazir özünün “X” sosial media hesabında Azərbaycan ərazisinə edilən hücumu, mülki infrastrukturun hədəfə almasını və nəticədə insanların yaralanmasını İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz aqressiya aktı adlandırıb.

Paylaşımında Azərbaycanı Albaniya üçün dəyərli dost və müttəfiq hesab edən Baş nazirin sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan inkişafı, rifahı və açıq əməkdaşlıq siyasəti ilə beynəlxalq arenada böyük hörmət qazanıb.

“Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfə alınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə və təhdidlərdən uzaq həyata layiqdir. Tehrandakı rejimin mülki əhalini qorxutmaq və regionda sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənməli və bu rejimin beynəlxalq səviyyədə daha da təcrid edilməsinə səbəb olmalıdır”, - deyə Edi Rama vurğulayıb.

Baş nazir əlavə edib ki, sabitliyə, beynəlxalq hüquqa və sülh şəraitində birgə yaşayışa inanan dövlətlər bu cür zorakılıq ixrac edən rejimdən açıq şəkildə uzaqlaşmalı və onu terrorçu dövlət kimi qiymətləndirməlidirlər. Edi Rama, həmçinin Albaniyanın Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəy olduğunu vurğulayıb.

Monteneqro İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinə hücumu qətiyyətlə pisləyib. Monteneqro Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, bu cür hərəkətlər regional təhlükəsizliyə və sabitliyə ciddi təhdid yaradır. “Gərginliyi azaltmaq və dialoqa qayıtmaq üçün təcili ehtiyac olduğunu vurğulayırıq. Monteneqro Azərbaycan xalqı ilə həmrəydir və dərhal gərginliyin azaldılmasına çağırır”, - deyə açıqlamada vurğulanıb.

İspaniya hökuməti də İranın Türkiyəyə və Azərbaycana qarşı son hücumlarını kəskin şəkildə pisləyib. Xarici İşlər Nazirliyinin X səhifəsində qeyd olunub ki, İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa tamamilə ziddir. Ölkələrin suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması eskalasiya riskini artırır.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli İranın Azərbaycan Respublikası ərazisində Naxçıvan hava limanına qarşı dron hücumunu ən sərt şəkildə pisləyib. Hücum nəticəsində iki nəfərin yaralandığını və mülki infrastruktura ziyan dəydiyini qeyd edən İtaliya rəsmisi deyib: “Bu çox ciddi hadisəyə görə Azərbaycan Hökuməti və xalqı ilə tam həmrəy olduğumu bildirirəm. Mülki infrastrukturu hədəfə almaq qəbuledilməzdir, məsuliyyətsiz və cinayətkar bir hərəkətdir. Bu, İranın son günlərdə Körfəzdə və regionda həyata keçirdiyi terror hücumları seriyasına əlavə olaraq, beynəlxalq hüququn hər bir qaydasına məhəl qoymadan infrastruktura və mülki əhaliyə qarşı qəsdən raket və dronlar atmasıdır”.

Misirin xarici işlər naziri Bədr Əbdülati Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla baş tutan telefon danışığında ölkəsinin Azərbaycana, Türkiyəyə və ərəb ölkələrinə hücumları qəbuledilməz hesab etdiyini bildirib, bu halların qınanılmalı olduğunu vurğulayıb. Nazir, həmçinin zorakılıq dalğasının davam etməsinin və münaqişənin daha da genişlənməsinin regional və beynəlxalq sülh və sabitliyi təhdid edə biləcək fəlakətli və təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa’ar, Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vuraraq hücumlardan dərin narahatlıq ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli və “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında” 2023-cü il 14 sentyabr tarixli 327 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:49
06 Mart

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin olunması üçün Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub  

23:59
05 Mart

Beynəlxalq ictimaiyyət İranın Azərbaycana dron hücumunu pisləyib

23:51
05 Mart

Ombudsmanın: Naxçıvana edilmiş dron hücumları qonşuluq prinsiplərinə ziddir  

23:45
05 Mart

Qazaxıstan mediası: Prezident İlham Əliyev İrandan izahat və üzr istəməyi tələb edib  

23:23
05 Mart

Rəcəb Tayyib Ərdoğan Naxçıvana hücuma münasibət bildirib və İranı mehriban qonşuluğa çağırıb  

23:13
05 Mart

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir  

23:11
05 Mart

Fransa Naxçıvan Beynəlxalq Hava Limanına İranın dron hücumunu qətiyyətlə pisləyir  

23:10
05 Mart

Bolqarıstan mediası Prezident İlham Əliyevin İranın hücumları ilə bağlı çıxışından yazıb  

23:02
05 Mart

Misir Azərbaycana, Türkiyəyə və ərəb ölkələrinə hücumları qəbuledilməz hesab edir  

23:01
05 Mart

Rumıniya mətbuatı Prezident İlham Əliyevin İranın hücumu ilə bağlı çıxışından yazıb  

22:53
05 Mart

Naxçıvan Beynəlxalq Hava Limanında xəsarət alanlardan 3-ü evə buraxılıb  

22:51
05 Mart

Yunanıstan mediası Naxçıvana dron hücumu ilə bağlı Prezident İlham Əliyevin açıqlamalarını geniş yayıb  

22:49
05 Mart

Şahbaz Şərif Pakistanın Azərbaycanla həmrəyliyini ifadə edib  

22:43
05 Mart

Albaniyanın Baş naziri: Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəyik

22:41
05 Mart

Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb  

22:32
05 Mart

Monteneqro XİN: Azərbaycan xalqı ilə həmrəyik

22:28
05 Mart

İordaniya XİN Azərbaycanın İran tərəfindən hədəf alınmasını kəskin şəkildə qınayıb  

22:13
05 Mart

İspaniya XİN: İranın mülki şəxsləri hədəf alan hücumları beynəlxalq hüquqa ziddir  

22:02
05 Mart

ABŞ mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərə geniş yer verib  

21:52
05 Mart

İtaliya rəsmisindən Naxçıvana dron hücumuna sərt reaksiya  

21:49
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!