15 Yanvar 2026 09:10
640
Mədəniyyət
A- A+
Bakının memarlıq abidələrində izi qalan polşalı memar 

Bakının memarlıq abidələrində izi qalan polşalı memar 


Şəninə  şeirlər yazılmış, nəğmələr bəstələnmiş, filmlər çəkilmiş, kitablar həsr edilmiş qədim Bakının çox da uzaq olmayan tarixi və taleyi ilə maraqlandıqca, küçə və prospektlərini gəzdikcə, düşünürsən ki, bu gözəl şəhəri memarlıq abidəsi hesab edilən binalarsız təsəvvür etmək mümkün deyil. Nadir arxitektura incilərini özündə ehtiva edən tikililərlə "ünsiyyət yaratdıqca" istər-istəməz onların müəllifləri olan memarları da hörmətlə xatırlayırsan. Araşdırmalardan məlum olur ki, belə memarlardan biri də Bakı var olduqca adı və xatirəsi ehtiramla anılacaq polşaəsilli İosif Qoslavskidir. 

İosif Qoslavski 1865-ci ildə Varşava Qubernatorluğunda zadəgan ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra İmperator Rəssamlıq Akademiyasına daxil olub. Təhsil aldığı müddətdə böyük istedad və çalışqanlığı ilə yanaşı, qarşısına qoyduğu məqsədə çatmaq bacarığını da nümayiş etdirib.  O, 1890-cı ilin mayında 10-cu dərəcəli vəzifəli şəxs səlahiyyətləri ilə dövlət mühəndisi olaraq akademiyanı bitirib. Sonra akademik R.R.Marfeldin təqdimatı əsasında 1891-ci ildə çar onu əhali arasında "qızıl kilsə" deyilən Aleksandr Nevski kilsəsinin tikintisi üçün Bakıya göndərib. Gənc Qoslavskinin vəzifəsi Marfeldin eskizləri əsasında işçi çertyojları çəkmək, bütün materialları sadalamaq və xərclər smetasını hazırlamaq olub. Onun gəlişi ilə 1888-ci ildə çar III Aleksandr tərəfindən təməli qoyulmuş kilsənin tikintisində ləngimələr ardan qaldırılıb. Bu əzmkarlıq  gənc memara  köməkçidən çox tikintinin ikinci müəllifi hörmətini qazandırıb. 1898-ci ildə tikintisi başa çatan kilsə dindarların ixtiyarına verilib. İllərlə dini ayinlərin icra olunduğu, pravoslav etiqadlı insanların ehtiramla üz tutduqları bu tarixi memarlıq nümunəsi 1936-cı ildə işğalçı bolşeviklər tərəfindən tamamilə dağıdılıb yox edilmişdir.

İşə başladığı ilk gündən əzmkarlığı və qabiliyyəti ilə seçilən, rəhbərliyin böyük etimadını qazanan İosif Qoslavski 1892-ci ildə 27 yaşında Bakının baş memarı vəzifəsinə irəli çəkilir. Bundan sonra şəhərin siması tamamilə dəyişməyə başlayır... 

12 il bu vəzifədə çalışan İ.Qoslavski paytaxt Bakıda bu gün də mövcud olan bir çox gözəl tikililərin qurucu-müəllifidir. O, Bakının ən mühüm ictimai binalarının gözəgəlimli layihələndirilməsində əlindən gələni edib. İstedadlı və yenilikçi  olmasına görə  milyonçular arsında ona ilk sifariş  verən neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olmuşdur.  O, 1893-cü ildə şəhərin mərkəzi küçələrində 3  ikimərtəbəli yaşayış binasının, H.Z.Tağıyevin sarayının və Mərdəkandakı bağının layihələrini hazırlamışdır. 1894-cü ildə 2 üçmərtəbəli  yaşayış binası ilə yanaşı, Tağıyevin bağçılıq məktəbini təhvil vermişdir. 1895-ci ildə 5, 1896-1899-cu illərdə isə 10 layihəyə imza atmışdır. Qoslavskinin layihələri əsasında Z.Tağıyevin tikdirdiyi Müsəlman Qızlar Məktəbinin binası (indi Əlyazmalar İnstitutu), Tağıyev Sarayı (indi Azərbaycan Tarixi Muzeyi), Bakı şəhər Dumasının (indiki Bakı Şəhər İcra Hakimiyyəti) binası və bir çox başqa tikililər bu gün də möhtəşəmliyi ilə göz oxşayır. Şəhərimizdə turist gəzintisində olan əcnəbilər, eləcə də ölkəmizin bölgələrindən Bakıya yolu düşənlər bu tikililərə tamaşa etməkdən, onların qarşısında şəkil çəkdirməkdən məmnun olurlar.  

Klassik zövq Qoslavski yaradıcılığının ana xəttini təşkil edirdi. Özünün bütün işlərində Qoslavski estetik imkanlarını göstərməyə çalışırdı.  Bu zaman memar onun qanunauyğunluqlarını özü bildiyi kimi, yerli şəraitin milli memarlıq abidələrinin tələblərini nəzərə alaraq dəyişirdi. Nəticədə Avropa və Şərq memarlığının təkrarsız sintezinin alınmasına nail olurdu.

Gördüyü dəyərli işlərə görə onu dövrü mətbuatda italiyalı heykəltaraş və memar Karlo Bartolomeo Rastrelli adlandırmışlar. Tədqiqatçıların fikrincə, o illərdə tarixinin ən böyük tikinti bumunun yaşandığı şəhərdə memarlıq nizamından söz düşəndə yalnız Qoslavski dövründən danışmaq olar. Arxiv materiallarından məlum olur ki, Sankt-Peterburq İmperator Memarlar Cəmiyyətinin orqanının "Zodczij" ("İnşaatçı") saylarından birində "Qoslavski tikintiyə elə bədii elementlər gətirir ki, hər bir yeni tikinti onu daha böyük planların həyata keçirilməsinə yönəldir".

Başqa bir müəllif isə yazır: "Qoslavski o vaxtdan böyük layihələr və tikintilərlə yaddaqalan Bakıda memarlığı canlandırdı".

İosif Qoslavski vəzifəsindən istifadə edərək Bakının memarlığı, xüsusən də burada istifadə olunan daş çeşidləri ilə yaxından tanış olub. Onun istedadı və biliyi nəticəsində Bakı üçün ən böyük və ən vacib binalar böyük sürətlə tikilib. O, 1893-cü ildən 1900-cü ilə qədər yeddi il ərzində istənilən Avropa paytaxtının fəxri ola biləcək Bakı üçün əsas sayılan 12 binanın layihələndirilməsi və ucaldılması ilə məşğul olub.

Çox təəssüf ki, Bakını ürəkdən sevən böyük memar İosif Qoslavskinin səhhətində problemlər yaranır. 1891-ci ildə həkimlərin müayinəsi zamanı onda vərəm xəstəliyi aşkarlanır, o vaxtlar müalicəsi indiki qədər asan olmayan bu xəstəlik get-gedə ona daha çox əziyyət verməyə başlayır və bu da ağır iş sayəsində daha dözülməz təsirini göstərir. 1902-ci ildə Bakı Şəhər Sovetinin binasının (indiki Bakı Şəhər İcra Hakimiyyətinin binası) tikintisi başa çatan kimi, o, səhhətinə görə tutduğu vəzifədən azad olunmasını xahiş edir. Qoslavski işdən azad edilir, yerinə isə polyak həmkarı, memar Kazimir Skureviç təyin edilir.

İosif Qoslavski 1904-cü il yanvarın 15-də, 40 yaşında  gözlərini həyata əbədi yumur. Məşhur memar köhnə Bakı qəbiristanlığında (Çəmbərəkənd qəbiristanlığı) dəfn edilir. Təəssüf ki, 1930-cu ilin sonlarında qəbiristanlıq sovet hakimiyyəti tərəfindən bağlanır və bir neçə il ərzində tamamilə dağıdılır. Bu səbəbdən də onun qəbrinin yeri naməlum qalır.

Ömrünü Bakının inkişafına həsr edən İosif Qoslavski 122 il öncə əbədi olaraq həyatdan ayrılsa da, ruhən qədirbilən xalqımızın qəlbindədir. Dövlətimiz onun tarixi əməyini yüksək qiymətləndirərək adını əbədiləşdirib. Prezident İlham Əliyevin 2006-cı il tarixli sərəncamına əsasən, zamanında Bakı şəhərinin inkişafında böyük xidmətləri olan polşalı memar və mühəndis İosif Qoslavskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya (Mirzə İbrahimov küçəsi, 11) xatirə lövhəsi vurulub.

Xatırladaq ki, 31 may 2019-cu ildə Prezident İlham Əliyev və Polşa Respublikasının sabiq prezidenti Anjey Dudanın iştirakı ilə Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi olub. Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə "Polşa memarları" adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunmuş xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub.

Dövlət adamları, ictimaiyyət nümayəndələri, xüsusən də memarlar, bu sənətə maraqlı gənclər tarixi günlərdə və bayramlarda bu ünvana gəlir, Bakının yerli memarlıq abidələri hesab edilən binaların tikintisində ideyaları və əl işləri yaşayan İosif Qoslavskini, habelə onun həmkarlarını ehtiramla xatırlayır, ruhlarına dualar oxuyur və xatirə lövhəsi önünə gül dəstələri qoyurlar.  


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!