Prezident İlham Əliyevin bu ilin iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan-Qırğızıstan münasibətlərinin cari ilin iyul ayında imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə yeni mərhələyə yüksəlməsi, Dövlətlərarası Şuranın fəaliyyəti, yüksəksəviyyəli qarşılıqlı səfərlər və humanitar layihələr iki ölkə arasında əməkdaşlığın möhkəm institusional əsaslara malik olduğunu göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə səsləndirib.
O bildirib ki, Qırğızıstanın ŞƏT-ə sədrliyi fonunda Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək səviyyəsi ölkəmizin təşkilatla əlaqələri üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır.
“Hər bir ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan Azərbaycan üstünlükləri ilə diqqətdədir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, enerji təhlükəsizliyinin təmin edilməsində rolu, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri, beynəlxalq arenada müstəqil mövqeyi əsas üstünlükləri sırasındadır. Azərbaycanın əməkdaşlığa böyük önəm verməsi və bunu real addımları ilə təsdiqləməsi həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar daxilində əlaqələrin uğurlu inkişafında mühüm rol oynayır. Bu gün bunu Azərbaycan-ŞƏT münasibətlərində də aydın görürük. Ölkəmizin bu təşkilatla münasibətlərinin dinamikası rəsmi Bakının çoxşaxəli və balanslı xarici siyasət strategiyasının bir hissəsidir. Bişkek şəhərində ŞƏT-in növbəti Dövlət Başçıları Şurasının Zirvə görüşünün Qırğızıstan Prezidenti Sadır Japarovun ev sahibliyi və sədrliyi ilə keçirilməsi də bu baxımdan diqqət çəkir. “ŞƏT-in 25 ili: Davamlı sülh, inkişaf və rifah naminə birlikdə” mövzusu təşkilatın qarşısında dayanan mühüm çağırışları əks etdirir. Hazırda ŞƏT-in tamhüquqlu iştirakçıları Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Əfqanıstan və Monqolustan müşahidəçi, Azərbaycan və daha 14 ölkə isə dialoq tərəfdaşı statusuna malikdir”, - deyə o əlavə edib.
Vüqar Rəhimzadə xatırladıb ki, Azərbaycanın ŞƏT ilə əlaqələri 2015-ci ildən başlayır. Bu əlaqələrin mühüm istiqamətlərindən biri isə nəqliyyat-logistika əməkdaşlığıdır: “Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında fəal iştirak edir. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın regional bağlantı imkanlarını genişləndirir. Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən etibarlı marşrut kimi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması isə Azərbaycanın Mərkəzi Asiya və daha geniş ŞƏT məkanı ilə bağlantı imkanlarını artıracaq. Azərbaycanın sülh gündəliyi də bu proseslərin mühüm tərkib hissəsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açıb. Bu proses Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının genişlənməsinə, regional logistikanın inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır. Prezident İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də bu baxımdan diqqət çəkib. Görüşdə Vaşinqton Sülh Zirvə görüşünün nəticələri, sülh sazişinin paraflanması, iqtisadi və ticarət əlaqələrinin qurulması, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı praktiki addımlar müzakirə olunub”.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları xarici siyasətinin mühüm tərkib hissəsidir və bu çağırışlar konkret nəticələrdə öz əksini tapır. “ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də bağlıdır. Ölkəmizin coğrafi üstünlüyü, enerji və nəqliyyat potensialı, “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməsi və Çinlə strateji tərəfdaşlığının inkişafı ŞƏT məkanında yeni imkanlar yaradır. Ümumilikdə Azərbaycanın nəqliyyat, enerji, investisiya və diplomatik potensialı regional əməkdaşlığın möhkəmlənməsinə, beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun daha da artmasına mühüm zəmin yaradır”, - deyə deputat diqqətə çatdırıb.