İnnovativ ideyaların sayı 345-ə çatdı
Böyük dəyişikliklər bəzən kiçik bir ideyadan başlayır. Bir problemin fərqli həlli, gündəlik həyatı asanlaşdıran rəqəmsal platforma, süni intellektin imkanlarına söykənən yeni texnologiya... Bu ideyalar zamanla biznesə, biznes isə iqtisadi inkişafın yeni hərəkətverici qüvvəsinə çevrilir.
Azərbaycanda innovativ sahibkarlığın inkişafı üçün yaradılan imkanlar getdikcə daha çox biznes subyektinin bu sahəyə marağını artırır. Bunun göstəricilərindən biri də “Startap” şəhadətnaməsi almış kiçik və orta biznes subyektlərinin sayının 345-ə çatmasıdır. Şəhadətnamənin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclaslarında təqdim olunan layihələrə baxılıb və daha bir qrup KOB subyekti bu dəstək mexanizmindən yararlanmaq hüququ qazanıb.
Təsdiqlənən layihələrin əhatə dairəsi isə kifayət qədər genişdir. İnformasiya texnologiyaları və süni intellekt, elektron ticarət və maliyyə texnologiyalarından tutmuş təhsil, səhiyyə, kənd təsərrüfatı, logistika, nəqliyyat və turizmədək müxtəlif sahələrdə yeni həllər hazırlanır. Hüquq və biznes xidmətləri, reklam və marketinq, tədbirlərin təşkili də innovativ təşəbbüslərin istiqamətləri sırasındadır. Mənzərə göstərir ki, startap anlayışı artıq yalnız texnologiya sahəsində fəaliyyət göstərən kiçik komandalarla məhdudlaşmır. İnnovasiya iqtisadiyyatın müxtəlif sahələrinə nüfuz edir, ənənəvi biznes modellərinə yeni nəfəs gətirir, xidmətlərin təqdim olunma formasını dəyişir.
“Startap” şəhadətnaməsinin əhəmiyyəti isə yalnız innovativ ideyanın tanınması ilə bitmir. Bu sənəd sahibkarlar üçün konkret iqtisadi üstünlük də yaradır. Belə ki, şəhadətnamə alan KOB subyektləri onu əldə etdikləri tarixdən etibarən üç il müddətində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar. Bu güzəşt yeni ideyaların reallaşması, biznes təşəbbüslərinin inkişafı və startapların bazarda möhkəmlənməsi üçün əlavə imkanlar açır.
345 şəhadətnamə, əslində, 345 innovativ biznes təşəbbüsünün göstəricisidir. Bu rəqəmin arxasında isə təkcə yaradılan şirkətlər deyil, yeni yanaşmalar, texnoloji həllər və iqtisadiyyatın gələcəyinə yönələn ideyalar dayanır. Əsas məsələ bu ideyaların şəhadətnamə ilə kifayətlənməyərək dayanıqlı bizneslərə, rəqabətqabiliyyətli məhsullara və real iqtisadi dəyərə çevrilməsidir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”