Noyabrın 18-də Çinin Şencen şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş baş tutacaq. Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində təşkil olunur.
Vladimir Putin artıq Şencenə gəlib və Si Cinpinlə iki saatdan çox davam edən ikitərəfli danışıqlar aparıb. Bu, iki liderin indiyədək keçirdiyi 50-ci şəxsi görüş olub. Tərəflər bu görüşdə iqtisadi əməkdaşlıq və ikitərəfli münasibətləri, elmi-tədqiqat və innovasiya sahəsində əməkdaşlığı, həmçinin enerji təchizatı məsələlərini müzakirə ediblər. Görüş zamanı Si Cinpin iki ölkə arasındakı əlaqələrin dünyada sabitliyə töhfə verdiyini deyib, Putin isə çoxqütblü dünya nizamının formalaşdırılmasından danışıb. ABŞ Prezidenti Donald Tramp isə Filippindəki ASEAN sammitindən sonra Şencenə yola düşüb.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninqin brifinqdə verdiyi məlumata görə, üç lider qlobal sülhlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacaq və dövlətlər arasındakı münasibətlərdə strateji sabitliyin təmin olunmasını müzakirə edəcəklər. O, həmçinin vurğulayıb ki, Çin, Rusiya və ABŞ qlobal çağırışlara qarşı mübarizə aparmaq, sülhə və sabitliyə töhfə vermək məsuliyyəti daşıyır. Görüşdə ticarət münasibətləri, süni intellekt, nüvə silahsızlanması, həmçinin digər məsələlər gündəmdə olacaq. Xüsusilə nüvə silahları məsələsində ABŞ Prezidenti Donald Tramp fevral ayında müddəti başa çatan və Rusiya ilə imzalanmış “Yeni START” müqaviləsinin əvəzinə Çinin də daxil olduğu yeni sazişin imzalanmasını təklif edir.
Diplomatik dairələrdə və beynəlxalq ictimaiyyətdə bu təmas dünyanın üç ən böyük dövlətinin, eləcə də aparıcı iqtisadi güclərinin bir araya gəlməsi baxımından yüksək qiymətləndirilir. Bildirilir ki, qlobal proseslərə təsir imkanlarına malik bu ölkələrin liderlərinin görüşündən gözləntilər böyükdür və əsas diqqət mövcud münaqişələrin, müharibələrin həllinə töhfə verilməsinə yönəlib.
Qeyd olunur ki, Çin bu sammitdən həm də robototexnika və süni intellekt sahəsindəki texnoloji nailiyyətlərini göstərmək üçün yararlanır. Rusiya mediası görüşün keçirilməsini Rusiya diplomatiyası üçün müsbət addım kimi dəyərləndirir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”