Azərbaycanın xarici siyasət kursunda Orta Asiya ölkələri ilə həm TDT çərçivəsində, həm də ikitərəfli əlaqələr sürətlə inkişaf edir. Bu baxımdan Türkmənistan da istisna deyil. Türkmənistanın türk dünyası ailəsinin üzvü olması isə Azərbaycanla bu ölkə arasındakı münasibətlərin xarakterində qardaşlıq, dostluq və həmrəylik amillərini ön plana çıxarır. Ortaq tarixi köklərə, dil, din birliyinə malik ölkələrimiz siyasi, iqtisadi, humanitar, energetika, nəqliyyat sahələrində uğurla əməkdaşlıq edirlər.
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfər etməsi dost ölkələr arasında əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər. Türkmənistanın milli liderinin səfər proqramında Qarabağın ziyarət olunmasının əksini tapması isə qardaş ölkənin Azərbaycanla həmrəyliyini göstərdi. Şuşa zəfərinin bütün türk dünyası ölkələri üçün qürur mənbəyi olmasını bir daha təsdiqlədi.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov hələ vaxtilə Türkmənistana prezidentliyi dövründə - 8 may 2008-ci ildə Azərbaycana rəsmi səfərə gəlmişdir. Həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistanın sabiq prezidenti arasında təkbətək görüş olmuş, iki ölkənin maliyyə, xarici işlər və nəqliyyat nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfərinə dair dövlət başçıları bəyanatla çıxış etmişlər.
Prezident İlham Əliyev bəyanatında bildirmişdir ki, müzakirə olunan mövzulardan biri də Xəzər problemidir: “Biz Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitinin yekunlarını, eləcə də Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsinin gələcək yollarını razılıq hissi ilə qeyd etdik. Əminik ki, Türkmənistanın və Azərbaycanın bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyəti həmin məsələnin hərtərəfli tənzimlənməsinə kömək edəcəkdir”.
Qurbanqulu Berdiməhəmmədov isə bəyanatında qeyd etmişdir: “İlk növbədə bütün dünyada enerji dövlətləri statusuna malik olan hər iki ölkənin iqtisadiyyatı üçün baza əhəmiyyəti kəsb edən yanacaq-energetika sektorunda tərəfdaşlıqdan söhbət gedir. Möhtərəm İlham Heydər oğlu ilə bugünkü danışıqların gedişində biz bu mövzuya xüsusi diqqət yetirdik. Bizim ümumi fikrimiz belədir ki, məhz bu sahə gələcək dövlətlərarası tərəfdaşlığın strateji istiqamətinə çevriləcəkdir”.
Ötən müddətdə Türkmənistan və Azərbaycan arasında ikitərəfli əlaqələr daha da inkişaf etmişdir. Bu yerdə vurğulayaq ki, türkdilli ölkələr arasında getdikcə artan və yeni inkişaf mərhələsinə qədəm qoyan çoxşaxəli əlaqələr Türk Dövlətləri Təşkilatının (TDT) da dünyada söz sahibi olan güc mərkəzinə çevrilməsinə birbaşa rəvac verib. Dünyanın hazırkı təlatümlü dövründə türk dövlətlərinin güclü birliyinin vacibliyi bir daha qabarıq şəkildə özünü göstərir. TDT-də hazırda müşahidəçi statusuna malik Türkmənistanın da təşkilatın tamhüquqlu üzvü olması məsələsini aktuallaşdırır. Bu mənada Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana gerçəkləşən səfərinin iki ölkə arasında bütün sahələr üzrə inkişafı sürətləndirəcəyinə şübhə yeri qoymadığı kimi, Türkmənistanın gələcəkdə TDT-yə tamhüquqlu üzv olacağına dair yəqinliyi də artırır.
Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu səfər Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək: “Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək”. Öz növbəsində Türkmənistan Xalq Məsləhətinin Sədri bildirdi ki, Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir: “Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”.
Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Qarabağa səfəri həm də rəmzi məna daşıyır. Bu, dost ölkənin haqq işimizdə daim siyasi, mənəvi dəstəyi ilə Azərbaycanın yanında olduğunu göstərir.
Türkmənistan milli liderini Qarabağ torpağında - Füzuli Beynəlxalq Hava Limanında qarşılayan Prezident İlham Əliyev qardaş və dost ölkənin ali şəxsinə Füzuli və Şuşada həyata keçirilən quruculuq işlərini təqdim etdi. Ali qonaq 30 illik işğal dövründə erməni vandallarının bu ərazilərdə həyata keçirdiyi talan və dağıntılara, Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsin necə məhv edildiyinin şahidi oldu. Ona məlumat verildi ki, vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulmuşdu. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş planı hazırlanmış, 2021-ci ildə ictimaiyyətə təqdim edilmişdir.
Daha sonra Prezident İlham Əliyevlə birlikdə Şuşaya yollanan ali qonaq Azərbaycanın və türk dünyasının zəfər şəhərinin gəzməli, görməli yerləri və burada həyata keçirilən quruculuq işləri ilə tanış oldu. Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində oldular. Hazırda 1409 nəfər keçmiş məcburi köçkünün yaşadığı kompleks barədə qonağa ətraflı məlumat verildi. Daha sonra Yeni Şuşa məscidində tikinti işlərinin gedişi, Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq oldu. Dövlətimizin başçısı və Türkmənistan lideri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir bəy Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən güllələnmiş heykəllərinə baxdılar, Bülbülün ev-muzeyinə, Şuşada Mehmandarovların malikanə kompleksinə baş çəkdilər. Sonra Şuşada Yuxarı Gövhər ağa məscidini ziyarət edən İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov bu müqəddəs məkanda dualar etdilər. Şuşada – Cıdır düzündə Prezident İlham Əliyev tərəfindən Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atının hədiyyə edilməsinin isə öz simvolik mənası var idi – qədimdən at kultu türklərdə mərdliyi, qəhrəmanlığı və etibarlı dostluğu ifadə edib. “Dostluq” atı həm də hər ikisi türklərin oğuz boyundan olan Azərbaycan və türkmən xalqlarının birliyinin, həmrəyliyinin, iki müstəqil siyasət yürüdən ölkə - Azərbaycan və Türkmənistanın sarsılmaz və səmimiyyətə dayanan qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə rəmzi işarə idi.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”