Ölkəmizin gözəl iqlimi var, yaz-yay aylarında bir tərəfi Lənkəran, bir tərəfi Nabranacan uzanan Xəzər sahillərindən tutmuş qədim Naxçıvan, Qarabağ, Göy Göl, Hacıkənd, Gədəbəy, İsmayıllı, Şəki, Zaqatala, Quba, Qusar, Yardımlı, Lerik və digər ərazilərdə əlverişli, dünya standartlarına cavab verən müasir hotellər, istirahət yerləri, müalicə məkanları var.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycana (pandemiya dövrü istisna olmaqla) turist səfərləri edənlərin sayında hər il ən azı 10 faiz artım müşahidə olunur. Bu müşahidələr ildən-ilə öz reallığı ilə rəğbət doğurur. Bunu xarici ölkələrin mərkəzi televiziya və radio verilişlərindən, bölgələrin həyatından bəhs edən süjetlərdən görmək də mümkündür. İstirahət mövsümi ilə əlaqədar Rusiya Federasiyası, Türkiyə, Avstraliya, İtaliya və bir sıra ərəb ölkələrində Azərbaycanın coğrafi şəraiti, əsrarəngiz təbiət müxtəlifliyi, günün tələblərinə cavab verən bir-birindən yaraşıqlı istirahət mərkəzləri, gəzməli və görməli yerləri barədə maraqlı verilişlər təqdim olunur.
Son illər dövlət başçıları və hökumət nümayəndələri rəsmi görüşlərdə, Bakının evsahibliyi etdiyi konfrans, simpozium və festivallarda, habelə digər beynəlxalq tədbirlərdə çıxışlarında ölkəmizdə turizmin inkişafını yüksək dəyərləndirirlər. İctimai rəydə məmnunluq doğuran odur ki, bütün bu uğurların əsasında Prezident İlham Əliyevin ölkəmizdə turizmin dünya standartlarına uyğun qurulması və inkişaf etdirilməsi siyasəti dayanır. Respublikamızda turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında" qanun qəbul olunub, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası təsdiqlənib. Həmin strategiya uğurla həyata keçirildikcə Azərbaycanın bu sahədəki nailiyyətləri artır.
Təsadüfi deyil ki, bu ilin yanvar-may aylarında Azərbaycana 979,963 əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,408 nəfər və ya 1,5 faiz çoxdur.
Xatırladaq ki, cari ilin may ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib. Sözügedən ölkədən Azərbaycana səfər edənlərin sayı 62,809 nəfər olub. Siyahıda ikinci pillədə 41,299 nəfər (illik müqayisədə 10 artım) göstərici ilə Türkiyə, üçüncü yerdə isə 23,326 nəfər (illik müqayisədə 21 artım) göstərici ilə Hindistan qərarlaşıb.
"Çindən Azərbaycana ildə azı 1,5 milyon turist gələ bilər... Hər il xaricə səyahət edən 150 milyon Çin vətəndaşının cəmi 1 faizi Azərbaycana gəlsə, bu, ölkəmiz üçün yetərli olacaq". Bunu isə cari ilin aprel ayının sonlarında Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı Azərbaycanın ötən il ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib: "Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir".
Bu ehtimallar onu deməyə əsas verir ki, ölkəmizə gələn turistlərin sayı ildən-ilə artdıqca neft-qaz gəlirlərindən asılılıq azalacaq, qeyri-neft sektoru inkişaf edəcək.
Sözügedən məsələ ilə bağlı ekspert Rəsul Cahangirli mətbuata açıqlamasında, Çindən çoxlu sayda turistin Azərbaycana gəlməsini mümkün hesab edir: "Bunu şərtləndirən başlıca amil odur ki, Çin əhalisinin sayına görə dünyanın ən böyük iki ölkəsindən biridir. Turizm potensialı çox genişdir. Çin hər il 130 milyon turist göndərən ölkədir. Çin turistləri dünya üzrə trilyonlarla dollar vəsait xərcləyirlər. ABŞ və Qərbi Avropa ilə müqayisədə məsafə baxımdan Çin ölkəmizə daha yaxındır. Çinlə Azərbaycan arasında Orta Asiya yerləşir. Ona görə də hesab edirəm ki, viza rejiminin ləğv edilməsi bir çox sahələrdə əməkdaşlıq imkanlarını artıracaq və ölkəmizə daha çox turistin gəlməsinə müsbət təsir edəcək. Hesab edirəm ki, bundan sonra bu ölkədən daha çox turist gələcək. Çünki Çin turistləri daha çox mədəniyyət yönümlü turistlərdir. Onlar sadəcə Bakını deyil, ölkəmizin digər rayonlarında, xüsusən də Qarabağ bölgəsində tarixi məkanları görməkdə maraqlıdır. Bu zaman turlar bir neçə gün çəkir. Bölgələrdə inşa edilən müxtəlif tutumlu hotellərin, günün tələblərinə cavab verən turizm obyektlərinin yüksəksəviyyəli fəaliyyəti qürurvericidir, xüsusən də erməni işğalından azad edilmiş Qarabağ bölgəsində hotel şəbəkəsi genişləndikcə, Azərbaycana turizm axınında ciddi artım olacaq. Təbii ki, ölkəmizə çoxsaylı turistlərin gəlməsi kapital axınına müsbət təsir edəcək. Çünki bu sahə çox gəlirlidir. Azərbaycanın əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alsaq, daha çox turisti ölkəmizə cəlb etmək mümkündür".
Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı regionlarında biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilib. Ölkə rəhbəri 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum üç saat ərzində verilməsinə dair sərəncam imzalayıb. Həmin vaxtdan "ASAN viza" sistemi uğurla fəaliyyət göstərir.
Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-amanlıq, yüksəksəviyyəli təhlükəsizlik, infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, viza sisteminin sadələşdirilməsi Azərbaycana gəlmək istəyən turistlərin ildən-ilə artmasını təşviq edir.
Azərbaycanda turizm çox geniş imkanlara malikdir. İlk növbədə ölkəmizdə təhlükəsizlik və sabitlik hökm sürür, xalqımız çox qonaqpərvərdir. Dünyada mövcud olan 11 iqlim qovşağının 9-nun ölkəmizdə olması turizmin inkişafı üçün geniş imkanlar yaradır. Günün tələblərinə cavab verən infrastruktur yaradılıb, 9 beynəlxalq aeroport, müasir magistral yollar, dəmir yolları, hotellər, kurortlar, yay-qış xizək, dəniz kurortları, müalicəvi turizm səyahətçilərin diqqətini çəkir. Naftalan indi böyük turizm mərkəzinə çevrilib. Digər müalicəvi yerlərə - Naxçıvanda Duzdağa, eləcə də ilin bütün fəsillərində Qalaaltıya müalicəyə gəlirlər.
Qarabağda turizm yeni inkişaf mərhələsinə qədəm qoyub. Şuşadan Xankəndiyə kanat çəkilməsi nəzərdə tutulur. Xatırladaq ki, Qarabağ ta qədimdən təkcə tarixi və mədəni irsi ilə deyil, həm də turizm potensialı ilə diqqət çəkib. Bu bölgədə xüsusilə dağ turizmi üçün geniş imkanlar mövcuddur. Şuşa şəhəri və onun ətrafındakı gözəl guşələr, Xankəndi, Laçın, Kəlbəcər və digər rayonlar turizm baxımından unikal məkanlardır.
Kəlbəcər isti suları, füsunkar dağ mənzərələri və meşələri ilə seçilir. Bu bölgə yaxın gələcəkdə dünyanın əsas turizm məkanlarından birinə çevrilmək potensialına malikdir. Bir müddət əvvəl Kəlbəcərin turizm resursları, turizm dəhlizləri, inkişaf potensialı və prioritet turizm məhsulları sahələri üzrə araşdırılmalar aparılıb.
Məsələ ilə əlaqədar inkişaf konsepsiyası hazırlanıb. Sənəddə Kəlbəcərin 2040-cı ilədək il boyu turizm fəaliyyətlərinin təşkili və Cənubi Qafqaz regionunda ən çox səfər edilən turizm məkanlarından birinə çevrilməsi hədəflənib.
Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq və abadlıq işləri aparılır. Yeni yollar, tunellər, elektrik stansiyaları, hava limanları və digər infrastruktur layihələri icra olunur, bunlar həm də turizmin inkişafına xidmət edir.
Xankəndi də öz tarixi simasını və təyinatını bərpa etməkdədir. Burada Qarabağ Universitetinin təsis edilməsi, insanların doğma yurdlarına qayıdışı, sosial və iqtisadi layihələrin icrası şəhərin simasını dəyişir. Artıq Xankəndi və ətraf ərazilər turistləri özünə çəkir. Yol və nəqliyyat infrastrukturunun sürətlə inkişafı, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi və yaxın gələcəkdə digər nəqliyyat xətlərinin genişləndirilməsi bu bölgənin turizm potensialını artırır.
Şuşa ilə Xankəndini birləşdirəcək kanat yolunun çəkilməsi təklif olunub. Layihə hələ ilkin mərhələdə olsa da, bu ideyanın reallaşması Qarabağ turizminə böyük töhfə verə bilər. Kanat yolu həm yerli sakinlər, həm də turistlər üçün yeni turizm vasitəsi olacaq. Şuşadan Xankəndiyə doğru uzanan kanat yolu bölgənin gözəlliklərini havadan izləməyə də imkan yaradacaq və Qarabağın turizm cəlbediciliyini artıracaq.
Azərbaycanda artıq bir neçə bölgədə kanat yolları fəaliyyət göstərir. Qəbələdə, Şahdağ və Tufandağ turizm mərkəzlərində yerləşən kanat yolları hər il minlərlə turisti cəlb edir. Kanat yolları dağlıq ərazilərdə turizmin inkişafı üçün vacib infrastruktur elementlərindən biridir. Bu, nəqliyyat baxımından əlverişli olmaqla yanaşı, həm də insanlara təbiətin gözəlliklərini daha yaxından görmək imkanı yaradır.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Qarabağda da tarixi abidələrimiz çoxdur. Bu da böyük maraq doğurur. Coğrafi vəziyyətimiz də əlverişlidir. Bakı dünyanın ən gözəl şəhərlərindəndir. Yəni bütün bu amillər turizm sənayesinin Azərbaycanda sürətlə inkişaf etməsinə imkan yaradır. Xaricdən turistlərin cəlb edilməsi məqsədilə yeni layihələr də həyata keçirilir. Məsələn, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən ölkədə macəra turizminin inkişafı, dağçılıq və ekstremal idman növlərinə marağın artırılması üçün respublika Gənclər Fondunun dəstəyi ilə "Vətənimdə qarış-qarış" layihəsi çərçivəsində İsmayıllı rayonundan başlayan Sulut kəndi ərazisindəki Fit dağında yerləşən XVII-XVIII əsrlərə aid "Buzxana" və "Qırxotaq əfsanəsi" abidələrinin marşrutu üzrə istiqamətləndirici nişan və məlumat lövhələri hazırlanıb. Layihə respublikanın digər regionlarında da həyata keçirilir. Yeni tarixi yerlər və abidələrlə əlaqədar marşrutların istiqamətləri müəyyənləşdirilir.
Rəhman SALMANLI,
"Azərbaycan"