Ermənistanın Azərbaycana ərazi iddiası elan edilməmiş müharibənin başlanmasına səbəb oldu. Hələ SSRİ dönəmində başlayan bu münaqişə sovet imperiyası dağıldıqdan sonra da davam etdi. SSRİ dağıldıqdan sonra Azərbaycan və Ermənistan 1992-ci il yanvarın 30-da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə qoşuldu. Bu təşkilat, yəni ATƏM, 1995-ci il yanvarın 1-dən Avro-pada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, yəni ATƏT adlandırıldı. 1994-cü il dekabrın 5-6 tarixlərində ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edildi. Minsk prosesinin həmsədrlik institutuna 1997-ci il yanvarın 1-dən ABŞ, Rusiya və Fransa başçılıq edirdi.
Bu institut problemi həll edə bildimi? Həll etmək istəyirdimi? Yoxsa ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan torpaqlarının ilhaqını rəsmiləşdirməkdən ibarət idi.
Həmsədr dövlətlərdən biri - Fransa Ermənistanı bütün vasitələrlə müdafiə edirdi, ona həm siyasi, həm də hərbi yardım göstərirdi. Şəmsədrləri birləşdirən ortaq maraq nə idi? Məqsəd Azərbaycanın torpaqlarının işğaldan azad edilməsini “Qordi düyününə” çevirmək idi.
Ermənistanın sülh danışıqlarından yayınması, regionda mövcud status-kvonu saxlaması, yeni torpaqlar işğal etmək niyyəti ilə Azərbaycan ərazilərinə müxtəlif miqyaslı hücumlar etməsi ATƏT-in Minsk qrupunun həmsədrlərini qətiyyən narahat etmirdi. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan bu dövlətlər həm də bu təşkilatın Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxmasını tələb edən 4 qətnaməsinə məhəl qoymurdular. Digər tərəfdən, həmsədrlər münaqişənin hərbi yolla həllinin olmadığını bildirir, Azərbaycanı təslimçi sülhə razılaşdırmaq istəyirdilər. Hətta müəyyən mərhələdə Ermənistanın siyasi manipulyasiyalarına uyğun olaraq “Dağlıq Qarabağ” anlayışının yerinə “Şimali Qarabağ” ifadəsinin dövriyyəyə buraxılması cəhdləri də müşahidə olunurdu.
İşğal müddətində şəhərlərimiz xarabalığa çevrildi, mədəni irsimiz dağıdıldı, Ermənistan tərəfindən qanunsuz məskunlaşma həyata keçirildi. Lakin Minsk qrupu bunların hamısına göz yumurdu.
Azərbaycan öz qələbəsi ilə ATƏT-in Minsk qrupunun fəaliyyətini də tarixin arxivinə göndərdi. Artıq bu qurumun fəaliyyətinə hüquqi baxımdan son qoyulub. Bununla həm də Azərbaycanın sülh yolunda qoyduğu şərtlərdən biri təmin olunub.
Vaxtilə işğal siyasətinə dəstək verən Fransa isə bu gün də Ermənistana siyasi və hərbi havadarlıq edir. Ermənistana müxtəlif növ silahlar çatdıran, sülhə qarşı bəyanatlar verən Fransa neokolonialist siyasətini Qafqaza köçürmək üçün bu ölkəni özünün xarici siyasətinə alət edib. Ermənistandakı Avropa İttifaqı missiyasının da əsas dəstəkçilərindən biri Fransadır. Bəs Ermənistanda Aİ missiyasına ehtiyac varmı? Yoxdur! Çünki sülh prosesi gedir, hər iki tərəf bunu ən yüksək səviyyədə bəyan edir. Belə olan halda Aİ missiyasının qayəsi vəziyyəti gərginləşdirmək deyilmi? Bir neçə il əvvəl başlanmış “binokl diplomatiyası” bu gün də davam edir. Cənab Prezident İlham Əliyev bu barədə deyib: “Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər”.
Azərbaycan öz milli maraqlarını qətiyyətlə təmin edən dövlətdir. Heç bir təzyiq ölkəmizi öz yolundan döndərə bilməz. Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü dövlətdir!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı