17 Avqust 2022 01:45
1115
SİYASƏT
A- A+

Azərbaycan davamlı inkişaf yolundadır

 

İqtisadi qüdrəti getdikcə artan Azərbaycan qlobal böhranla mübarizə dövründə belə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan heç bir sosial layihəni təxirə salmır. Bu da bir daha təsdiq edir ki, bölgələrin yüksəlişi davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 
Ümumiyyətlə, regionların inkişafı naminə uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı yüksəlişinə, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına təkan verib. Regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident 
İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətinin prioritetini təşkil edir.

 

Bölgələrə müntəzəm səfərlər, təxirə salınmayan layihələr

 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpasını nəzərdə tutur.
Prezident İlham Əliyev müntəzəm olaraq bu layihələrin icrası ilə yerində tanış olur. Yəni tez-tez regionlara səfər edərək həm görülən işlərlə maraqlanır, həm də sakinlərlə səmimi görüşlər keçirərək onların problemlərini öyrənir. Bəzən elə olur ki, vətəndaşın problemi yerindəcə həll edilir və ya dövlət başçısı tərəfindən məsələnin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilir. 
Həmçinin Prezident müxtəlif sosial-iaşə obyektlərinin, zavod-fabriklərin açılışında iştirak edir, müəssisənin kollektivi qarşısında geniş nitq söyləyir. Bütün çıxışlarında xalqa dövlətin gördüyü işlərlə bağlı hesabat verən Prezident həm də əhalini narahat edən məsələlərə aydınlıq gətirir. 
Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı yeni obyektlərin açılışı və Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində əhalini maraqlandıran məsələlərə aydınlıq gətirməsi də deyilənlərin əyani təsdiqidir. 
Səfər çərçivəsində Qobustan rayonunda "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri, "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, "Ağsu Aqropark" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanışlıq, İsmayıllı rayonunda "Basqal Resort & Spa" hotelinin, Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışı bir daha dövlət başçısının bölgələrin yüksəlişinə, yeni iş yerlərinin açılmasına, məşğulluğun artırılmasına xüsusi diqqət yetirdiyinin təzahürüdür. 

 

Ölkədə 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb

 

Son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.
Respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin açılması nəzərdə tutulur.
Artıq ölkədə 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan "Ağsu Aqropark"ın ümumi ərazisi 1843 hektar olmaqla, layihə dəyəri 18 milyon manatdır. Aqroparkın tikintialtı sahəsi 10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən Qapalı Səhmdar Cəmiyyəti əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.

 

Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması

 

Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra edilir.
Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan yol infrastrukturunun önəmini nəzərə alan İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə milyardlarla investisiyalar qoyulub.
Həm işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həm də ölkənin digər bölgələrində ən müasir yollar salınır. Bütün illərdə olduğu kimi, 2022-ci ildə dövlət proqramına uyğun olaraq bütün yol-nəqliyyat infrastrukturları uğurla icra olunur. Bu il Prezidentin iştirakı ilə bir çox rayon və şəhərlərdə yeni yollar istifadəyə verilib.
Bu bir həqiqətdir ki, işğaldan azad edilmiş rayon və şəhərlərimizə gediş-gəlişin və daşınma prosesinin təmini üçün yolların əhəmiyyəti çox böyükdür. Hazırda həmin ərazilərdə 14 yol-nəqliyyatı infrastruktur layihəsi icra olunmaqdadır. Tikintisinə ötən il başlanılan bir neçə mühüm yol infrastrukturu isə artıq istifadəyə verilib. 

 

Regionlardakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib

 

Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir. Bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Respublikanın regionları, sözün əsl mənasında, yeni bir simaya malik olublar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
2004-cü ildən başlayaraq uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları davamlı olaraq həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca IV (2019-2023-cü illər) Dövlət Proqramı icra edilir. 
Qlobal pandemiyanın nəticələrinin aradan qaldırılması işlərinə, Vətən müharibəsindən sonra həyata keçirilən sosial layihələrə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geniş bərpa və quruculuq işlərinə baxmayaraq, eyni zamanda digər şəhər və rayonlarımızın da sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılır. Sosial-iqtisadi sahələrdə görülən işlər və buna dövlət başçısının birbaşa nəzarəti ictimaiyyət tərəfindən razılıqla qarşılanır və təqdir olunur.
Bu reallıqlar onu deməyə əsas verir ki, İlham Əliyevin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Verilən vədlər artıqlaması ilə yerinə yetirilib və bu gün də davam etdirilir. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video