25 Aprel 2024 08:30
169
İQTİSADİYYAT
A- A+

Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir 

 

Azərbaycan müstəqilliyə qovuşandan sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri Çin Xalq Respublikası oldu. O zamandan iki ölkə arasında mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədə əməkdaşlıq əlaqələri hökm sürür.
Ölkəmizin xarici ticarətində Çin ön sıralardadır. ÇXR-in iş adamları hər zaman Azərbaycana sərmayə qoymaqda maraqlı olublar. Ölkəmizin əlverişli cografi mövqeyi, siyasi sabitlik, eləcə də dinamik inkişaf çinliləri cəlb edir. Üstəlik, Azərbaycanda qeyri-neft sektorunun və regionların inkişafına qərar verilməsi çinli iş adamları üçün böyük əməkdaşlıq imkanları yaradıb. Digər tərəfdən, Azərbaycanın Orta dəhlizin mərkəzində yerləşməsi Çin şirkətlərinin ölkəmizə marağını artırıb. Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini Prezident İlham Əliyev belə ifadə edib: "Azərbaycan xüsusilə indi bu layihənin mühüm hissəsi hesab olunur. Biz çox nikbin fikirdəyik. Nikbinliyi artıran ilk növbədə odur ki, biz öz üzərimizə düşən işi çox yaxşı yerinə yetirmişik. Artıq qeyd etdiyim kimi, nəqliyyat infra-strukturunu müasirləşdirmək və daha çox imkanlar yaratmaq üçün onu tamamilə modernləşdirmişik və hələ də son tamamlama işlərini görürük". 
İpək Yolunun yeni xəritəsi olan "Bir kəmər, bir yol" haqqında bu günlər Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda keçirilən konfransda da söz açılıb. Çin Sosial Elmlər Akademiyası Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Sun Cuanqcı Azərbaycanın dünyada sabit ölkələrdən biri olduğunu qeyd edib: "Çin tərəfi qarşılıqlı əməkdaşlığı hər zaman dəstəkləyir. Bəzi ölkələr dünya üçün təhlükə yaradır. Çin-Azərbaycan dostluq münasibətləri isə sabitlik vəd edir və dayanmadan inkişafdadır. "Bir kəmər, bir yol" layihəsi yüksək bir mərhələyə çatıb. İki ölkənin inkişafına töhfə verən digər layihələrin də sayı artacaq". 
Qeyd edək ki, Azərbaycanın "Bir kəmər, bir yol" strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman vurğulayırlar. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Ölkəmiz Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda bir çox sənaye layihələri reallaşdırırlar. 
Azərbaycan da Çini etibarlı tərəfdaş kimi qəbul edir. Azərbaycanla Çin arasında yeni istiqamət kimi bərpaolunan enerji mənbələrinin yaradılması hər iki dövlətin maraqlarına cavab verir. Adıçəkilən konfransda çıxış edən Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin direktoru Li Çiquo bu əlaqələri əhatə edən sahələrin əhəmiyyətindən, Çin-Azərbaycan münasibətlərinin gələcək perspektivindən söz açaraq ölkəsinin dünya iqtisadiyyatı fonunda Cənubi Qafqazdakı roluna da toxunub: "İstənilən layihənin başlanmasında Çinin böyük rolu vardır. Cənubi Qafqaz ölkələrinin hər birinin Çinlə əlaqələri mövcuddur. Çin-Azərbaycan münasibətlərinə bir neçə istiqamətdən baxmaq lazımdır. Çin şirkətləri investisiya sahəsində böyük nailiyyətlər əldə edib, yatırım məsələsində Avropanı keçib. Ümid edirəm ki, Azərbaycan hökuməti bizimlə əlaqələri dayanmadan inkişaf etdirəcək".
 Əsas məqamlardan biri də odur ki, ÇXR şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin gedişində iştiraka xüsusi maraq göstərirlər. Zəfərdən sonra bir sıra müəssisələrin nümayəndələri bu ərazilərdə olub, "ağıllı kənd" kimi layihələrin həyata keçirilməsində və hava limanları üçün avadanlıqların təchizatında iştirak ediblər. Proses indi də davam edir. Çinin bir çox şirkətləri Qarabağın və Şərqi Zəngəzurun bərpasına öz töhfələrini verirlər. 
Konfransda Türk Dövlətləri Təşkilatından (TDT) da söz açılıb. Bu səbəbsiz deyil. İndi TDT yeni güc birliyidir və bu birliyin formalaşmasında Türkiyə və Azərbaycan müstəsna rola malikdir. Çünki TDT zamanın reallıqlarından yaranıb. Çünki müasir dünyada güc sahibi olmadan dövlətin suverenliyini qorumaq mümkün deyil. Azərbaycan bunu öz taleyində uzun illər yaşayıb. Bu reallığı əsas tutan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azərbaycanın proaktiv siyasət həyata keçirdiyini qeyd edib. O, TDT-nin əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın xarici siyasətində təşkilatın mühüm istiqamətlərdən birinə çevrildiyini diqqətə çatdırıb: "Çin də bu təşkilata böyük önəm verir. TDT regional problemlərin həlli baxımından mühüm rola malik ola bilər. Çünki Çin də Orta dəhliz vasitəsilə daşımaları dəstəkləyir".
Azərbaycanla Çin arasında əlaqələr humanitar sahələr üzrə də inkişaf edir. Həmin əlaqələr bu gün Çin dilinin öyrənilməsini özündə ehtiva edən Konfutsi İnstitutu səviyyəsinə yüksəlib. Məlumat üçün bildirək ki, Konfitsu İnstitutu Çinin mədəniyyət və təhsil mərkəzidir. İlk dəfə 2004-cü ildə Koreya Respublikasının paytaxtı Seulda yaradılıb. İnstitutun missiyası Çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin təbliği, digər ölkələrlə dostluq münasibətlərini inkişaf etdirməkdir. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunun direktoru Vanq Xaoçianq bildirib ki, Azərbaycanda kiçik yaşlarından Çin dilinə maraq göstərənlər əvvəlki illərdən çoxdur: "Konfutsi İnstitutu açılandan bəri burada 6000 tələbə təhsil alıb. Tərəfimizdən təşkil edilmiş 400-dən artıq tədbirdə çox sayda insan iştirak edib. Hər il 30-a yaxın uşaq Çinə təqaüdlə təhsil almağa göndərilir. Eyni zamanda hər il 45-ə yaxın uşaq Çində yay məktəbində iştirak edir".
Deyilənlər onu deməyə əsas verir ki, Azərbaycanla Çin arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək. Bu inkişafda dövlət başçıları İlham Əliyev və Si Cinpinin dostluq münasibətləri həlledici rol oynayır. O üzdən Çin-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı optimist düşünə bilərik.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video