Bu, Orta dəhlizdə yeni mərhələ deməkdir
Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, Şərqlə Qərb arasında etibarlı və təhlükəsiz bağlantılara tələbatın artdığı bir dövrdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın əhəmiyyəti getdikcə yüksəlir. Bu prosesdə Azərbaycan coğrafi mövqeyinin üstünlüklərindən yararlanan ölkə kimi ön plandadır. Üstəlik də yeni nəqliyyat sisteminin formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının Avazada keçirilən 8-ci Məşvərət görüşündə TRIPP nəqliyyat təşəbbüsünün Orta dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inteqrasiyasının müzakirəsini təklif etməsi bu mənada diqqətəlayiq hadisədir. Təşəbbüsü yalnız ayrı-ayrı nəqliyyat layihələrinin əlaqələndirilməsi kimi qiymətləndirmək doğru olmaz. Söhbət mövcud marşrutların imkanlarını birləşdirmək, regional əməkdaşlığı dərinləşdirmək və Avrasiya məkanında daha səmərəli logistika sistemi formalaşdırmaqdan gedir.
TRIPP-ın Orta dəhlizlə əlaqələndirilməsi ideyası Azərbaycanın strateji maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Zəngəzur istiqamətinin daha geniş Avrasiya nəqliyyat şəbəkəsinə inteqrasiyası Şərqlə Qərb arasında bağlantıların şaxələndirilməsinə, yükdaşımaların səmərəliliyinin artırılmasına və region ölkələrinin tranzit imkanlarının genişlənməsinə töhfə verə bilər. Belə bir yanaşma Azərbaycanın nəqliyyat-kommunikasiya xəritəsindəki mövqeyini daha çox möhkəmləndirmək, ölkəmizi beynəlxalq yük axınlarının mühüm qovşaqlarından birinə çevirmək üçün yeni imkanlar yaradır.
Qeyd edək ki, Azərbaycanın üstünlüyü yalnız əlverişli coğrafi mövqeyindən ibarət deyil. Ölkəmiz Şərq-Qərb nəqliyyat bağlantılarının inkişafına, infrastrukturun təkmilləşdirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə ardıcıl şəkildə önəm verir. Bu baxımdan Orta dəhlizin inkişafı ilə Zəngəzur istiqamətinin potensialının uzlaşdırılması vahid nəqliyyat sisteminin formalaşması üçün mühüm perspektivlər açır. Amma bu imkanlardan daha çox faydalanmaqdan ötrü infrastruktur layihələri əlaqələndirilməli, sərhəddə prosedurlar sadələşdirilməli, tariflər uyğunlaşdırılmalı və ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir.
Tokayevin səsləndirdiyi daha bir məqam diqqətləri gələcəyə yönəldir. Qazaxıstan Prezidentinin qiymətləndirməsinə görə, nəzərdə tutulan infrastruktur layihələrinin hamısı həyata keçirilərsə, 2040-cı ilədək Xəzər üzərindən yükdaşımaların həcmi dörd dəfə arta bilər. Bu proqnozun gerçəkləşməsi Xəzər hövzəsinin regional və beynəlxalq logistika sistemində rolunu əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, limanların ötürücülük qabiliyyətinin yüksəldilməsi, donanmanın genişləndirilməsi, dəmir yolu və avtomobil yollarının modernləşdirilməsi kimi məsələləri də diqqətdə saxlayır.
Qazaxıstan Prezidentinin irəli sürdüyü təşəbbüs Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin gələcək inkişafı baxımından yeni perspektivlər açır. Bu perspektivin reallaşması üçün Azərbaycanın malik olduğu nəqliyyat və logistika infrastrukturu üstünlük təşkil edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, eləcə də müasir avtomobil və dəmir yolu şəbəkəsi Şərq-Qərb istiqamətində yükdaşımaların genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırır.
TRIPP-in əhəmiyyəti də məhz bu məqamda üzə çıxır. Layihə Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının təmin edilməsi kontekstində və daha geniş regional və beynəlxalq əlaqələr sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmalar çərçivəsində gündəmə gələn bu təşəbbüsün gələcək taleyi regional kommunikasiyaların açılması, tərəflər arasında razılaşdırılmış mexanizmlərin formalaşdırılması və mövcud nəqliyyat marşrutları ilə əlaqələndirilməsi kimi məsələlərdən asılı olacaq.
Beləliklə, TRIPP təşəbbüsünün Orta dəhlizlə əlaqələndirilməsi perspektivi Cənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat xəritəsində yeni mərhələnin başlanğıcı ola bilər. Bu perspektivin reallaşması Azərbaycanın tranzit potensialını gücləndirməklə yanaşı, Xəzər hövzəsini Şərqlə Qərb arasında daha geniş iqtisadi əməkdaşlıq məkanına çevirə bilər. Bu gün əsas məsələ sadəcə yeni yollar çəkmək deyil, fəaliyyətdə olan və planlaşdırılan marşrutları vahid strateji baxış ətrafında birləşdirməkdir. Çünki gələcəyin nəqliyyat xəritəsində üstünlük həm coğrafi mövqeyə, həm də həmin mövqeyi işlək, etibarlı və rəqabətqabiliyyətli sistemə çevirmək bacarığına sahib olan ölkələrə məxsus olacaq.
Bütün bunlar göstərir ki, Orta dəhlizin inkişafı ilə TRIPP perspektivinin uzlaşdırılması Azərbaycanın qarşısında yeni iqtisadi və geosiyasi imkanlar aça bilər. Əsas məsələ bu imkanları real yükdaşımalarına, daha geniş ticarət əlaqələrinə və davamlı iqtisadi faydaya çevirməkdir. Çünki müasir dövrdə nəqliyyat marşrutlarının əhəmiyyəti yalnız onların hansı ərazilərdən keçməsi ilə deyil, həm də nə dərəcədə etibarlı, səmərəli və rəqabətqabiliyyətli olması ilə müəyyən edilir. Azərbaycan üçün isə yaranan yeni perspektivlər coğrafi mövqeyini strateji üstünlüyə çevirmək və Avrasiyanın nəqliyyat əlaqələrində aparıcı rolunu gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Züeyxa ƏLİYEVA,
“Azərbaycan”