Son illərdə qlobal geosiyasi və iqtisadi proseslər Avropa ilə Asiya arasında ticarət marşrutlarının yenidən formalaşmasına səbəb olub. Təchizat zəncirlərinin şaxələndirilməsi, təhlükəsiz və dayanıqlı nəqliyyat marşrutlarına artan tələbat, həmçinin ənənəvi marşrutlarda yaranan çətinliklər fonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) qlobal ticarətin əsas nəqliyyat arteriyalarından birinə çevrilməkdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.
O bildirib ki, Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut daşınma müddətini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, yükdaşımaların təhlükəsizliyini və etibarlılığını da artırır.
Orta Dəhlizin mərkəzində yerləşən Azərbaycan bu marşrutun inkişafında strateji rol oynayır. Son onillikdə ölkəmiz nəqliyyat-logistika infrastrukturunun müasirləşdirilməsinə milyardlarla dollar həcmində investisiya yatıraraq Avrasiyanın ən mühüm tranzit qovşaqlarından birini formalaşdırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, beynəlxalq avtomobil magistralları, müasir hava limanları və rəqəmsallaşdırılmış gömrük sistemi vahid nəqliyyat zəncirinin səmərəli fəaliyyətini təmin edir. Bu infrastruktur Azərbaycanın yalnız tranzit ölkə deyil, həm də regionun logistika və yük paylama mərkəzinə çevrilməsinə imkan yaradıb.
"2022-ci ildən etibarən Orta Dəhliz üzrə yükdaşımaların həcmi davamlı artım nümayiş etdirir. Qlobal ticarətdə alternativ marşrutlara marağın yüksəlməsi nəticəsində dəhliz vasitəsilə daşınan yüklərin həcmi bir neçə dəfə artıb və bu tendensiya hazırda da davam edir. Bu dinamikanı nəzərə alan Azərbaycan hökuməti tranzit potensialının genişləndirilməsi istiqamətində irimiqyaslı layihələrin icrasını sürətləndirib.
Bu baxımdan ən mühüm addımlardan biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsidir. 2024-cü ilin sonunda limanın ikinci inkişaf mərhələsinə start verilib. Layihənin başa çatdırılması nəticəsində limanın illik yükötürmə gücü mövcud 15 milyon tondan 25 milyon tona, konteyner emalı gücü isə 100 min TEU-dan 500 min TEU-ya çatdırılacaq. Bu genişlənmə Xəzər dənizi vasitəsilə artan yük axınının daha operativ qəbul edilməsinə və Azərbaycanın tranzit imkanlarının əhəmiyyətli dərəcədə artırılmasına xidmət edir", - deyə N.Həsənov vurğulayıb.
Deputatın sözlərinə görə, Orta Dəhlizin əsas elementlərindən olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttində də son illərdə modernləşdirmə işləri həyata keçirilib. Yenidənqurma nəticəsində xəttin illik yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb. Bununla yanaşı, xətt üzrə yük qatarlarının hərəkət intensivliyi artırılıb ki, bu da Çin və Mərkəzi Asiyadan Avropaya daşınan yüklərin daha qısa müddətdə çatdırılmasına imkan verir.
Azərbaycan Dəmir Yollarının məlumatına əsasən, 2025-ci ildə Orta Dəhliz üzrə konteyner daşımalarında rekord göstəricilər qeydə alınıb. Xüsusilə Çin istiqamətindən qəbul edilən blok-qatarların sayı əvvəlki illə müqayisədə təxminən 34 faiz artaraq 350-yə çatıb. Bu göstərici beynəlxalq yükdaşıyıcıların Orta Dəhlizə artan etimadını və Azərbaycanın bu marşrutun əsas tranzit ölkəsi kimi mövqeyinin möhkəmləndiyini göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə ümumilikdə 32 milyon tondan çox yük daşınıb. Bu yük axınının əhəmiyyətli hissəsini Şərq–Qərb istiqamətində daşımalar təşkil edib ki, bu da Orta Dəhlizin ölkənin tranzit gəlirlərinin və nəqliyyat sektorunun inkişafında aparıcı rolunu bir daha təsdiqləyir.
"İnfrastruktur layihələri ilə yanaşı, Azərbaycan institusional islahatları da davam etdirir. Gömrük prosedurlarının rəqəmsallaşdırılması, "vahid pəncərə" prinsipinin geniş tətbiqi, elektron tranzit sistemlərinin inkişafı və yük sənədlərinin rəqəmsal formatda idarə olunması nəticəsində sərhədkeçmə müddəti əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, Qazaxıstan, Gürcüstan, Türkiyə və digər tərəfdaş ölkələrlə tarif siyasətinin əlaqələndirilməsi, vahid logistika həllərinin tətbiqi və koordinasiyanın gücləndirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini artırır.
Bununla yanaşı, Zəngəzur dəhlizi layihəsinin reallaşması perspektivi də Orta Dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bu marşrutun istifadəyə verilməsi Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birbaşa dəmir yolu və avtomobil yolu əlaqəsinə qovuşduracaq, Şərq–Qərb nəqliyyat xəttinin səmərəliliyini artıracaq və regionun tranzit potensialına yeni imkanlar qazandıracaq", - deyə o əlavə edib.