Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə keçirdiyi görüşlər ilk baxışdan ikitərəfli münasibətlərin növbəti mərhələsi kimi görünə bilər. Lakin bu səfərin əsl əhəmiyyəti Bakı ilə Berlin arasında imzalanan sənədlərdən və ya verilən bəyanatlardan daha dərindir. Əslində, Berlin görüşləri təkcə Almaniyanın Azərbaycana münasibətini deyil, Almaniyanın geosiyasi düşüncəsində baş verən dəyişiklikləri əks etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər doktoru, Brüssel Enerji Klubunun qlobal enerji məsələləri üzrə məsləhətçisi, Vyanada yerləşən Siyasi Risk və Strateji Məsləhət Xidmətinin baş eksperti Elxan Nuriyev deyib.
O bildirib ki, uzun illər Almaniyanın xarici siyasəti iqtisadi qloballaşmanın yaratdığı əlverişli geosiyasi mühit üzərində qurulub. Berlin hesab edirdi ki, iqtisadi qarşılıqlı asılılıq təhlükəsizlik risklərini azaldacaq, qlobal ticarət marşrutları açıq qalacaq, enerji bazarları isə siyasi böhranlardan kənarda fəaliyyət göstərəcək. Məhz bu model Almaniyanı Avropanın iqtisadi lokomotivinə çevirib. Lakin son illərdə həmin modelin artıq əvvəlki kimi işləmədiyi aydın görünür. Rusiya-Ukrayna müharibəsi enerji təhlükəsizliyi ilə bağlı təsəvvürləri dəyişdirdi, Qırmızı dənizdə yaranan böhran qlobal ticarətin əsas arteriyalarının geosiyasi risklərdən sığortalanmadığını göstərdi, ABŞ-Çin rəqabəti isə qlobal iqtisadiyyatın vahid sistem deyil, rəqabət aparan geoiqtisadi bloklar istiqamətində inkişaf etdiyini ortaya qoydu. Nəticədə Almaniya üçün əsas sual da dəyişdi. Əvvəllər prioritet resurslara çıxış idisə, indi əsas məsələ həmin resursların, texnologiyaların, kapitalın və logistikanın hansı marşrutlarla hərəkət etməsidir. Prezident İlham Əliyevin Berlin səfərinin geosiyasi mahiyyəti də məhz bu kontekstdə dəyərləndirilməlidir.
Elxan Nuriyev qeyd edib ki, bu gün Azərbaycan Almaniya üçün sadəcə alternativ qaz təchizatçısı deyil. Belə yanaşma artıq reallığı tam əks etdirmir. Təbii qaz müxtəlif bazarlardan əldə oluna bilər. Lakin Avropa ilə Xəzər hövzəsini, Mərkəzi Asiyanı və daha geniş Avrasiya məkanını birləşdirən strateji coğrafiyanın alternativi yoxdur. XXI əsrin ikinci rübünə qədəm qoyan beynəlxalq sistemdə dövlətlərin əhəmiyyəti artıq təkcə malik olduqları resurslarla deyil, qlobal axınları nə dərəcədə təşkil edə bilmələri ilə müəyyən olunur. Əgər XX əsr əsasən resurslar uğrunda rəqabət dövrü idisə, XXI əsrin yeni mərhələsi marşrutlar və bağlantılar uğrunda rəqabət dövrünə çevrilir. Bu gün rəqabət yalnız enerji ehtiyatları üzərində deyil, enerji, yük, investisiya, məlumat, rəqəmsal infrastruktur və texnologiyaların hərəkət etdiyi dəhlizlər üzərində gedir. Məhz buna görə Azərbaycanı yalnız enerji tərəfdaşı, tranzit ölkə və ya Şərqlə Qərb arasında körpü kimi göstərmək düzgün deyil. Bu anlayışlar Azərbaycanın beynəlxalq sistemdə qazandığı yeni strateji statusu tam ifadə etmir. Azərbaycan artıq təkcə geosiyasi platforma deyil. O, Avrasiyanın yeni geoiqtisadi arxitekturasında strateji qərarların formalaşmasına təsir göstərən əsas məkanlardan birinə çevrilir. Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Şimal-Cənub nəqliyyat marşrutu, yaşıl enerji layihələri, Mərkəzi Asiya ilə Avropa arasında qurulan yeni iqtisadi əlaqələr və rəqəmsal bağlantılar bu strateji rolun əsas elementləridir.
“Başqa sözlə, Azərbaycan artıq yalnız məhsul ixrac edən ölkə deyil, müxtəlif geosiyasi sistemlərin kəsişdiyi, maraqların uzlaşdırıldığı və yeni əməkdaşlıq formatlarının formalaşdığı strateji məkandır. Məhz bu səbəbdən Berlin Azərbaycanı artıq yalnız Cənubi Qafqaz siyasətinin tərkib hissəsi kimi deyil, Avrasiyanın yenidən formalaşan geoiqtisadi xəritəsinin əsas elementlərindən biri kimi qiymətləndirməyə başlayır. Bu yanaşma Almaniyanın özü üçün də yeni mərhələnin başlanğıcıdır. Uzun illər Avropa İttifaqının xarici siyasətində normativ yanaşmalar geosiyasi reallıqları üstələyirdi. Lakin müasir beynəlxalq sistem Avropanı fərqli seçim qarşısında qoyur. Geosiyasi dayaq olmadan iqtisadi təhlükəsizlik, enerji sabitliyi və strateji muxtariyyət təmin edilə bilməz. Bu baxımdan Berlinin Bakı ilə dialoqu Almaniyanın Cənubi Qafqaza münasibətinin dəyişməsindən daha çox, Avrasiyanın dəyişən geoiqtisadi xəritəsinə uyğunlaşmasının göstəricisidir”, - deyə o əlavə edib.