ABŞ, İran və bir qrup regional vasitəçi, müharibəyə son qoymaq üçün bir addım ola biləcək mümkün 45 günlük atəşkəsin şərtləri ilə bağlı intensiv danışıqlar aparır. Bu barədə Axios xəbər verir. Nəşr ABŞ, İsrail və region ölkələrindəki dörd mənbəyə istinad edir. Bu təşəbbüs böyük bir eskalasiyanın qarşısını almaq üçün son şans kimi qəbul edilir.
ABŞ Prezidenti Donald Trampın İrana Vaşinqtonun şərtlərinə əməl etməsi üçün verdiyi 10 günlük müddət bazar ertəsi günü başa çatmalı idi. Lakin bazar günü o, gözlənilmədən vaxtı daha 20 saat uzadaraq sosial media hesabı Trout Social-da çərşənbə axşamı şərq vaxtı ilə saat 20:00-da yeni bir müddət elan edib.
Axios-a verdiyi müsahibədə Tramp ABŞ-nin İranla "aktiv danışıqlar" apardığını və son tarixdən əvvəl razılığa gəlinə biləcəyini təsdiqləyib. "Yüksək ehtimal var, amma əgər onlar razılaşma əldə etməsələr, oradakı hər şeyi məhv edəcəyəm", - deyə o bildirib.
Prezident həmçinin razılaşma əldə edilməsə, İranın əsas mülki infrastrukturuna zərbə endirəcəyi ilə hədələyib. Bu cür hücumlar müharibə cinayətləri kimi təsnif edilə bilər və Tehran artıq İsrail və Fars körfəzi ölkələrindəki infrastruktura zərbə endirməklə cavab verəcəyi barədə xəbərdarlıq edib.
"Jerusalem Post" qəzetinin məlumatına görə, ABŞ və İsrail İranın enerji obyektlərinə qarşı kütləvi zərbələr üçün əməliyyat planını yekunlaşdırıblar. Vəziyyətlə tanış olan iki mənbə belə bir planın mövcudluğunu təsdiqləyərək, onun davam edən danışıqlar və Tehranın mövqeyi ilə bağlı artan qeyri-müəyyənlik fonunda hazırlandığını açıqlayıb.
Bu mənbələrə görə, sənəddə ayrı-ayrı enerji mərkəzlərinə məhdud zərbələrdən tutmuş İran iqtisadiyyatını dəstəkləyən infrastrukturun əhəmiyyətli bir hissəsini sıradan çıxara bilən daha geniş əməliyyata qədər bir neçə variant nəzərdə tutulur. Lakin mənbələr vurğulayırlar ki, planlaşdırmanın tamamlanması faktı dərhal həyata keçirilmə demək deyil.
Məhz buna görə də Prezident Donald Trampın ultimatumu daha 20 saat uzatmaq qərarı diplomatik kanallara son günlərdə İrana göndərilən təklifləri dəqiqləşdirmək üçün vaxt vermək məqsədi daşıyır. Pakistan, Misir və Türkiyə vasitəçiləri, eləcə də Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa mübadilələr vasitəsilə çatdırılan bu təkliflərə hələlik Tehranın razılığı alınmayıb.
ABŞ rəsmiləri iddia edirlər ki, Vaşinqton İrana müvəqqəti atəşkəs və gərginliyi azaltmaq məqsədilə tədbirlər üçün bir neçə variant təqdim edib, lakin mənbələrə görə, İran tərəfi "onlardan heç birini qəbul etməyə hazır olmadığını" bildirib.
Bu vəziyyətdə ilkin uzatma Tehranı ən azı 45 günlük atəşkəs üçün təklif olunan parametrləri nəzərdən keçirməyə inandırmaq üçün əlavə saatlar almaq cəhdi kimi qəbul edilir.
Bildirildiyinə görə, danışıqlar üçün daha çox vaxt lazım olarsa, atəşkəs uzadıla bilər.
İkinci mərhələ müharibəyə son qoymaq üçün yekun razılaşmanı əhatə edəcək.
Vasitəçilər hesab edirlər ki, Hörmüz boğazının tam açılması və İranın yüksək zənginləşdirilmiş uranı ilə bağlı həll yolu, istər ixrac, istərsə də azaldılmış qarışıq yolu ilə olsun, yalnız yekun razılaşmadan sonra əldə oluna və yalnız İkinci mərhələdə həll edilə bilər.
Onlar vasitəçilərin İranın boğaz və nüvə ehtiyatları ilə bağlı görə biləcəyi etimad yaradan tədbirlər üzərində işlədiklərini deyirlər. Lakin iki mənbə İran rəsmilərinin cəmi 45 günlük atəşkəs müqabilində bu təsirdən imtina etməyə hazır olmadığını bildirir. Bu iki məsələ İranın danışıqlarda əsas sövdələşmə kozırıdır. İki məlumatlı mənbəyə görə, İran rəsmiləri 45 günlük atəşkəs müqabilində onlardan tamamilə imtina etməyə hazır deyillər.
Nəzərdən keçirilən bir variant, İranın ilk mərhələdə hər iki cəbhədə məhdud addımlar atmasıdır və ABŞ atəşkəsin yeni bir hücumdan əvvəl müvəqqəti fasiləyə çevrilməyəcəyinə zəmanət verir.
Məlumata görə, İran rəsmiləri vasitəçilərə açıq şəkildə bildiriblər ki, onlar Qəzza və ya Livandakı kimi vəziyyətə bir vəziyyətlə qarşılaşmaq istəmirlər, çünki orada atəşkəs kağız üzərində mövcuddur, lakin ABŞ və İsrail istənilən vaxt başqa bir hücuma keçə bilərlər.
Vasitəçilər həmçinin ABŞ tərəfindən İranın bəzi tələblərini təmin edə biləcək digər etimad tədbirləri üzərində işləyirlər.
Hesabata görə, Vaşinqton və Tehran arasında danışıqlarda iştirak edən vasitəçilər İran rəsmilərinə danışıqlarda əlavə taktiki addımlar üçün vaxt qalmadığını bildiriblər və növbəti 48 saatın razılığa gəlmək və ölkənin genişmiqyaslı dağıdılmasının qarşısını almaq üçün son şans olduğunu vurğulayıblar.
Lakin, vəziyyətlə tanış olan bir mənbənin sözlərinə görə, vasitəçilər danışıqların uğursuzluğa düçar olacağı təqdirdə, İranın təkcə İsrailə deyil, həm də regional müttəfiqlərinə zərər vermək qabiliyyətini nümayiş etdirmək məcburiyyətində qalacağından getdikcə daha çox narahatlıqlarını ifadə edirlər. Vasitəçilərin dediyinə əsasən, bu, "onilliklər ərzində Körfəz infrastrukturu üçün ən dağıdıcı ssenariyə" səbəb ola bilər.
Onlar vurğulayırlar ki, bu, təkcə İran obyektlərinə deyil, həm də Fars körfəzi ölkələrindəki neft terminallarına, nasos stansiyalarına, duzsuzlaşdırma zavodlarına və digər vacib obyektlərə potensial zərbələrə aiddir. Bu obyektlər hətta orta miqyaslı zərbələrə son dərəcə həssasdır və artıq yüksək hazırlıq vəziyyətindədir. Milyonlarla insanın həyatına təsir edən bu sistemlərə edilən hər hansı bir hücum neft tədarükünü, su təchizatını poza və bütün region üçün ciddi iqtisadi nəticələrə səbəb ola bilər.
İran rəsmiləri, ən azı ictimaiyyət qarşısında, hansısa bir güzəştə getməkdən imtina edərək çox sərt mövqe tutmağa davam edirlər. Bazar günü İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi- dəniz donanması Hörmüz boğazındakı vəziyyətin "heç vaxt müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını" bəyan edib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”