Əsas diqqət Avropadan Mərkəzi Asiyaya uzanan bağlantılara yönəlib
Dünyanın müharibələr və siyasi xaosla müşahidə olunan indiki dövründə heç vaxt olmadığı qədər dialoqa ehtiyac var. Xüsusən köhnə dünya düzəninin dağıldığı, yenisinin qurulması prosesindəki çətinliklər zamanında qlobal siyasi platformalarda bu ehtiyac özünü daha çox büruzə verir. XIII Qlobal Bakı Forumunda da "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda müzakirələrin aparılması məhz bu zərurətdən irəli gəlirdi.
Forumda müzakirə olunan əsas məsələlərdən birinin müasir dövrdə qlobal ticarət marşrutlarının olması təsadüfi deyildi. Çünki hazırda baş verən məlum müharibələr və siyasi qarşıdurmalar səbəbindən dünyanın iki böyük ticarət marşrutunun iflic olması sıradan bir logistika hadisəsi deyil. Elə həmin marşrutları "kompensasiya" edən Orta dəhliz və onun yeni seqmenti Zəngəzur dəhlizi (TRIPP) layihəsi də bu hadisə fonunda az əhəmiyyət daşımır. Çünki dünyanın indi yeni, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli bir qlobal ticarət marşrutuna ehtiyacı yaranıb və Orta dəhlizin bu funksiyanı üzərinə götürmək imkanı çoxdur.
"Avropa İttifaqının əsas diqqəti Avropadan Mərkəzi Asiyaya uzanan bağlantılara yönəlib. Bir çox sahədə Çinlə rəqabət olsa da, Mərkəzi Asiyada bəzi məsələlərdə maraqlar üst-üstə düşür" - bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stiprays XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən xüsusi sessiyada deyib. Aİ rəsmisi həmçinin bildirib ki, iki tərəfin maraq göstərdiyi əsas ortaq istiqamətlərdən biri regionda sabitlik və təhlükəsizlik, digəri isə regional bağlantı və nəqliyyat dəhlizlərinin inkişafıdır. E.Stiprays onu da vurğulayıb ki, Avropa İttifaqı və Çinin bu sahələr üzrə fəaliyyəti çox vaxt bir-birini tamamlayır: "Biz layihələri birgə koordinasiya etmirik, lakin müəyyən mənada fəaliyyətlərimiz təbii qaydada bir-birini tamamlayır".
Diplomat bildirib ki, indiki halda Avropa tərəfinin əsas diqqəti transmilli nəqliyyat marşrutlarının inkişafına, xüsusən də Avropadan Mərkəzi Asiyaya uzanan bağlantılara yönəlib. Ancaq Çin daha çox regionun şərq hissəsindəki əlaqələrin inkişafına fokuslanır. E.Stiprays buna misal olaraq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini göstərib: "Bu xətt Çindən başlayaraq Qırğızıstan və Özbəkistan üzərindən Türkiyəyə qədər uzanan mövcud dəmir yolu şəbəkəsinə qoşula bilər və beləliklə, Avrasiya boyunca nəqliyyat əlaqələrini genişləndirə bilər".
"Orta dəhliz Avropa və Asiya arasında yeni ticarət ekosistemi formalaşdırır. Orta dəhliz boyunca ticarətin inkişafından yalnız Mərkəzi Asiya deyil, həm də Avropa faydalanır". Bu sözləri isə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Cənubi Qafqaz üzrə regional direktoru Alkis Drakinos forum çərçivəsində keçirilən "Cənub-Şərqi Avropa və Trans-Xəzər regionunun biznesi" sammitində söyləyib. O, həmçinin qeyd edib ki, ticarətə, enerjiyə və infrastruktura artan tələbat dünya bazarlarındakı konyunktur dəyişikliklərindən asılı olmayaraq, Orta dəhlizin inkişafına davamlı tələb yaradır. Regional direktor deyib: "Mərkəzi Asiyada demoqrafik bum müşahidə olunur. Oradakı cəmiyyətlər çox gəncdir. İqtisadiyyatlar daha çox istehsal edir və ehtiyaclar da artır. Bununla yanaşı, ticarətdən yalnız Avropa faydalanmır. Avropa İttifaqı ölkələri təkcə enerji kimi resursları almır, həm də öz məhsullarını regionun sürətlə artan əhalisinə satırlar. Beləliklə, davamlı bir tendensiya formalaşır - ticarət həcmləri artır və uzunmüddətli perspektivdə bu marşrutun inkişafı özünü tam doğruldacaq". O vurğulayıb ki, seçimi olan bazar iştirakçıları üçün bir marşrutdan və ya bir logistik imkandan asılı olmamaq qat-qat yaxşıdır: "Nəqliyyat variantlarının bütöv bir ekosistemi mövcud olduqda, əsl dayanıqlılıq mənbəyi də məhz budur". Bu ərəfədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Eduard Stiprays ilə Trans-Xəzər və TRIPP layihələrini müzakirə edib. Hikmət Hacıyev bununla bağlı "X" sosial media hesabında etdiyi paylaşımda bildirib: "Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Eduard Stiprays ilə regional əməkdaşlıq, xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur".
Rüstəm KAMAL,
"Azərbaycan"