Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbə "Axır çərşənbə","Yer çərşənbəsi","Çərşənbə-suri" və s. adlarla daha təmtəraqla keçirilir. Torpaq ümumtürk mənəvi-əxlaqi dəyərlər sistemində vətən, el-oba, yurd anlayışları ilə yanaşı, həm də mifik semantik sakrallığı əks etdirir. Bu çərşənbə Torpağın oyanmasını, dirilməsini şərtləndirir.
Mifik təsəvvürlərə görə, torpağın oyanması nəticəsində Su, Atəş, Yel bütün Yer üzünü dəyişir, insanları çətinlikdən, sıxıntı və məhrumiyyətlərdən xilas etmək üçün daha da qüvvətlənir. Belə mətnlərdən birində deyilir: "Adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun "Adamları fəlakətə salan özü fəlakətə düşər" deyib yerindən qalxır, Sel, Atəş, Yel və Torpaq xatun əl-ələ verib: "Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi, təzə ömür, təzə məhsul, il gəldi, - deyib işıqlı dünyaya çıxırlar. Deyirlər ki, həmin gün ilin əziz günü olan İlaxır çərşənbə idi".
Dünya xalqlarının mifoloji düşüncəsində Torpaq əsas yaradıcı qüvvələrdən biri kimi təsəvvür olunur. Məsələn, hind mifologiyasında torpaq - Ana torpaq adlanır. Yaz mövsümündən bir qədər əvvəl məhsuldarlığın bol olması üçün torpağa dualar oxunur, gil və su qarışığı torpağa tökülür, bəzən də tanrılara qurbanlar verilir. Homer və digər yunan şairləri torpağı həyat mənbəyi və məhsuldarlıqla bağlı təsvir ediblər. Afrika xalqlarının mifik təsəvvürlərində insan və heyvanların yaradılışında gil, su, qum , bəzən də od iştirak edib. Türk xalqlarının mifik mətnlərində Torpaq həm yaradıcı, həm də qoruyucu varlıq kimi təsəvvür olunur, əkin və məhsuldarlıq mərasimləri keçirilib. Məsələn, əkinə başlamazdan əvvəl torpağa dualar oxunur, torpağa süd, bal və un tökülərdi ki, məhsul bol- bərəkətli olsun. Altay, Sibir və Mərkəzi Asiya xalqlarının mifoloji ənənəsində Torpaq Ana - "Yer Ana" həyatın və məhsuldarlığın rəmzi kimi qəbul olunurdu.
Azərbaycanda Novruz çərşənbələri ilə bağlı bir çox mifik folklor mətnləri var ki, onların da əksəriyyətində xeyirxah obraz kimi boz atlı Xızır iştirak edir. İlaxır çərçənbə, yaxud Torpaq çərşənbəsilə bağlı mətnlərdə də Xızır xilaskar bir obraz olaraq göydən yerə enir. Bir mətnə görə, "Xızırın qardaşı, yer sahibi Zinda öküzünü itirir və onu axtarmaq üçün meşəyə yollanır. Öküzünü tapa bilməyən Zinda meşədə qar yağdığına görə qarın altında qalır. Həmin gecə boz atlı Xızır göyün doqquzuncu qatından yerə enib qardaşını axtarmağa başlayır, onu tapır və nəfəsilə qızdırır. Zinda öküzünü də axtarıb tapır, hamı Zindanın evinə gəlir. Axşam Xızır qızıldan tökülmüş kotan və boyunduruğu qardaşına verir, çərşənbələşdikdən sonra Xızır Zinda, yaxud Xızırzinda adı ilə bayram keçirib torpağı oyatmağa çalışırlar". İnama görə, İlaxır çərşənbədə Xızırzinda insanlara bərəkət paylayır, ona görə də bütün evlərdə un çuvallarının ağzını açardılar ki, paylanan bərəkətdən onlara da pay düşsün. Həmin günün özünəməxsus ayin- ritualları vardır. Məsələn, ev sahibləri heç kimlə kəlmə kəsmədən əllərini una vurub evin divarlarına, həyətdəki meyvə ağaclarının kötüyünə yavaşca balta ilə toxunub "Nə yatmısan, oyan, bərəkət payını götür" deyərdilər. Bağçadakı bar verməyən ağaca isə "kəsəcəyəm" deyib hədə-qorxu gəlirdilər, bu zaman bir başqa adam sanki Xızırzindanın dilindən belə deyirdi: "Kəsmə, bu ağac təzə ildə bar verəcək, buna mən zamin..."
Novruzun arxaik atributları arasında səməni xüsusi yer alıb. Səməni bolluq-bərəkət, ruzi, yaşıllıq və yazın gəlişinin rəmzidir. Yunan filosofu Plutarx (bizim eranın təqribən 46-127-ci illəri) Midiyada - qədim Azərbaycanda taxılı müqəddəs bitki saymaq ənənəsinin olduğunu göstərmişdir. Bu, hər yeni ilin əvvəlində, yəni yazda icra edilərdi. Bu, səməni göyərtmək şəklində bizim günlərə qədər gəlib çıxmışdır. Səməni insanların arzu-istəklərini həyata keçirən bir nemət kimi xalq təfəkkürünə daxil olmuşdur:
Səməni, ay səməni,
Göyərdərəm mən səni.
Sən gələndə yaz olur,
Yaz olur, avaz olur…
Novruzda səməni cücərdib qohum-əqrəbaya, qonum-qonşuya paylamaq ənənə halını almışdır. İnama görə, əgər səməni sıx, düz bitərsə, təzə il bolluq-bərəkət ili olar, əksinə bir az seyrək bitərsə, bu, həmin ildə çətinliklərin olacağına işarə kimi qəbul edilirdi.
Azərbaycanın bəzi bölgələrində Torpaq çərşənbəsində buğdadan "səməni mayası" adlı təam hazırlanardı. Buna səməni həlimi, yaxud maya səməni də deyərdilər. Bu səməni çəmənlikdə və ya pir və məscidlərin yanında bişirilərdi. İlaxır çərşənbə axşamı gecədən sübhə qədər insanlar bir yerə cəmlənər, "səməni toyu" keçirərdilər. Yaşlı qadınlar səməni mayası bişən qablara yaxınlaşıb nəmər qoyub təzim edər, sağ əllərini üç dəfə qazanlara, sonra dodaq və alınlarına çəkərdilər ki, bu adətə "qazan ziyarəti" deyilərdi. Mifik təsəvvürlərə görə, Xızırzinda gəlib səməni mayasını qəbul edəcək, ona görə də qazanların üstünə un qoyardılar ki, Xızırzindanın əlinin izi burada görünsün. Səməni mayası sübh tezdən yeyilərdi, əvvəlcə xəstələrə və övladı olmayan gəlinlərə verilərdi. Səməni mayası, şirin, dadlı olurdusa, Xızırzinda tərəfindən qəbul edilmiş hesab edilirdi. Səməni mayasını həm də ömrü uzadan, sağlamlığa müsbət təsir göstərən "Xızırzinda çiçəyi" də adlandırırdılar.
Novruz süfrəsinin digər bir atributu yumurtadır. Mifik düşüncədə yumurta yaradılış və həyat rəmzidir. Şərq xalqlarının, o cümlədən türk xalqlarının mifoloji təsəvvürlərində dünyanın yaranması yumurtadan çıxmış quşla əlaqələndirilir. Bu quş Altay xalqlarında müqəddəs Qaz adlandırılır. Türkdilli xalqlar arasında qartal quşların xaqanı sayılırdı.Yakutlar isə hesab edirlər ki, şamanlar qartal yumurtasından törəyib, ona görə də qartalı Tanrı hesab edirdilər.
Zərdüştilərin müqəddəs hesab etdikləri "Avesta"da da "dünya yumurtası" anlayışı mövcuddur. Yumurta dörd varlığı özündə daşıyır, ilkin təsəvvürləri əks etdirir. Yumurtanın həm quruluşu, həm də qabığı Torpağın, qabığın altında olan nazik pərdəsi Havanın, ağı Suyun, sarısı isə Odun rəmzidir. Novruz süfrəsini bəzəyən boyanmış yumurtalar ilin fəsillərini rəmzləndirir.
Novruz ilkinlik, başlanğıc və yeni həyatla əlaqəli təqvim bayramıdır, ona görə də dünyanın yaranması ilə bağlı ayin, etiqad və mərasimləri bütün dünyada tanıtmağa imkan verir. Təsadüfi deyil ki, keçən əsrin 80-ci illərində Azərbaycana səfər edən əcnəbi antropoloq Tur Heyerdala Qobustanda Novruz xonçası təqdim edilərkən o, öz heyrətini gizlədə bilməmiş və xonçanın önündə diz çökərək "Əcəba, bu, dünyanın bəzədilmiş simvoludur, siz nə qədim xalqsınız!" deyə bildirmişdir.
Torpaq çərşənbəsində silsilə ayin və mərasimlər yerinə yetirilərdi.Yerin altından "çilləxana" adlı dar yol açıb, səhər tezdən "ağırlığımı yer götürsün, mətləbimi Allah versin" deyib həmin yeraltı yoldan keçəndən sonra alma yeyilməliydi. İnsanlar öz müşküllüklərini sanki Torpağa tapşırıb "ölüb dirilirdilər", inisasiya prosesindən keçib yenilənirdilər. Bu ritual sonralar da böyüklər tərəfindən icra olunardı, xüsusən el arasında yolunu azanları Torpaqdan halallıq almaq və islah olunmaq məqsədilə həmin çilləxanalardan keçirərdilər.
Torpaq çərşənbəsində "Cütçü şumu", yaxud "Əkin toyu", "Səpin toyu" adlanan böyük bir mərasim keçirilərdi. Mərasimin baş qəhrəmanı Cütçü baba, yaxud Gilbaba, Turab baba olmuşdur. Rəvayətə görə, Cütçü baba ilk dəfə insanlara taxıl əkib-biçməyi öyrətmiş hesab edilməsidir. Bu mərasimdə Cütçü baba vəzifəsini icra etmək üçün elin hörmətli adamı seçilərdi. Səhər-səhər "Cütçü baba" mərasimi başlanmazdan əvvəl hamı hazırlaşardı. Ayinə görə, iydə, yaxud ərik ağacından düzəldilən bir cütü, qarakotanı günün altında qoyub onu qırmızı parça ilə bəzəyərdilər. Mərasimdə şum alətinin vəsfinə həsr olunmuş "Cüt gözəlləməsi" də oxunardı. Sonra bir cüt ağ öküz gətirib, ayaqlarını qırmızı parçalarla bəzəyib kotana qoşardılar. Daha sonra mərasimə Cütçü baba, yaxud Xızırzinda təşrif buyurur.
Torpağın oyanmasını əks etdirən İlaxır çərşənbə Azərbaycanın bir çox bölgəsində Novruz bayramı ilə eyni təmtəraqla keçirilir, yəni ilaxır çərşənbə zəngin mərasim, oyun, tamaşa sistemi daxilində keçirilir. İlaxır çərşənbə axşamı digər çərşənbələrdən daha çox ayin icra edilir, tonqallar qalanır, kütləvi bayram məclisləri təşkil olunur. Həmin ayinlərdən biri də İlaxır çərşənbə günü axşam bütün həyətlərdə tonqal qalamaqdan ibarətdir. Tonqal üç yerdə qalanır. İlaxır çərşənbə süfrəsinin və çərşənbə xonçasının bəzədilməsi xüsusi önəm daşıyır. Məlumdur ki, Novruzun əsas şirniyyatları şəkərbura, paxlava, qoğal, şəkərçörəyi və s.dir. Novruz şirniyyatlarının hər birinin öz semantik mənası vardır, şəkərbura ayın, qoğal günəşin, paxlava isə ulduzların rəmzidir. Bunlar arasında ən çox növü olan paxlavadır: Bakı paxlavası, Quba paxlavası, Şəki paxlavası, Gəncə paxlavası, riştə paxlavası və s. İlaxır çərşənbə və Novruz süfrəsində hər evdə mütləq bayram plovu bişməlidir.
İlaxır çərşənbə axşamında bir çox ritual icra edilərdi ki, onların bir qismi bu gün də xalq arasında qorunub saxlanmışdır. Qulaq falı, qapı pusmaq və s. belə ayinlərdəndir. İlaxır çərşənbə axşamı küsülülər barışarlar. Gecə təbiətdə nə varsa, hamısı təzələnir.
İlaxır çərşənbə axşamı dayanıb qonşunun qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt haqqında müəyyən fikirlər söyləyirlər, məsələn, ilk eşidilən sözlər "işığı yandır", "yaxşı olacaq" və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. İlaxır çərşənbə axşamı subay qızlar duzlu kökə yeyib su içmirlər. Gecə yuxuda kökə yeyənə su verən insan yuxu görənin "qismətidir" kimi qəbul olunur. Başqa bir inama görə, İlaxır çərşənbədə otuzluq lampanın altına qıfıl bağlayıb qoyurlar, niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə daxil olarsa, onun ilk sözü niyyətə görə yozular. Novruzda İlaxır çərşənbə günü "iynə süzdürüb", "çillə çıxarırlar", hamı deyib-gülür şənlənir. Hər kim yatdı, onu yatdığı yerə tikirlər, sonra da üstünə su töküb ayıldırlar və s.
Şərq, türk və bir çox dünya xalqlarının mədəniyyətində Torpaq anlayışı Vətən və doğma yurdun əsas rəmzlərindən biridir. Türk xalqlarında Torpaq zəngin mənəvi dəyərdir, həm də ruhi bir bağ kimi qəbul olunur. İnsanla Torpaq arasında mənəvi əlaqənin olması torpağın həm həyat təminatçısı , həm də qoruyuculuq funksiyasını daşıması kimi qəbul edilir. Torpaq milli şüurun əsas rəmzlərindən olduğuna görə, xalq ədəbiyyatı nümunələrində torpağa bağlılıq, vətən, el, yurd sevgisi bariz şəkildə əks olunmuş, arxaik ritual və mərasimlərlə, ayin - etiqadlar silsiləsində xalq təfəkkürünə həkk olunmuşdur.
Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru