Aprel döyüşlərinin 10-cu ildönümü ilə əlaqədar Astarada tədbir keçirilmişdir. Tədbir çərçivəsində şəhərdəki Qəhrəmanlar parkında Aprel döyüşləri şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun büstünün açılışı olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Milli Qəhrəmanın anası Vahimə Ağayeva büstün önünə əklil qoymuşlar. RİH başçısı çıxış edərək qeyd etmişdir ki, Aprel döyüşlərindən artıq 10 il keçir. “Bu əlamətdar hadisə Azərbaycan Respublikasının müasir hərb tarixində mühüm yer tutmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan proseslərin başlanğıc mərhələsi kimi xüsusi əhəmiyyət kəsb edir. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ərazilərimizin işğaldan tam azad olunmasına aparan Şanlı Zəfər yolunun başlanğıcı idi.
Bölmələrimizin qətiyyətli zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edildi, 500-dən artıq döyüşçüsü yaralandı. Döyüş əməliyyatları nəticəsində işğal altında olan 2 min hektardan artıq ərazi azad edildi, strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və ətraf əraziləri ordumuzun tam nəzarətinə keçdi”.
Q.Ağayev daha sonra bildirmişdir ki, bu döyüşlərdə rayonun qəhrəman oğulları da iştirak etmişlər: “Onlardan biri də 17 il Azərbaycan Ordusunda xidmət etmiş, onlarla döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş və Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Teymurov Pəncəli Nurməmməd oğludur. Pəncəli Teymurovun xidmətləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, Prezidentin 7 noyabr 2025-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülmüşdür”.
Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Ağayeva çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın fədakarlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə təsəlli tapdığını, qalib xalqın nümayəndəsi olmaqla qürur duyduğunu bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlığını ifadə etmişdir.
Seyran CAVADOV,
“Azərbaycan”