08 Avqust 2025 08:15
705
SİYASƏT
A- A+
ABŞ-Azərbaycan münasibətlərində güc, inkişaf və ədalət prinsipi

ABŞ-Azərbaycan münasibətlərində güc, inkişaf və ədalət prinsipi


ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə pozitiv və fəal işgüzar məcraya yönələn Vaşinqton-Bakı münasibətləri hazırda özünün aktiv mərhələsini  yaşayır. Bir neçə istiqamətdə gedən yüksəliş Prezident Donald Trampın xarici siyasət konsepsiyasına - ABŞ-nin milli maraqları naminə əməkdaşlıq kursuna cavab verir. Tramp regional lider və güc olan tərəflərlə münasibətləri yaxşılaşdırmaq siyasətinə üstünlük verir və hesab edir ki, bu xətt Vaşinqtonun Cənubi Qafqazda nüfuzunun möhkəmlənməsinə, uğurlu geosiyasi və iqtisadi nəticələrin əldə edilməsinə səbəb olacaq. Bugünkü Vaşinqton-Bakı əlaqələri məhz bu yanaşmadan irəli gələn əməkdaşlıq təşəbbüslərinə əsaslanır.

ABŞ-Azərbaycan münasibətlərinin daha bir tərəfi Bakı ilə İrəvan arasında 2020-ci ilin İkinci Qarabağ savaşından sonra start verilən sülh danışıqlarının yekun sazişlə imzalanmasına dəstək verməkdən ibarətdir. Əgər Bayden administrasiyası hər vəchlə bu prosesə mane olurdusa və ya ən yaxşı halda tarixi ədalətə və formalaşmış yeni gerçəkliyə zidd şəkildə məğlub Ermənistana hansısa geosiyasi üstünlüklərin əldə edilməsi şərti çərçivəsində müqavilənin imzalanmasına çalışırdısa, Tramp hakimiyyəti daha real yanaşma nümayiş etdirməklə həm 30 illik qarşıdurmaya son verməyə, həm də bununla bölgəmizdə mümkün olacaq iqtisadi yüksəlişə müsbət impuls ötürməyə çalışır. Hazırda bu istiqamətdə cərəyan edən hadisələr, konkret olaraq, Azərbaycan və Ermənistan liderlərinin Trampın təşəbbüsü və vasitəçiliyi ilə Vaşinqtonda münasibətlərin yeni mərhələsinin əsasını qoymaq üçün iradə nümayiş etdirmələri məhz sözügedən dəyişikliklərin təzahürüdür.


Tramp hakimiyyətinin obyektivliyə verdiyi dəyər


Cənubi Qafqazın ən qanlı və köklü münaqişəsinin həllinin bir yolu olub: tarixi ədalətə və obyektivliyə müraciət etmək. Birinci Qarabağ müharibəsi dövründə torpaqları işğala məruz qalan, 1 milyon nəfərə qədər vətəndaşı öz ərazisində məcburi köçkünə çevrilən Azərbaycanın illərlə davam edən sülh prosesindən yeganə gözləntisi məhz bu olub. Tarixi ədalət - Ermənistanın işğal etdiyi torpaqların Azərbaycana məxsusluğu, obyektivlik - beynəlxalq hüquqa üstünlük və işğalçının əməllərinin qəbul edilməsi. Təəssüf ki, onilləri əhatə edən və heç də sülhə xidmət etməyən beynəlxalq vasitəçilik missiyasının nümayiş etdirdiyi davranışın əsas məqsədi bu iki prinsiplə ziddiyyət təşkil edib. ATƏT-in Minsk qrupu üçlüyü özlərinin arasında olan bir neçə istiqamətli dərin ziddiyyətlərə baxmayaraq, Qarabağ məsələsində müəmmalı həmrəylik nümayiş etdiriblər. İşğalçı dəstəklənib, onun əməlləri pərdələnib, işğala məruz qalan tərəf isə reallıqla barışmağa məcbur edilib. 

Bu ədalətsiz, ikrah və neqativ doğuran, illərlə paslanaraq etimadın tam itirilməsinə səbəb olan riyakar siyasət onunla nəticələnib ki, Azərbaycan problemi özü öz gücü ilə həll etmək qərarına gəlib və qazandığı tarixi qələbə ilə nəinki ərazi bütövlüyünü təmin edib, habelə beynəlxalq hüququn 30 illik iflasını aradan qaldırıb - BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin reallaşmasına nail olub. Gözləmək olardı ki, bundan sonra Ermənistan kimi, beynəlxalq vasitəçilər də formalaşmış yeni reallıqla razılaşıb yaranmış əlverişli fürsətdən istifadə edərək sülh prosesinə səmimi dəstək verəcəklər. Ancaq göründüyü kimi, bu illər ərzində vasitəçilərin hər biri üst qatda özlərinin, pərdə arxasında isə məğlub İrəvanın maraqlarını təmin etmək niyyəti ilə yekun sülh sazişinin imzalanmasının qarşısını almağa, yaxud ən azı Ermənistanın maraqlarının təmin edilməsi formatına nail olmağa çalışıblar. 

Təəssüf ki, bu geosiyasi xəttin ön sıralarında Bayden ABŞ-si ilə Makron Fransası durub və hazırkı reallıq onu nümayiş etdirir ki, əgər 2020-ci ilin payızında keçirilmiş seçkilərdə Donald Tramp təkrar qələbə qazansaydı, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi bu qədər uzanmaz və ləngiməzdi. ABŞ tarixinin qara səhifəsinə çevrilən və Trampın özünün də qeyd etdiyi kimi, saxtalaşdırma ilə müşayiət edilən həmin seçkilər nəticəsində hakimiyyətə gələn Co Bayden erməni lobbisi və diasporunun təsiri altında Bakı-İrəvan nizamlanmasının bu qədər uzanmasının ən birinci baiskarlarındandır. 

Təqdirəlayiq haldır ki, yenidən hakimiyyətə gələn Tramp özünün genişspektrli və çoxşaxəli xarici siyasət konsepsiyasında Cənubi Qafqazda cərəyan edən hadisələri də görür və dünyanın dördbir yanında sülhə nail olmaq istədiyi kimi, Azərbaycanla Ermənistan arasında yekun sazişin imzalanmasına çalışır. Yeri gəlmişkən qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi ərzində də rəsmi Vaşinqtonun davranışı Azərbaycanda ciddi alqışa səbəb olmuşdu. 44 günlük müharibə Trampın birinci hakimiyyətinin sonuna təsadüf edirdi. Ağ Ev tərəflərdən heç birini dəstəkləməmiş və müdafiə etməmişdi, səmimi şəkildə hərbi əməliyyatların dayandırılmasına istiqamətlənmiş çağırışlar etmiş və erməni diasporunun təsirinə məruz qalmamışdı. 


Güclünün tanınması


Trampın xarici siyasətinin mühüm özəlliyi ondan ibarətdir ki, onun hakimiyyəti dövründə ABŞ regional liderlər və güc mərkəzləri ilə işləməyə üstünlük verir. 

Tramp Azərbaycanla və onun qətiyyətli lideri - Prezident İlham Əliyevlə sıx əməkdaşlıq münasibətləri qurmaqla başçısı olduğu dövlətin bütün Cənubi Qafqazda nüfuzunun yüksəlməsinə nail olur. Sirr deyil ki, bu gün regionumuzda gedən istisnasız olaraq bütün böyük və hətta qlobal xarakterli proseslərin hansı istiqamətdə cərəyan edəcəyi və nə ilə nəticələnəcəyi Prezident İlham Əliyevin münasibəti və rəsmi Bakının yürüdəcəyi siyasətdən asılıdır. Bu yanaşmanı biz həm regionumuzda icra olunan transmilli layihələrə, həm də bölgənin digər təmsilçiləri - Gürcüstanla Ermənistanın şəxsi təşəbbüslərinə münasibətdə tətbiq edə bilərik. Bu gün Cənubi Qafqazın üç dövlətinin hər birinin, hətta ölkə daxilində baş verən müqəddərat əhəmiyyətli hadisələrdə mütləq halda Azərbaycanın mövqeyi və statusu nəzərə alınmalıdır. ABŞ-nin regionumuza dair siyasəti də məhz bu amilin tanınmasından keçir. 

Bu kursa, nisbətən geniş coğrafi miqyasda toxunmuş olsaq, qeyd edə bilərik ki, Tramp Yaxın Şərqdə Türkiyənin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəksiz liderliyini qəbul edir. Məhz buna görə də Suriyada baş vermiş dəyişikliklərə ABŞ-nin və bütün Qərb dünyasının adekvat reaksiyasının şahidi olduq. D.Trampın şəxsi nüfuzu və dəstəyi Hindistanın ədalətsiz təxribatları ilə alovlanmağa başlamış Dehli-İslamabad münaqişəsinin yatırılmasında da nümayiş etdirildi. Sonrakı mərhələ ABŞ Prezidentinin regional güc mərkəzi olan Pakistanla əlaqələrə necə önəm verdiyini göstərdi. 

Bu kontekstdə ABŞ liderinin Afrikada və Cənub-Şərqi Asiyadakı sülh təşəbbüslərini də nəzərə almaq lazımdır. Konkret olaraq, Kamboca ilə Tailand arasında qızışan və insanların məhvinə yönəlmiş münaqişənin Trampın müdaxiləsi ilə sona çatması, bundan əvvəl İsrail-İran gərginliyinin yatırılması ABŞ-nin dünyanın gözləri qarşısındakı nüfuzunu artırmış oldu. Onun Cənubi Qafqazdakı proseslərə də eyni yanaşması regionun ən dərin və amansız münaqişəsinin tam aradan qaldırılmasına nöqtə qoya bilər ki, hazırda bu proses ictimaiyyət tərəfindən izlənilir. Bu baxımdan, Azərbaycan Prezidentinin həm ötənilki Şuşa Qlobal Media Forumunda, həm ilin əvvəlində yerli telekanallara müsahibəsi zamanı, həm də bu yay Xankəndidə baş tutmuş III Şuşa Qlobal Media Forumunda Donald Trampın xarici siyasətini yüksək qiymətləndirməsi rəsmi Bakının dünyada baş verən proseslərə ədalətli və adekvat yanaşması ilə bərabər, həm də Vaşinqtondakı hazırkı administrasiyadan real sülh təşəbbüslərinin gözləntisi ilə bağlıdır. 


Münasibətlərdə strateji istiqamət


ABŞ Azərbaycanın müstəqillik əldə etdikdən sonra iqtisadi əməkdaşlığa önəm verdiyi ən vacib dövlətlərdən biri və hətta birincisi olub. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizi açıq bazar iqtisadiyyatı, dünyanın iqtisadi həyatı ilə kooperasiya xətti ilə inkişafetdirmə kursu Vaşinqtonla sıx təmaslar fonunda cərəyan edib. Azərbaycanın Xəzər dənizində olan zəngin karbohiderogen yataqlarından çıxarılan enerji daşıyıcılarını dünya bazarlarına nəql siyasəti öz növbəsində ABŞ-dən ciddi dəstək alıb. ABŞ Qərbin aparıcı neft şirkətlərinin Azərbaycana gəlişini təşviq edib və bu prosesə bütün mərhələlərdə dəstək  verib. Nəticə bugünkü reallıqdır: Azərbaycan uzun illərdir ki, dünya bazarını neftlə təmin edir, hazırkı qlobal seysmik geosiyasi vəziyyətdə Bakı Avropanın ən vacib qaz tədarükçüsü statusunda çıxış edir.

Azərbaycanla ABŞ-nin iqtisadi əməkdaşlığı bəzi siyasi hadisələrin həllində açar rolunda çıxış edib. Məsələn, 2001-ci ilin 11 sentyabr terrorundan sonra ABŞ və müttəfiqlərinin Əfqanıstan kampaniyasında Azərbaycan kilid rolunu oynayan tərəf kimi çıxış edib: bizim səmamız koalisiya qüvvələrinin işini asanlaşdırıb və bu da qlobal antiterror missiyasına öz töfhəsini verib. Ölkəmizə qarşı ABŞ Konqresi tərəfindən qəbul edilən ədalətsiz 907-ci düzəlişin mövcudluğuna baxmayaraq, rəsmi Bakının bu səmimi addımı ikitərəfli münasibətlərin inkişafına öz müsbət təsirini göstərib. 


İqtisadi əməkdaşlıq və regional yüksəliş


Trampın xarici siyasət konsepsiyasının əsasını məhz iqtisadi əməkdaşlıq və ABŞ üçün fayda fəlsəfəsi təşkil edir. Azərbaycanla dərin köklərə malik iqtisadi əlaqələr Trampın bölgəmizə verdiyi önəmin daha bir səbəbidir. 

Bu gün Bakı ilə Vaşinqton arasında iqtisadi əməkdaşlığın geniş və çoxsaylı sahələri mövcuddur. Qlobal siyasi böhran səbəbindən iflic olmuş ənənəvi ticarət və yükdaşıma marşrutları indi Azərbaycan və bölgəmiz hesabına kompensasiya edilir. Sabit ticarət dünyanın ən böyük iqtisadiyyatı kimi ABŞ-nin milli maraqlarına cavab verir. Regionumuzdan keçən Orta dəhliz Şərqlə Qərbin iqtisadi münasibətlərində yeni səhifənin açılması deməkdir. Bu yol ticarət mübadiləsini zaman baxımından xeyli qabağa sala və asanlaşdıra bilər. 

Bu müstəvidə bir məqama xüsusi toxunmağa ehtiyac var. Söhbət Azərbaycanla Ermənistan arasındakı sülh prosesi kontekstində Zəngəzur dəhlizinin açılışından gedir. Bu yol böyük transmilli prosesin bir parçası olmaqla həm Azərbaycana, həm Ermənistana, həm də dünya ticarətinə böyük faydalar gətirə bilər. Tramp administrasiyasının bu məqamı da diqqətsiz qoymaması tədqirəlayiq haldır. Xüsusilə liderlərin Əbu-Dabi görüşündən sonra ABŞ-nin bu mövzuya marağının aktuallaşması dəhliz prosedurlarına dair danışıqlara yeni və güclü stimul verə bilər, habelə onun gələcək təhlükəsizliyini, deməli, səmərəli işləməsini təmin edər.

Göründüyü kimi, Vaşinqtonun regionumuza fərqli yanaşması və adekvat münasibəti Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni üfüqlər açır. Trampın güclü lider olaraq heç bir təsir cəhdlərinə önəm vermədən prinsipial siyasət yürütməsi bu prosesi xeyli sürətləndirir. ABŞ-nin bu səyləri regional lider olan Azərbaycanın xarici siyasət konsepsiyasına və inkişaf strategiyasına tam cavab verir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

20:57
20 Sentyabr

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub

20:15
20 Sentyabr

Azercell abunəçilərinin nəzərinə

20:11
20 Sentyabr

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib

19:55
20 Sentyabr

Yaponiyada yaşlı əhalinin sayı artır

19:04
20 Sentyabr

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

18:49
20 Sentyabr

20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

18:40
20 Sentyabr

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır

18:19
20 Sentyabr

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

18:09
20 Sentyabr

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir

17:43
20 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb

17:23
20 Sentyabr

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

16:19
20 Sentyabr

Xocavənd Şəhəri Günü qeyd olunur

16:16
20 Sentyabr

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib 

16:14
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

16:13
20 Sentyabr

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

15:54
20 Sentyabr

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir  

15:50
20 Sentyabr

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq  

15:10
20 Sentyabr

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir 00

15:07
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!