18 Aprel 2024 09:10
261
Mədəniyyət
A- A+

Abidələrin qorunması xalqımızın mədəni irsə sevgisindən xəbər verir

 

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. 1983-cü ildə UNESCO tərəfindən təsis edilmiş bu günün başlıca məqsədi insanların diqqətini abidələrin, tarixi yerlərin qorunmasına yönəltməkdir.
Təbiidir ki, bu, alqışlanmalı bir təşəbbüsdür. Çünki abidələr böyük əhəmiyyətli mədəni, tarixi və memarlıq dəyəri olan tikililərdir. Tarixi abidələr keçmişdən soraq verən daş yaddaşımızdır. Bu abidələr xalqın irsinin göstəricisidir. Onların mühafizəsi, qorunması və təşviqi müasir dövrümüzdə çox vacibdir. Tarixi abidələr gələcək nəsillərə keçmişdən xəbər verir, onların sabaha baxışlarını formalaşdırır.
Maddi-mədəni irsin qorunub saxlanmasının əsas amillərindən biri onların milli ideoloji və mənəvi dəyərindədir. Abidələr hər bir xalqın zəngin mədəni irsindən xəbər verir, onun tarixində mühüm yer tutur. Onlar cəmiyyətin inanclarının, adət-ənənələrinin əyani təsviridir. Babalarımızdan bizlərə yadigar qalmış tarixi abidələrin qorunub saxlanması keçmişə böyük sevgidir. Bu, həm də mədəni müxtəlifliyin, özünəməxsus kimliyinin qorunması deməkdir.
Maddi-mədəni irsin qorunub saxlanılması gələcək nəsillərin tərbiyəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Abidələr xalqların kimliyini formalaşdırmış proseslər haqqında məlumat əldə etməyə geniş imkan yaradır. Bu sərvətin mühafizəsi cəmiyyətin yaddaşını qoruyub saxlamaq və onu gələcək nəsillərə ötürmək deməkdir.
Azərbaycan xalqının tarixi maddi-mədəni irsinin qorunması bir proses olaraq müxtəlif mərhələlərdən keçmişdir. Ölkəmizin bütün ərazisi müəyyən dövrləri əks etdirən tarixi memarlıq və digər maddi mədəniyyət abidələri ilə zəngindir. Onların mühafizəsi və tədqiq edilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən xüsusi siyasi kurs həyata keçirilməkdədir. Bu siyasi kursun reallaşdırılması isə ilk növbədə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev hələ keçmiş sovetlər ittifaqı zamanı Azərbaycanda maddi və mənəvi irsin qorunması istiqamətində ardıcıl bir mədəniyyət siyasətini reallaşdırmışdır. 
Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin gücləndirilməsi, eyni zamanda maddi mədəniyyət abidələrinin qorunması istiqamətində fəaliyyətin intensivləşdirilməsinə böyük təkan vermişdi. UNESCO və dünyanın mədəniyyət sahəsində fəaliyyət göstərən bir çox təşkilatları ilə Azərbaycan arasında birgə fəaliyyət güclənmişdir. Bir sıra abidələrimiz dünyanın maddi-mədəni irsi siyahısına salınmışdır. Azərbaycan Prezidenti İlham Əliyev maddi-mədəni irsin və memarlıq incilərimizin qorunması istiqamətində konseptual siyasət yürütməkdədir. Azərbaycanda bütün maddi mədəniyyət abidələrinin və eləcə də memarlıq nümunələrinin qeydiyyatı, qorunması işi birbaşa yüksək siyasi iradənin nəzarəti altında həyata keçirilməkdədir. 
Ölkəmizdə Azərbaycan mədəniyyətinin, eləcə də maddi-mədəni irsin qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də daim xalqımız tərəfindən yüksək dəyərləndirilir. Mehriban xanımın rəhbərliyi və yaxından diqqəti ilə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda maddi və qeyri-maddi mədəni irsimizin qorunması istiqamətində mühüm işlər görülmüş və görülməkdədir. Qədim Azərbaycan mədəniyyətinin parlaq nümunələri UNESCO-nun Mədəni İrsi Siyahısına daxil edilmişdir. Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə respublika ərazisində bir çox maddi mədəniyyət abidələri restavrasiya edilmişdir. 
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinin və xalqla mənəvi birliyinin nəticəsi olaraq otuz ildən sonra tarixi torpaqlarımız Ermənistanın işğalından azad edilmişdir. Arxada qalmış otuz il ərzində işğal altında olan yurdlarımızda milli-mədəni irsimiz ermənilər tərəfindən planlı şəkildə tamamilə məhv edilmişdir.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi onların arzularını ürəklərində qoydu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə azad edilmiş ərazilərdə tarixi abidələrimizi ziyarət etmiş, onların yenidən qurulması, bərpası istiqamətində tədbirlər görülməsi, həmçinin siyahıya alınması və qorunması üçün müvafiq qurumlara yerindəcə tapşırıqlar vermişlər. Qədim Azərbaycan torpaqları olan Qarabağ və Şərqi Zəngəzur ərazisi qədim və Orta əsrlər dövrünə aid tarixi abidələrlə zəngindir. Xüsusilə Azərbaycan qədim siyasi və mədəni tarixinin bir hissəsi olan Alban Xristian İrsinə aid alban abidələrinin siyahıya alınması, qeydiyyatının təkmilləşdirilməsi istiqamətində müvafiq işlər görülməkdədir. 
Bütün görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti maddi və qeyri-maddi mədəni irsinə sahib çıxır, bu irsin qorunması istiqamətində zəruri addımlar atır. Aparılan quruculuq işləri Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunun mədəniyyət sahəsində də uğurla davam etdirildiyinin bariz nümunəsidir. 

Yaqub YAQUBOV,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video