25 May 2026 15:17
119
İQTİSADİYYAT
A- A+
31-ci Bakı Enerji Həftəsi və 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi baş tutacaq  

31-ci Bakı Enerji Həftəsi və 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi baş tutacaq  


2026-cı ilin 1–3 iyun tarixlərində Bakı yenidən qlobal enerji dialoqunun əsas mərkəzlərindən birinə çevriləcək. Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini növbəti mühüm müzakirələr və enerji sahəsinin yeniliklərinin nümayişi üçün bir araya gətirəcək. Həmçinin 1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün strateji əhəmiyyət daşıyan “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, 31-ci “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur. 2025-ci ildə təşkil edilmiş Bakı Enerji Həftəsinin iştirakçılarına salamlama məktubunda Prezidenti İlham Əliyev bu tədbirin artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanındığını qeyd edib.

“Bakı Enerji Həftəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür”,- deyə ölkə prezidenti bildirib.

ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksəkrütbəli qonaqların iştirakı gözlənilir.

Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.

Bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur.

Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər. 1, 2 və 3 iyun tarixlərində “Koroğlu” metrostansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Bulvar Mall”a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcək.


“Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.

“Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq.


Bakı Enerji Həftəsinin işgüzar proqramı

Bakı Enerji Həftəsi çərçivəsində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunacaq. Proqrama panel müzakirələr, innovasiya, keys, forsayt və peşəkar inkişaf sessiyaları, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.

Tədbir çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma memorandumlarının imzalanması nəzərdə tutulur. Tərəfdaş ölkə və şirkətlərlə birgə əməkdaşlıq formatında atılan bu addımlar ölkənin enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerjiyə keçid istiqamətində mühüm rol oynayır.

Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. Tədbirin proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://caspianoilgas.az/az/events-programme) tanış olmaq mümkündür. Bakı Enerji Həftəsi çərçivəsində tədbir keçirilən məkanlarda ilk dəfə olaraq “AI RoboCafe” fəaliyyət göstərəcək.

Bundan əlavə, “Baku Energy Week” çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların yaratdığı rəsmlərdən ibarət sərgi də təşkil olunacaq. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin hərracı keçiriləcək.


“Baku Energy Forum”

Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq “Baku Energy Forum”dur.

Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dək nümayəndənin iştirak etməsi gözlənilir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alır.

Bu il öncəki illərdən fərqli olaraq, Bakı Enerji Forumunun açılışı da iyunun 1-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Daha sonra forum iştirakçıları əsas müzakirələr üçün Bakı Konqres Mərkəzinə toplaşacaqlar. Forumun gündəliyi olduqca zəngin olacaqdır. Tədbir çərçivəsində yüksəksəviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar təşkil ediləcək.

Qeyd etmək lazımdır ki, forumun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaq.


“TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi

Azərbaycanın tranzit potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən iri infrastruktur layihələri, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və logistika imkanlarının modernləşdirilməsi ölkəmizi Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Azərbaycanın bu sahədə artan strateji rolu beynəlxalq səviyyədə də öz təsdiqini tapır. Belə ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin əsas daşımalar qovşağı kimi rolunun getdikcə gücləndiyini xüsusi vurğulayıb.

Məhz bu kontekstdə nəqliyyat və logistika sahəsində keçirilən beynəlxalq ixtisaslaşmış sərgilərin əhəmiyyəti daha da artır. “TransLogistica Caspian” sərgisi müasir nəqliyyat həllərinin təqdim olunduğu, sənaye nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirildiyi və logistika sahəsində aktual məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platformadır. Tədbir Avrasiya məkanının nəqliyyat və logistika sahəsi üzrə peşəkarlarını bir araya gətirən ən önəmli beynəlxalq görüş məkanı kimi çıxış edir.

Sərgiyə “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir.

Üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edəcəklər.

“TransLogistica Caspian” sərgisi Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat qurumlarının rəhbərləri, sənaye mütəxəssisləri və biznes nümayəndələri ilə bir araya gəlmək, nəqliyyat texnologiyalarının ən son nailiyyətlərini nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq və perspektivli infrastruktur layihələri ilə tanış olmaq üçün unikal platformadır. Sərgi çərçivəsində dövlət və özəl sektor arasında formalaşan əməkdaşlıq nəqliyyat və logistika sahəsində innovativ yanaşmaların tətbiqinə, infrastrukturun inkişafına və sektorun davamlı böyüməsinə mühüm töhfə verir. Bu qarşılıqlı fəaliyyət regional inteqrasiyanın gücləndirilməsi və iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır.

3 iyun 2026-cı il tarixində “TransLogistica Caspian” beynəlxalq sərgisi çərçivəsində “Radisson Hotel Baku”da 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçiriləcək. “TransLogistica Caspian Forum” beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə olunduğu peşəkar platforma rolunu oynayacaq.

Sərgi çərçivəsində geniş işgüzar proqram təşkil olunacaq, yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” və “B2G” formatlı görüşlər, tematik tədbirlər və sənaye üzrə müzakirələr keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

18:07
25 May

Azərbaycanda duz istehsalı 28 faiz artıb  

17:23
25 May

Qarabağ və Şərqi Zəngəzurda kredit qoyuluşları 600 milyon manata yaxınlaşıb

17:16
25 May

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

17:09
25 May

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

17:05
25 May

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

16:54
25 May

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

16:47
25 May

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən  

16:36
25 May

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

16:28
25 May

Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır

16:19
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!