21 Dekabr 2022 02:14
1098
SİYASƏT
A- A+

Zəngin sərvət, düzgün strategiya, etibarlı tərəfdaşlıq

 

Azərbaycanın enerji siyasətinə uğur gətirir 

 

Dünyada zəngin neft-qaz ehtiyatlarına malik olan ölkələr çoxdur. Lakin onların heç də hamısı bunlardan lazımınca bəhrələnə bilmirlər. Bəzilərini bu sərvət hətta yoxsulluğa və səfalətə düçar edir. Azərbaycanda isə Prezident İlham Əliyevin dediyi kimi, "neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".
İstər kapitalizm, istərsə də sovet dönəmində ölkəmizin qızıldan qiymətli bu sərvətləri özümüzə qismət olmamışdı. Əvvəl onlardan əcnəbi neft maqnatları bəhrələnmişlər. Keçmiş SSRİ-nin vaxtında planlı sovet təsərrüfatı, ittifaqa daxil olan bütün respublikaların ümumi büdcədən eyni dərəcədə faydalanmasına əsaslanan qaydaları təbiətin bəxş etdiyi zənginlikdən xalqımızın öz xeyrinə istifadə etməsinə imkan verməmişdi.
Müstəqilliyin ilk illəri isə Azərbaycan üçün çətin keçdi. Ölkəni idarə edənlərin məsuliyyətsizliyi və səriştəsizliyi ucbatından neft-qaz sənayesi də tənəzzülə uğradı. Dönüş yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra baş verdi. 1994-cü ildə dünyanın ən tanınmış neft şirkətləri ilə "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi üçün saziş imzalandı. Azərbaycan iqtisadiyyatının "qəddini düzəldən", ölkənin gələcək inkişafına təkan verən bu möhtəşəm kontrakt "Əsrin müqaviləsi" adını aldı. Ulu Öndər uzaqgörənliklə bəyan etdi: "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir".
İllər keçdikcə Azərbaycanın enerji layihələrinin sayı artdı, onlar təkcə ölkəmizə deyil, bütün regiona xeyir-bərəkət gətirdi. Azərbaycanın neft və qazının ixrac marşrutları şaxələndi. Ulu Öndər Heydər Əliyev təməlini qoyduğu, bir çox sınaqdan keçirdiyi Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərini Prezident İlham Əliyev uğurla yekunlaşdırdı. BTC sözün əsl mənasında Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya əyani nümayiş etdirdi. 
Bakı yaxınlığındakı Səngəçal terminalından Türkiyənin Ceyhan limanınadək 1768 kilometr məsafə qət edən BTC 16 ildən çoxdur ahəngdar və təhlükəsiz işləyir. Bu da onun fəaliyyətinə aid son məlumat: cari ilin yanvar-noyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 34 milyon 418,9 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çox neft nəql olunub. Dövlət Statistika Komitəsi bildirir ki, nəqletmənin 78,8 faizi BTC ilə həyata keçirilib. 11 ayda bu kəmərlə 27 milyon 121 min ton neft ixrac edilib. Kəmərə eyni zamanda tranzit nefti də vurulur.
BTC böyük enerji dəhlizlərinə yol açdı. Başqa sözlə, Prezident İlham Əliyev Ümummilli Liderin yeni neft strategiyasını nəinki davam etdirdi, hətta onu günün tələbləri səviyyəsində inkişaf etdirərək ölkəmizin enerji siyasətini zirvələrə qaldırdı.
Xəzərin "Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağının işlənməsi, qısa bir zamanda zəruri nəql infrastrukturunun qurulması ölkəmizi qaz ixrac edən ölkə kimi tanıtdı. Azərbaycan 2006-cı ildən Gürcüstana, 2007-ci ildən isə Türkiyəyə qaz ixrac edir. İlham Əliyevin meqalayihəsi adlandırılan "Cənub qaz dəhlisi" ixrac marşrutlarını daha uzaq ünvanlaradək şaxələndirdi. Təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan, 3500 kilometr yol keçən bu dəhliz geniş bir əməkdaşlıq və tərəfdaşlıq platforması üzərində araya-ərsəyə gəldi və onun sonuncu seqmenti TAP (Trans-Adriatik Qaz Boru Kəməri) artıq iki il tamamdır ki, Azərbaycan qazını Avropaya nəql edir. 
Bir neçə gün əvvəl Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilə bağlı plenar iclasdakı çıxışında Prezident İlham Əliyev bu barədə də məlumat verdi: "Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir, bu il 11,3 milyard kubmetrdir. Növbəti il onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün, 2021-ci ildə o, 19 milyard kubmetr təşkil edirdi. Dünən Dövlət Neft Şirkəti və "Romqaz" 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var".
Məlum olduğu kimi, Avropanın mavi yanacağa olan ehtiyacı artıb və Azərbaycana edilən müraciətlərə cavabında dövlətimizin başçısı bildirib ki, tərəfdaşlarımıza kömək göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Məhz xarakterinə xas olan bu sözübütövlüyə görə də İlham Əliyev bütün dünyada nüfuzlu lider, Azərbaycan etibarlı tərəfdaş kimi tanınıb.
Etibarlı tərəfdaşlıq isə yeni birgə işlərə, zamanın tələblərinə uyğun yeni layihələrin reallaşmasına yol açır. Məsələn, konkret olaraq bərpaolunan enerji layihələrinə.
Azərbaycan bərpaolunan enerji istehsalı üçün geniş imkanlara malikdir. Abşeronun günəşi, Xəzərin küləyi bu növ enerjinin qarşısında geniş üfüqlər açır. Bu il artıq iki layihəyə start verilib. Yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə başlanıb. Mart ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub.
İşğaldan azad olunmuş ərazilərin potensialını nəzərə alaraq Prezident İlham Əliyev bu bölgəni "yaşıl enerji" zonası elan edib. Qeyd edək ki, bu əraziyə daxil olan rayonların 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialı var. Ölkənin daxili su ehtiyatlarının isə təxminən 25 faizi bu ərazilərdə formalaşır. Yaxın vaxtlarda Cəbrayıl rayonunda bp şirkəti ilə birlikdə "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikintisinə başlanacağı gözlənilir. 
Təsadüfi deyil ki, tərəfdaşlarımız, o cümlədən Avropa İttifaqı Azərbaycanın bu sahədəki imkanlarını yüksək dəyərləndirir. Bu məsələlər cari ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda öz əksini tapıb.
Beləliklə, Azərbaycanın istehsal edəcəyi "yaşıl enerji"nin gələcək ixracı məsələləri indidən özünə yer alır. Yeri gəlmişkən: cəmi 2-3 onillik əvvəl şəhərləri fasilələrlə işıqlandırılan, kəndləri isə demək olar ki, işığa həsrət olan Azərbaycan bu gün elektrik enerjisi də ixrac edir. Yaxın illərdə ölkəmiz həm də "yaşıl enerji" ixracatçısı olmağı, Avropanın mühüm elektrik enerjisi, əsasən "yaşıl enerji" təchizatçısına çevrilməyi planlaşdırır. 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etmək nəzərdə tutulur. Bunun 80 faizi ixrac olunacaq. 
Cari il dekabrın 17-də Buxarestdə imzalanan mühüm sənəd də bunun gerçəyə çevriləcəyinə, Azərbaycanın Avropaya həmçinin "yaşıl enerji" körpüsü salacağına inam və zəmin yaradır. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video