07 Mart 2024 08:00
16791
SİYASƏT
A- A+

Yüksək beynəlxalq etimadın növbəti nümunəsi

 

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası Bakıda keçirilən ən irimiqyaslı tədbirlərdən biri olacaq

 

Bakı şəhəri uzun müddətdir ki, qlobal səviyyədə keçirilən beynəlxalq tədbirlərin əsas ünvanı kimi tanınır.  İndiyə kimi paytaxtımız  saysız-hesabsız müxtəlif məzmunlu mötəbər tədbirlərə evsahibliyi edib. Hətta onların bir qisminin keçirilməsi ənənə halı alıb və təsadüfi deyil ki, Bakıda təşkil edilən tədbirlər dünyada sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfələr verir.

 

Tədbirlərlə bağlı Azərbaycan Hökuməti ilə BMT arasında Saziş imzalanıb 

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29 bu il Azərbaycanda keçiriləcək.  Bakı iki həftə dünyanın mərkəzi olacaq və təqribən 70-80 min xarici qonağı qarşılayacaq.  Prezident İlham Əliyevin dediyi kimi, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir və ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan yüksək ehtiramdan xəbər verir.
2026-cı ildə isə Bakı daha bir mötəbər beynəlxalq tədbirə evsahibliyi edəcək. Söhbət Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasından gedir. Bu tədbirin Azərbaycanda keçirilməsinin hüquqi bazasını təşkil edən "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş" 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Sazişi Azərbaycan Hökuməti adından Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Maimunah Mohd Şərif imzalayıblar. 
Milli Məclisin martın 6-da keçirilən iclasında təsdiq edilən bu saziş Azərbaycan və BMT arasında xüsusi imtiyazlar və immunitetlər, ölkə ərazisinə sərbəst giriş-çıxış hüququ, texniki avadanlığın və tədbir üçün tələb olunan malların idxal-ixrac icazələri, forumun səmərəli fəaliyyətini təmin etmək üçün tələb oluna bilən mühafizə və digər təşkilati məsələləri tənzimləyir.

 

Azərbaycanın şəhərsalma sahəsində uğurları qlobal səviyyədə yüksək qiymətləndirilir

 

Ümumdünya Şəhərsalma Forumu (ÜŞF) 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünyanın üzləşdiyi ən aktual problemlərdən biri olan sürətli urbanizasiya və onun şəhərlərə, iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirini tənzimləmək məqsədilə təsis olunub. Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən forum urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçıya şəhərlərin necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək imkanı verir. 
Forumun ilk sessiyası 2002-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində təşkil olunub. Sonrakı illərdə forumun sessiyaları Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur kimi tanınmış şəhərlərdə keçirilib. ÜŞF-in bu ilə planlaşdırılan 12-ci sessiyası noyabr ayında Misirin paytaxtı Qahirədə təşkil olunacaq. 
Mühüm və beynəlxalq xarakterli tədbir olan ÜŞF-nin On Üçüncü Sessiyasının Bakıda keçirilməsi barədə qərar Azərbaycanda şəhərsalma sahəsində uğurların qlobal səviyyədə qiymətləndirilməsinin, habelə ölkəmizin yüksək nüfuzunun nümunəsidir. Eyni zamanda belə bir tədbirə evsahibliyi etmək Azərbaycanın öz nailiyyətlərini və şəhərsalma ilə bağlı təcrübəsini nümayiş etdirmək üçün əhəmiyyətli bir imkandır. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən dağıdılan şəhərlərimizin bərpası istiqamətində görülən, bu sahədə tətbiq olunan innovativ yeniliklər dünyanın diqqətini cəlb etməkdədir. 30 ilə yaxın davam edən işğal müddətində dağıdılmış şəhərlərimizin bərpası həm də Azərbaycanda şəhərsalma ilə bağlı ən müasir təcrübənin qazanılması ilə müşayiət olunur. Ona görə Azərbaycan şəhərsalma ilə bağlı  qlobal gündəliyə daha böyük töhfələr verə bilər. Bu baxımdan, Bakıda keçiriləcək tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər bir araya gələrək və geniş fikir mübadiləsi apararaq şəhərsalma ilə bağlı yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər. 
Bütövlükdə, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası Azərbaycanda keçiriləcək ən irimiqyaslı tədbirlərdən biri olacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video