15 Aprel 2023 01:52
1977
SİYASƏT
A- A+

Yeni strateji tərəfdaş

 

İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri, imzalanan birgə bəyannamə münasibətlərin daha da dərinləşməsinə yeni impuls verdi

 

Cənubi Qafqazda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət yürüdən Azərbaycan dünyanın aparıcı güc mərkəzləri, əksər dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurub. 
Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil xarici siyasət Azərbaycanı dünyada həm də etibarlı tərəfdaş kimi tanıdıb. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlərə qədər bir çox dövlətlə əməkdaşlıq edir. Onlardan biri də Bosniya və Herseqovinadır. 
Azərbaycan ilə Bosniya və Herseqovina arasında 28 illik diplomatik münasibətlər var. 1995-ci il fevralın 9-da Bosniya və Herseqovina Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanın bu ölkənin  Sarayevo şəhərində diplomatik nümayəndəliyi 2011-ci il martın 1-də təsis olunub. 2022-ci ilin iyunun 14-də isə Prezident İlham Əliyev Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb. Dost ölkənin də Bakıda səfirliyinin açılması gözlənilir.
Aprelin 13-də İlham Əliyevin bu ölkəyə səfəri,   Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə keçirilən görüş, iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, mətbuata birgə bəyanatlar mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün real zəmin formalaşdırdı.  

 

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qardaşlaşan Bakı və Sarayevo şəhərləri

 

Azərbaycanın Balkan ölkələri ilə münasibətlərində Bosniya və Herseqovina ilə əlaqələr mühüm yer tutur. Azərbaycan öz xarici siyasətində bütün ölkələrlə qarşılıqlı faydalılıq prinsipi, hörmət, ehtiram əsasında inkişaf etdirilməsinin tərəfdaşı kimi çıxış edir və bu da özünü Bosniya və Herseqovina arasında münasibətlərdə də çox qabarıq şəkildə göstərir. 
Bosniya və Herseqovinanın əhalisinin 51 faizini müsəlmanlar təşkil edir. Azərbaycanın bu ölkə ilə münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin təşəbbüsü ilə 1972-ci il oktyabrın 20-də Bakı və Sarayevo şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb.
 İki ölkə arasında daim yüksək səviyyədə olan siyasi dialoq 2012-ci il oktyabr ayının 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin münasibətlərin tarixində ilk dəfə olaraq Azərbaycana rəsmi səfərindən sonra daha da  genişlənib. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar münasibətlərin inkişafına yeni dinamizm gətirib. 
Yüksəksəviyyəli sonuncu belə səfər isə bu ilin fevralında reallaşıb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edib və martın 1-də Prezident İlham Əliyev ilə görüşüb. Həmin görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edilib, iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirilib. Bu xüsusda iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu vurğulanıb. Jelka Tsviyanoviç görüşdə Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət etmişdi. 
İlham Əliyev də bu ölkəyə səfəri zamanı mətbuata bəyanatla çıxışında həmin dəvəti xatırladaraq "Bir ay yarım bundan əvvəl Bakıda görüşmüşdük. Siz məni ölkənizə dəvət etmişdiniz və mən böyük məmnuniyyətlə bu dəvəti qəbul edib bu gün Sizin ölkənizdəyəm"- fikrini səsləndirdi.
İlham Əliyev bu səfəri dəyərləndirərkən bildirdi ki, bu gün münasibətlərin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar yeni imkanlar açır. O cümlədən imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə gələcək inkişafın istiqamətlərini göstərir: "Biz müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələr aparacağıq. Eyni zamanda iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq. Birgə komissiya, yəni Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında eyni zamanda konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq".
Strateji tərəfdaşlıq əlaqələrinin xüsusi əlaqələr olduğunu deyən İlham Əliyev bunun hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyduğunu vurğuladı və hər iki ölkənin bu məsuliyyətə hazır olduğunu söylədi. Prezident əminliklə bildirdi ki, hər iki ölkə, sözün əsl mənasında, strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.

 

5 milyon dollarlıq ticarət dövriyyəsi, 79-cu xarici ticarət tərəfdaşı

 

Azərbaycan ilə Bosniya və Herseqovina arasında iqtisadi münasibətlər sürətlə inkişaf etsə də, mövcud göstəricilər bu sahədəki potensialı tam əks etdirmir. Belə ki, 2022-ci ildə Bosniya və Herseqovina Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5 milyon dollar, o cümlədən idxalın həcmi 2 milyon dollar, ixracın həcmi isə 3 milyon dollar təşkil edib. 2021-ci illə müqayisədə ötən il Bosniya və Herseqovina ilə ticarət dövriyyəsi üç dəfə artıb.
İqtisadi əlaqələri dəyərləndirən İlham Əliyev qeyd edib ki, əməkdaşlığın digər istiqamətləri ilə bağlı ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Azərbaycan Bosniya Herseqovinaya sərmayə qoymaqda maraqlıdır. Eyni zamanda energetika sahəsində çox geniş imkanlar var. Azərbaycanın təşəbbüskarı olduğu "Cənub qaz dəhlizi"nin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddətdir ki, bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir: "Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir".

 

"Ölkəmizdə bir çətinlik baş verəndə Azərbaycan hər zaman yanımızda olub"

 

Xanım Jelka Tsviyanoviç isə Azərbaycana, xüsusən də İlham Əliyevə ölkəsinə göstərilən hərtərəfli yardıma görə təşəkkürünü bildirərək deyib ki, 2014-cü ildə bu ölkədə baş vermiş daşqın zamanı xalq böyük çətinliklərlə üzləşib. Həmin zaman Azərbaycan dost ölkənin yanında olub. Həmçinin koronavirus və pandemiya dövründə də Azərbaycan bu ölkəyə yardım əlini uzadıb: "Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda Sarayevoda tibb müəssisəsi təsis edildi. Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olmuşdur". 
Jelka Tsviyanoviç vurğulayıb ki, imzalanan birgə bəyannamə iki ölkəni strateji tərəfdaşa çevirib və bu sənəd daha sıx siyasi dialoqun həyata keçirilməsinə, eyni zamanda daha səmərəli iqtisadi əməkdaşlığa imkan yaradacaq. Bunun sayəsində işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcək, eyni zamanda təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq.
Qeyd edək ki, 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş təbii fəlakət nəticəsində sel daşqınlarından zərərçəkmiş insanlar üçün Azərbaycan tərəfindən 336 min dollar dəyərində humanitar yardım göndərilib. Koronavirusla mübarizəyə dəstək məqsədilə Azərbaycandan bu ölkəyə 2020-ci ildə 244 min dollar dəyərində tibbi və gigiyenik məhsullardan ibarət humanitar yardım, 588 min dollar məbləğində humanitar məqsədli maliyyə yardımı edilib. Azərbaycan 2021-ci ildə Bosniya və Herseqovinaya 160 min dollar dəyərində 40 min doza "AstraZeneca" peyvəndi göndərib.

 

Birgə layihələrin həyata keçirilməsində səmərəli platforma

 

İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən görüşlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək. 
Bununla yanaşı, hökumətlər arasında Birgə İqtisadi Komissiyanın yaradılması əlaqələrin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platforma olacaq.
Bu səfər həm ikitərəfli, həm də beynəlxalq qurumlar səviyyəsində münasibətlərə yeni çalarlar gətirilməklə əlaqələrin güclənməsinə, eləcə də ticari-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar, turizm və digər sahələrdə əməkdaşlıq üçün mövcud olan imkanlardan daha dolğun şəkildə istifadə edilməsinə mühüm töhfə olacaq, münasibətlərin yeni inkişaf mərhələsinə keçməsinə müsbət impuls verəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video