Başa çatan tədris ili ali
təhsilimizin inkişafında yeni bir mərhələ olmaqla, ilk növbədə, dördüncü sənaye
inqilabının başlanması, rəqəmsal texnologiyaların sürətli inkişafı və qlobal pandemiya
ilə şərtlənən müasir reallıqlar və yeni çağırışlarla xarakterizə oluna bilər. Təbii
ki, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş
və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
reallaşdırılan və yeni dövrün tələblərinə uyğun inkişaf etdirilən dövlət siyasətinin
məzmununda ali təhsilin prioritet yer tutması xüsusi vurğulanmalıdır.
Prezident İlham Əliyevin
Bakı Dövlət Universitetinin 100 illik yubiley mərasimində proqram xarakterli tarixi
çıxışı və ali təhsil müəssisələri qarşısında konkret vəzifələr qoyması cari tədris
ilində ali təhsilimizin ən mühüm hadisəsi kimi qiymətləndirilməlidir. Həmin çıxışda
yüksəkixtisaslı kadr hazırlığının Azərbaycanın potensial sosial-iqtisadi inkişaf
perspektivləri, milli-mənəvi dəyərlər və vətənpərvərlik tərbiyəsi kimi mühüm amillər
nəzərə alınmaqla müasirləşdirilməsinin və təkmilləşdirilməsinin vacibliyi bəyan
edilmişdir.
2019-2020-ci tədris ilində
Mingəçevir Dövlət Universitetində (MDU) həyata keçirilən kompleks tədbirlər, ilk
növbədə, əsas strateji hədəfə - paytaxt səviyyəli ali təhsil müəssisəsinə çevrilmək
məqsədinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanmışdır. Bu zaman milli
ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında
baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də universitetin mövcud
durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınmışdır.
Müasir tədris texnologiyalarının,
innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi
MDU-nun milli ali təhsilImizdəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri
və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir.
Bütün bunlara nail olmaq üçün tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin
səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, əməkdaşların
sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı
faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin
yaradılması prioritet istiqamətlər olaraq seçilmişdir.
Prioritet istiqamətlər üzrə
əsaslandırılmış qərarlar və inamlı addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin
mühüm aktorlarından birinə çevrilməsi istiqamətində mühüm inkişaf əldə olunmasına
imkan vermişdir. Məhz bu amil həm universitetin populyarlığının və cəlbediciliyinin
artmasına, həm də əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən yüksəkixtisaslı
kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə dəstək vermişdir.
Son tədris ilində universitetdə
iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat)
və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilmişdir. 3 fakültənin,
10 kafedranın mövcud olduğu universitetdə 2400-dən artıq tələbə və magistrant təhsil
almışdır.
İlk dəfə olaraq MDU-da tədris
ilinə hazırlıqla bağlı müvafiq əmr verilmişdir. Mövcud qanunvericiliyin tələbləri
və aparıcı universitetlərin müsbət təcrübəsi əsasında hazırlanmış əmrdə müvafiq
struktur bölmələrinə konkret tapşırıqlar verilmişdir. Funksional iş bölgüsünün dəqiq
aparılması tədrisin təşkilində səmərəliliyin artırılmasına səbəb olmuşdur.
Struktur islahatları çərçivəsində
yeni yaradılan Tədris şöbəsi innovativ yönümlü təhsilin təşkili, proqnozlaşdırılması
və planlaşdırılması, keyfiyyətin monitorinqi və qiymətləndirilməsi, tələbələrin
qeydiyyatı və hərəkəti, məzunlarla iş, sənədləşmələrin sistemləşdirilməsi sahəsində
mühüm rol oynamışdır. Şöbənin yaradılması ilə tədris idarəçiliyi mexanizmi əhəmiyyətli
dərəcədə təkmilləşdirilmişdir.
Yeni təlim texnologiyalarından
istifadə, interaktiv dərslərin keçirilməsi üçün elektron avadanlıqlarla təchizat,
dərslik və dərs vəsaitləri ilə təminat, qiymətləndirmənin obyektiv və şəffaf keçirilməsi
istiqamətində atılan addımlar öz müsbət nəticələrini artıq payız imtahan sessiyasında
vermişdir.
Pandemiya şəraitində universitetin
əsas vəzifəsi tədris prosesində davamlılığın təmin edilməsindən ibarət olmuşdur.
Kollektivin məqsədyönlü fəaliyyəti və Təhsil Nazirliyi tərəfindən göstərilən davamlı
dəstək nəticəsində MDU bu vəzifənin öhdəsindən gələ bilmişdir. Bütün mümkün online
kommunikasiya alətlərindən istifadə, müasir informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması sayəsində
tədrisin məsafədən təşkili mümkün olmuşdur. "ZOOM” və "Microsoft Teams” platformaları
üzərindən 200-dən çox fənn üzrə 3759 virtual dərs keçirilmişdir. Akademik heyətin
hazırladığı 710 "videodərs” Youtube kanalında ümumilikdə 100 min dəfədən çox izlənilmişdir.
Müəllimlərin 90%-dən çoxu, tələbələrin 80%-dən çoxu, yaz semestrində tədris olunan
fənlərin isə 100%-i məsafədən təhsilə cəlb olunmuşdur.
Yaz semestrinin imtahan
sessiyasına hazırlıq istiqamətində görülmüş kompleks tədbirlər imtahan prosesinin
operativ və çevik şəkildə idarə edilməsinə imkan vermişdir. Sessiyanın obyektiv,
şəffaf və mütəşəkkil keçirilməsində akademik və inzibati heyət, "İmtahan Qərargahı”,
müəllimlərdən ibarət "İmtahanlara dəstək qrupu” və gənc əməkdaşlardan ibarət "Texniki
dəstək qrupu”nun üzvləri fəal iştirak etmişlər.
İmtahanlarla bağlı müraciətlərə
operativ baxılmasında və biliyin obyektiv qiymətləndirilməsinin təmin olunmasında
"Apellyasiya Komissiyası” mühüm rol oynamışdır. İlk dəfə olaraq MDU-da reallaşdırılan
"İmtahan könüllüləri” layihəsinə qoşulan könüllü sonuncu kurs tələbələri imtahan
prosesində çevikliyin təmin olunmasına mühüm töhfələr vermişlər. İlk dəfə olaraq
online formatda təşkil edilmiş magistrlik dissertasiyalarının müdafiəsi də uğurla
başa çatmışdır.
Yaz imtahan sessiyasında
bakalavriat səviyyəsində müvəffəqiyyət göstəricisi 99.3 faiz, keyfiyyət göstəricisi
isə 27.5 faiz olmuşdur. Bu göstəricilər payız imtahan sessiyasında müvafiq olaraq
80.9 faiz və 16.9 faiz təşkil etmişdir. Eyni göstəricilər magistratura səviyyəsində
müvafiq olaraq 100 faiz və 85 faiz 98.4 faiz və 64 faiz olmuşdur.
Tədris ilində elmi tədqiqatların
məzmununun təkmilləşdirilməsinə, bu sahədə müasir metodlardan istifadənin artırılmasına
və elmi fəaliyyətin nəticəyönümlülük yanaşması üzərində qurulmasına xüsusi diqqət
yetirilmişdir. Bu dövrdə 4 elm sahəsi üzrə (təbiət, texniki, ictimai, humanitar
elmlər) ümumilikdə 13 problemə dair 37 mövzunu əhatə edən 101 elmi iş yerinə yetirilmişdir.
Tədqiqatların ölçüləbilən meyarlar əsasında aparılmasında yeni yaradılmış Elm və
innovasiyalar şöbəsi mühüm rol oynamağa başlamışdır.
Elmi fəaliyyətlə məşğul
olmaq üçün imkanlar artırılmış və stimullaşdırıcı addımlar atılmışdır. 2019-cu ildə
digər qurumların doktoranturalarında MDU üçün 15 məqsədli yer ayrılmışdır. Hazırda
universitetin 27 əməkdaşı fəlsəfə doktoru proqramı, 5 əməkdaşı isə elmlər doktoru
proqramı üzrə müxtəlif universitetlərdə və AMEA-nın sahə institutlarında dissertant
və doktorantdır. 300-dən artıq əməkdaşı olan universitetdə 185 professor-müəllim
heyəti çalışır ki, onlardan 61 nəfərin müvafiq istiqamətlər üzrə elmi dərəcəsi vardır.
Tədqiqat bacarıqlarının
inkişaf etdirilməsi kontekstində, Təhsil Nazirliyi və Avropa İttifaqı tərəfindən
icra edilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların
gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan "Beynəlxalq elmi jurnallarda
məqalələrin yazılması”, "Tədqiqat metodologiyası”, "Texnoloji transfer və kommersiya”,
"Sahibkarlıq və startap”, "Open Access” və digər mövzularda keçirilmiş təlimlər
çox faydalı olmuşdur.
Dünyanın aparıcı elmi-məlumat bazası olan "Web of Science®” platformasında
MDU-nun profili yaradılmışdır. Profilə əsasən bu vaxta qədər əməkdaşların 9 məqaləsi
"Web of Science®” bazasında indekslənən elmi nəşrlərdə dərc olunmuşdur. Onlardan
3-ü yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur. Məqalələr kimya mühəndisliyi,
yanacaq energetikası, riyaziyyat və tətbiqi kimya sahələrinə aiddir. MDU-nun sözügedən
baza üzrə göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə Clarivate Analytics
şirkəti ilə sürətlə inkişaf etdirilən tərəfdaşlıq çərçivəsində universitetin əməkdaşları
üçün müvafiq təlimlərin təşkil edilməsi nəzərdə tutulmuşdur. Bu sıradan təşkil olunan
ilk vebinarda MDU-nun 70-dən artıq əməkdaşı iştirak etmişdir.
Tələbələrin startap fəaliyyətinə cəlb olunmasına diqqət artırılmışdır. Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Anlaşma
Memorandumunun imzalanması bu sahədə mühüm uğur olmuşdur. Belə ki, Mingəçevir Yüksək
Texnologiyalar parkında birgə yaradılmış "Simbioz” texnoloji biznes inkubatorda
tələbələr fəal iştirak edirlər.
Dünya təcrübəsindən faydalanmaqla universitet idarəçiliyində daha çevik alətlərin
və mexanizmlərin tətbiqinə diqqət yetirilmişdir. İlk növbədə tələbələrin bütün səviyyələrdə
idarəetmə prosesində fəal iştirakı təmin edilmişdir. Əsaslandırılmış struktur islahatları
tədris prosesinin səmərəli təşkilinə, idarəetmədə paralelliyin aradan qaldırılmasına,
innovativ fəaliyyətin effektiv qurulmasına, kadrların inkişafının əlaqələndirilməsinə,
ictimaiyyətlə əlaqələr və kargüzarlıq işinin keyfiyyətinin yüksəldilməsinə imkan
yaratmışdır.
İdarəçilikdə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi
məqsədilə MDU-nun İctimai Nəzarət Şurası yaradılmış, universitetin rəhbər şəxslərinin
qəbul qrafiki müəyyən edilmişdir. Rektorun iştirakı ilə qış imtahan sessiyasında
5 dəfə, yaz imtahan sessiyasında isə 7 dəfə online formatda keçirilən "Açıq qapı”
günləri faydalı müzakirə platformasına çevrilmişdir.
Yeni qəbul olunmuş tələbələrin universitet həyatına daha çevik inteqrasiya
ola bilməsi məqsədilə ilk dəfə "Oriyentasiya günü” keçirilmişdir. Pandemiya dövrünün
məhdudiyyətləri nəzərə alınmaqla cari ilin 29 uyun tarixində ali təhsil müəssisələri
arasında ilk dəfə olaraq MDU-da virtual "Məzun günü-2020” tədbiri təşkil edilmişdir.
Ölkə rəhbəri tərəfindən ali təhsil sahəsinə göstərilən yüksək diqqətin yaratdığı
imkanlardan faydalanmaqla, 1 sentyabr 2019-cu il tarixindən etibarən universitetdə
aylıq əməkhaqqı orta hesabla 15 faiz artırılmışdır. MDU-nun 2 əməkdaşı Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi döş nişanı, 5 əməkdaşı isə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
Kadr hazırlığının məzmununu müasirləşdirmək məqsədilə Erasmus+ proqramından
faydalanmaq istiqamətində addımlar atılmışdır. Bu proqram çərçivəsində payız semestrində
2, yaz semestrində isə 3 MDU tələbəsi İspaniyanın Vallodolid Universitetində təhsil
almışdır. Bundan başqa, MDU "Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin
yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+layihəsində də fəal iştirak edir.
MDU əməkdaşları Böyük Britaniyada, İsveçdə, Litvada və Koreyada təşkil olunan
tədbirlərdə iştirak etmişlər. MDU Bolonya prosesi üzrə İşçi Qrupunun iclasında
(Helsinki), X Rusiya-Azərbaycan Regionlararası Forumunda (Moskva) və "Ali təhsil
islahatları ekspertlərinin illik konfransı”nda (Praqa) təmsil olunmuşdur.
2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi ilə əlaqədar Təhsil
Nazirliyinin "Bir” Tələbə Könüllü Proqramı, "ASAN Könüllüləri” təşkilatı, Mingəçevir
Gənclər Evi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi ilə birgə bu istiqamətdə
əhəmiyyətli işlər görülmüşdür. MDU "Region Könüllülərinin İnkişaf Forumu”nun təşkilatçılarından
biri olmuşdur.
Universitetdə müvafiq istiqamətlər üzrə fəaliyyətin daha keyfiyyətli həyata
keçirilməsində Təhsil Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və digər tərəfdaşların
davamlı töhfəsi mühüm rol oynamışdır. Məhz bu qarşılıqlı faydalı tərəfdaşlıqlar
yeni missiyanın başlandığı ilk tədris ilində MDU-nun modernləşməyə doğru inamlı
addımlar atmasını şərtləndirmişdir.
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət
Universitetinin rektoru