14 Mart 2023 01:50
4060
SİYASƏT
A- A+

Yeni büsatın mübarək, torpağım!

 

Sənə qovuşmağın həsrətini o qədər çəkmişik ki...

Düşmən tapdağı altında qalmağının əzab-əziyyətini o qədər yaşamışıq ki...

Sənin azad olunduğun günü görə bilməmək fikrinin dəhşəti ürəyimizi o qədər sıxıb parçalayıb ki...

Hərdən ümidimiz azalıb lap bir damcı qalsa da, heç zaman tükənməyib!

Dövlətimizə, onun qüdrətinə inanmışıq!

Ordumuza, onun gücünə arxalanmışıq!

Baş sərkərdəmizə, onun müdrikliyinə, uzaqgörənliyinə, sözünün sahibi olmasına güvənmişik, tapınmışıq!

Tanrıdan da heç zaman əlimizi üzməmişik, həmişə dua edib yalvarmışıq!

***

Təsəllimiz həm də xalqımızın uzun əsrlərin sınağından çıxmış müdrik deyimləri olub:

BAYRAQLARI BAYRAQ EDƏN,

              ÜSTÜNDƏKİ QANDIR,

TORPAQ, UĞRUNDA ÖLƏN VARSA,

                                            VƏTƏNDİR!

Birinci Qarabağ müharibəsində torpaq uğrunda döyüşlərdə 20 min şəhid verdik.

Lakin rəhbərsiz, sərkərdəsiz, arxasız-köməksiz qaldığımızdan torpaqlar əldən çıxdı.

Respublikanın ozamankı birinci şəxsləri - maymaqlar, qorxaqlar bizə başçılıq edə bilmədilər.

Naşılar və səriştəsizlər torpaqdan, xalqdan çox özlərini düşündülər.

Üzümüzə gülərək bizə "dost" deyənlər arxada ayağımızın altında quyu qazdılar.

Üstəlik, erməniyə həqiqi dost olub, əllərindən gələn köməyi onlardan əsirgəmədilər.

***

TORPAQ SU İLƏ QARIŞANDA PALÇIQ, QANLA YOĞRULANDA İSƏ VƏTƏN OLUR!

Yolunda qan axıtdığımız torpağa illərlə uzaqdan baxdıq.

Yana-yana, qovrula-qovrula baxdıq.

Nə əlimiz çatdı, nə gücümüz, nə də silah-sursatımız.

Əmanət qəbirlərdə yatdıq ki, bəlkə ölümdən sonra da olsa, sənə qovuşaq.

Nə yaxşı Tanrı bizə rəhm elədi.

Nə yaxşı Tanrı bizi əsl rəhbərimizə, xilaskarımıza qovuşdurdu!

Ulu Öndərimiz özü ilə bizə yeni inam, güc, birlik, mübarizə əzmi gətirdi!

Doğma torpaqlara qayıdaraq Vətənə sahib çıxmağın yollarını göstərdi!

Bizi qayıdışa, qələbəyə köklədi!

***

VERMƏ, DÜNYALARI ALSAN DA, BU CƏNNƏT VƏTƏNİ!

Dünyanın ən "güclü" qurumu sayılan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il havada qalaraq gərəksiz kağız parçasına çevrildi.

Beynəlxalq təşkilatlar gücsüz və təsirsiz qərarları ilə barsız ağaclara bənzədilər.

Beynəlxalq hüququ nəzərə alan, saya salan olmadı.

ATƏT-in Minsk qrupu saysız-hesabsız və mənasız danışıqları, əhəmiyyətsiz səfərləri, məntiqsiz, qərəzli və birtərəfli təklifləri ilə gülüş hədəfinə çevrildi.

Nə yardan doydular, nə də əldən qoydular.

***

Bütün dünyanın, dünyada BMT adlı ən "nəhəng" təşkilatın, beynəlxalq qurumların və hüququn 30 ildə edə bilmədiklərini Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gündə həyata keçirdi!

Həm də yeni reallıq yaratdı!

"Dəmir yumruğ"u ilə düşmən ordusunu məhv etdi!

Qüdrətli ordusu ilə düşmənin belini qıraraq qarşısında diz çökdürdü!

Hünər və qətiyyəti ilə düşmənə təkcə hərb meydanında deyil, diplomatiya və informasiya cəbhəsində də qalib gəldi!

Ermənistanı kapitulyasiya aktını imzalamağa vadar etdi!

Milyonların arzusunu 44 gündə həyata keçirdi!

İkili standartların bütün hiylə və müqavimətini 44 gündə qırıb parçaladı!

Ermənistanın təkcə özünü deyil, yaxın dostlarını, havadarlarını, müdafiəçilərini, alaq otu kimi bütün dünyanı basmış erməni diasporlarını, dünya siyasi fiqurlarının bir qismini pulla ələ alaraq oyuncağa çevirmiş dünya erməniliyini acınacaqlı məğlubiyyətə uğratdı!

* Otuzillik torpaq həsrətinə son qoydu!

* Otuz ilin ayrılığını vüsala çevirdi!

* Otuz ilin düşmən tənəsinə, məğlubların dil qısalığına möhtəşəm qələbə ilə nöqtə qoydu!

Milli qürurumuzu, milli mənliyimizi özümüzə qaytardı!

Ermənilərin "məğlubedilməz millət", "məğlubedilməz ordu" miflərini "dəmir yumruğ"un amansız zərbələri ilə birdəfəlik məhv etdi!

Əvəzində düşmənlərimizin hər birinin alnına "əbədi məğlublar" damğasını vurdu!

İlham Əliyev sözünün sahibi olduğunu bir daha təsdiq etdi!

İlham Əliyev dediyini etdiyini bütün dünyaya əyani şəkildə göstərdi!

İlham Əliyev şəhidlərin müqəddəs qanını yerdə qoymadı, onların qisasını artıqlaması ilə aldı!

Həm də bizim doğma Qarabağa, Şərqi Zəngəzura, Qərbi Azərbaycana gedən yolumuzu açdı!

Açılan yolları, qələbəyə çatdıran cığırları isə magistrallara, hava limanlarına, dəmir yollarına çevirdi!

Bəli, indi hər birimiz istədiyimiz vaxt doğma torpaqlara gedə bilirik!

Böyük qayıdış günbəgün, saatbasaat gerçəkləşir!

***

Artıq Qarabağa və Şərqi Zəngəzura köç başlayıb!

Böyük qayıdışın ilk qaranquşları sayılan keçmiş məcburi köçkünlər dağılmış yurdlarında yenidən isti yuva qurmaq üçün geri dönürlər!

Bu günlərdə daha on ailə Ağalıya qayıtdı!

Novruz bayramı ərəfəsində, qaranquşların uçub gəlmələrinə sayılı günlərin qaldığı bir zamanda.

Bəxtəvərcəsinə, sevinə-sevinə geri qayıdırlar.

Geri dönənlər gözyaşlarını saxlaya bilmirlər, əslində, heç gizlətmək də istəmirlər.

Bu günü o qədər arzulamışlar ki...

Doğma el-obadan qaçqın düşəndə də ağlayırdılar.

Acı gözyaşları ilə...

Ev-eşiklərindən zorən ayrıldıqlarına görə...

Haraya gedəcəklərini, nə vaxt qayıda biləcəklərini kəsdirmədən, hər şeylərini Allahın ümidinə qoyub çıxırdılar...

Bir qədər aralanan kimi kəndlərindən qara tüstü ərşə dirənirdi...

Ümidsiz vəziyyətdə ümidsizliyə doğru çaşqınlıqla addımlayırdılar.

Bu gün isə yanaqlarında sevinc gözyaşlarının izi qalsa da, gülə-gülə, fərəhlə, fəxrlə ata-baba yurdlarına qovuşurlar!

Yaxşı bilirlər ki, abad yurda, bərəkətli torpaqlara, hər cür şəraiti olan yaşayış məntəqələrinə birdəfəlik, əbədi dönürlər!

Uzun ayrılıqdan sonra baş tutan bu xoşbəxt günlərin qarantı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

***

İlkin qayıdışın iştirakçıları təkcə rahat evlərə, abad həyət-bacaya qayıtmırlar.

Hər bir yaşayış məntəqəsi "ağıllı kənd" olaraq qurulmuş, şəhər elementləri ilə təmin olunmuş, zəruri infrastruktur yaradılmışdır.

Onları həm də Heydər Əliyev Fondunun gördüyü işlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə hazırlanmış hədiyyələr də gözləyir.

Özlərini Orta əsrlərin barbarları kimi aparan erməni vandalları təkcə evləri, ictimai binaları, meşələri, bağları deyil, tarixi abidələrimizi, məscid və dini memarlıq qurğularını da məhv etmişlər.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xalqımızın tarixi-mədəni, dini abidələrinin bərpası istiqamətində möhtəşəm işlər görülür!

Xalqımızın qeyri-maddi-mədəni irs nümunələrindən biri də Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti sayəsində UNESCO-nun siyahısına salınan Novruz bayramıdır.

Artıq Ağalı neçənci dəfədir ki, baharın gəlişini "köhnə sakinləri" ilə qarşılayır.

Bayram tonqalları qalamaqla, Novruz plovu və yağlı fətir bişirməklə, qədim ənənələrimizə yeni həyat verib yaşatmaqla!

***

Abadlıq yoldan başlanır - demişlər.

Qarabağda və Şərqi Zəngəzurda möhtəşəm yol çəkilişi işləri sürətlə davam edir, bütün yaşayış məntəqələrinə müasir yollar salınır.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" uğurla həyata keçirilir.

Belə ki, 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2.264,5 km təşkil edən 20 avtomobil yolu çəkiləcək.

Kəlbəcərdə beş, Laçında iki yerdə tikilən kiçik su-elektrik stansiyalarında görülən işlər başa çatmaq üzrədir.

Şuşada içməli su probleminin birdəfəlik həlli məqsədilə zəruri işlər görülür, şəbəkə yenidən, daha geniş şəkildə qurulur.

Prezidentin tapşırığına əsasən, Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonlarında pilot layihələr əsasında 15999 fərdi ev və mənzil tikintisi də davam etməkdədir.

Görüləcək işlərin həcmi və miqyası o qədər geniş və əhatəlidir ki, saymaqla qurtarmaz.

Məqsəd isə doğma torpağa əbədi qayıdan insanların rahat yaşayışını, əmək və istirahətini müasir tələblər səviyyəsində qurmaqdır.

***

* Otuz ildə ən böyük həsrətimiz işğal altındakı torpaqlarla bağlı olub!

* Otuz ildə ən böyük istəyimiz doğma yurd-yuvaya qayıtmaq olub!

* Otuz ildə əziz bayramlarda ən ülvi duamız "Gələn bayramı Qarabağda keçirək" niyyəti olub!

* Otuz ildə ən səmimi arzumuz "növbəti süfrəmizi Qarabağda açaq" olub!

* Onların hamısı arzu, istək, niyyət və dua idi!

Onları reallığa çevirən, arzu, istək və niyyətimizi gerçək edən isə Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu!

Eşq olsun Qarabağın xilaskarına!

Eşq olsun Azərbaycan tarixinin ən böyük simasına çevrilən Müzəffər Ali Baş Komandanımıza!

Məhz onun müdrikliyi, uzaqgörənliyi, qətiyyət və qəhrəmanlığı sayəsində bu gün biz hamımız vüqarla, fəxrlə, ürəkdolusu və ucadan "Qarabağ Azərbaycandır!" deyirik.

Çox yaşa, İlham Əliyev!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video