Prezident İlham Əliyev yeni hədəfləri və əsas istiqamətləri göstərdi
Cənubi Qafqazın lider ölkəsi olaraq Azərbaycan həm Avropa, həm də Asiya ölkələri ilə balanslaşdırlmış xarici siyasət həyata keçirir, qarşılıqlı əməkdaşlıq münasibətləri qurur, iqtisadi və siyasi əlaqələrini möhkəmləndirir və bununla da geosiyasi mövqeyini gücləndirir.
Azərbaycanın Avropa ilə yanaşı, Yaxın Şərq diplomatiyası da çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət prinsiplərinə əsaslanır. Bu siyasət Azərbaycanın coğrafi mövqeyindən, enerji resurslarından və regional təhlükəsizlik maraqlarından qaynaqlanır.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində də qeyd edib ki, hazırda Azərbaycan Yaxın Şərqdə böyük rol oynayır. Düzdür, bu gün Azərbaycanın təbii qaz üçün əsas istiqaməti Avropadır. Azərbaycan 10 Avropa ölkəsini qazla təmin edir. Onların 8-i Avropa İttifaqının üzvüdür. Beləliklə, bu ölkələr üçün Azərbaycan qazı enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol artacaq.
Körfəz ölkələri ilə əməkdaşlıq nəticəyönümlüdür
Prezident İlham Əliyev müsahibəsində qarşıdan gələn illər üçün də ölkənin planlarını da açıqlayıb. Azərbaycan 2030-cu ilədək bu gün sahib olduğundan əlavə 8 milyard kubmetr təbii qazın hasilatını təmin edəcək. Məsələ isə onun necə, hansı istiqamətdə istifadə olunmasıdır: "Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Düşünürük ki, Suriyaya qazın həcmini artıra bilərik. Biz, həmçinin Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilərik. Biz, həmçinin enerji resurslarının ticarətini həyata keçiririk. Biz neft və qazımızı satmaqla yanaşı, beynəlxalq ticarətçi kimi fəaliyyət göstəririk. Bizim potensialımız təsəvvür ediləndən daha böyükdür. Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu, mühüm amildir".
Dövlət başçısı vurğulayıb ki, Yaxın Şərq ölkələri ilə, əsasən də Körfəz Ölkələri ilə əməkdaşlığa gəlincə, əlaqələr çox yaxşıdır - dostcasına və nəticəyönümlüdür. Bu ölkələrlə çox güclü tərəfdaşlığımız var. Azərbaycanın bərpaolunan enerjidə əsas sərmayədarları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanından olan şirkətlərdir.
Hədəf 2030-cu ilədək 6 qiqavat günəş və külək enerjisinə sahib olmaqdır
Müsahibədə Azərbaycanın bərpaolunan enerji siyasətini də dəyərləndirən Prezident İlham Əliyev qarşıdakı hədəfləri bəyan edib. Azərbaycanın bərpaolunan enerji potensialının yüksək olduğunu diqqətə çəkən dövlət başçısı deyib ki, imzalanmış müqavilələrə və BƏƏ, Səudiyyə Ərəbistanı, eləcə də Çindən yatırılan investisiyalara əsasən, Azərbaycan 2030-cu ilədək 6 qiqavat günəş və külək enerjisinə sahib olmağı planlaşdırır. Bundan əlavə, Qarabağda fəal şəkildə su-elektrik stansiyaları inşa edilir. Artıq demək olar ki, 300 meqavat enerji əldə olunub.
Bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir. Azərbaycanın faydalı qazıntı yanacağı var, həmçinin dövlət bərpaolunan enerji üzərində fəal şəkildə işləyir: "Biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik. Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub. Hazırda biz geniş əməkdaşlıq portfeli üzərində işin həqiqətən fəal mərhələsindəyik. Siyasi əlaqələr mükəmməldir. Biz əsas diqqəti enerji və digər sahələrdə - mehmanxana işi, turizm, kənd təsərrüfatında praktiki investisiya layihələrinə yönəldirik".
İlham Əliyev həmçinin vurğulayıb ki, bir çox layihələr reallaşma mərhələsindədir. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən biri Xəzər sahilində suyun duzsuzlaşdırılması zavodunun inşasında tərəfdaş kimi seçilib. Bu, kənd təsərrüfatı, eləcə də insanlar üçün çoxlu imkanlar yaradacaq. Bu, Azərbaycanın xarici siyasət gündəliyinin böyük bir hissəsidir. Körfəz ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir.
Azərbaycan daim Türk Dövlətləri Təşkilatının güclənməsinə sadiq olub
Azərbaycan türk dünyasının coğrafi xəritəsində özünəməxsus yer tutur. Tarixi, mədəniyyəti, dili və strateji mövqeyi ilə Azərbaycan, türkdilli dövlətlər arasında mühüm bir körpü rolunu oynayır. Xüsusilə son illərdə bu rol daha da güclənib.
Azərbaycanın Avrasiyanın kəsişməsində yerləşməsi, onu türk dövlətləri ilə Avropa və Asiya arasında mühüm tranzit və enerji qovşağına çevirib. Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Orta Asiya ölkələri üçün Azərbaycan, Xəzər dənizi vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxış imkanları təqdim edir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Zəngəzur dəhlizi türk dünyasının coğrafi inteqrasiyasında yeni bir mərhələ açacaq. Bu layihə ilə türk dövlətləri arasındakı nəqliyyat və iqtisadi əlaqələr daha da sıxlaşacaq.
Prezident İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir.
Türkiyə ilə Azərbaycanın çox sıx münasibətlərinin olduğunu deyən İlham Əliyev qeyd edib ki, bu münasibətlər hazırda 2021-ci ildə Şuşada qardaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla imzaladıqları, iki ölkəni hərbi və siyasi müttəfiqlər edən Şuşa Bəyannaməsinə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün türk dünyası üçün mühüm amildir. Keçən il Azərbaycan Özbəkistanla müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələri və ya bəyannamələr var. Bunu böyük potensial adlandıran İlham Əliyev bəyan edib ki, bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də bir qismini ortaq etnik qrup birləşdirir: "Biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir".
Prezident həmçinin TDT-nin gələcək fəaliyyətində daha böyük uğurların əldə edilməsi üçün əsas istiqamətləri göstərərək deyib ki, vacib olan məsələ təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlərin mövcudluğudur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də üzv dövlətlər onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməlidirlər.
İlham Əliyev TDT-ni gələcəkdə mühüm qlobal iştirakçılardan biri kimi gördüyünü də vurğulayıb. Bu isə o deməkdir ki, TDT beynəlxalq arenada rol oynaya bilən təşkilata çevriləcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"