09 Aprel 2023 00:44
1476
SİYASƏT
A- A+

Yaxın qonşu həm də dost olanda...

 

İrakli QARİBAŞVİLİ: "Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır"

 

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Qəbələdə keçirilən görüşünün nəticələri belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın sülh səyləri Qafqazda gedən bütün iqtisadi proseslərin aparıcı qüvvəsidır. 
Əvvəlcə onu qeyd edək ki, bu iki dövlət bir-birinə uzun illərdir ki, sıx dostluq, müttəfiqlik əlaqələri ilə bağlıdır və müasir dövrdə ölkələrimiz arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci il noyabrın 18-dən başlayır. Hazırda Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ildən-ilə bu əməkdaşlıq dərinləşməkdədir. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri də 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı "Trabzon razılaşması"dır. 
Prezident İlham Əliyev belə hesab edir ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir və bu rol getdikcə artmaqdadır: "Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir".
Azərbaycanın Qafqazda uğurla tətbiq etdiyi sülh modeli Gürcüstan üçün faydalı olmaqla yanaşı, həm də bizim təbii qazımızın Avropa istiqamətində stabil ixracının təminatçısı kimi çıxış edir. Bu il dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac ediləcək. Maraqlısı isə odur ki, bu rəqəm ildən-ilə artmaqdadır. 2027-ci ilə qədər təkcə Avropaya nəql ediləcək qazın həcmi 20 milyard kubmetrə çatdırılmalıdır. Artan iqtisadi qüdrətimiz imkan verir ki, beynəlxalq iqtisadi layihələrin həllində aparıcı qüvvəyə çevrilək. 
Məlum olduğu kimi, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya 2022-ci il dekabrın 17-də Buxarestdə önəmli sazişə imza atmış, bu ilin fevralında isə Bakıda "yaşıl enerji" layihəsinin birinci rəhbər komitəsinin iclası keçirilmişdir. Prezident İlham Əliyev  bu layihənin xüsusi əhəmiyyət kəsb etməsini Avropa İttifaqının artan diqqəti ilə izah edir: "Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidenti imzalanma mərasimində də iştirak etmişdir".
Azərbaycan üçün bu gün ikitərəfli və həm də çoxşaxəli əlaqələrin inkişafının önəmli hissəsi nəqliyyatla bağlıdır. Həm Azərbaycan, həm də Gürcüstan bu sahə üzrə də uğurla əməkdaşlıq edirlər. Bu səbəbdən Prezident İlham Əliyevin proqnozları nikbindir: "Beləliklə, yeni yüklərin Orta dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir". 
Gürcüstan da özünü etibarlı tranzit ölkəsi və tərəfdaşı kimi sayır və bu  istiqamətdə daim fəaliyyətini genışləndirir. Gürcülər Qara dənizin dibi ilə elektrik kabeli çəkməyə hazırlaşır, Orta dəhliz məsələsini inkişaf etdirirlər. İrakli Qaribaşvili "yaşıl enerji"ni Avropaya nəql etmək üçün Gürcüstanın nəhəng potensiala malik olduğunu və çox böyük perspektivlərin mövcudluğunu bildirir: "Bu bir gələcəkdir. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq. Biz bunu da müzakirə etdik".
Etibarlı tərəfdaş kimi Azərbaycanla Orta dəhliz layihəsində Gürcüstanın məqsədi yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq infrastrukturu - dəniz limanlarını, dəmir yollarını Azərbaycanla birgə inkişaf etdirməkdir. Gürcüstanın Baş naziri mətbuata açıqlamasında həm də onu qeyd etdi ki, onlar yeni limanın inşası üzərində çalışır. Bir ildən sonra isə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin genişləndirilməsi layihələrini həyata keçirəcəklər. Bir sözlə, gürcülər də onun marağındadırlar ki, Orta dəhlizə daha çox yükün cəlb edilməsi reallaşsın.  Qonşumuz üçün regionda sülhün və sabitliyin təmin edilməsi və qorunması xüsusi əhəmiyyət kəsb edən məsələdir. Qaribaşvili belə hesab edir ki, sülh regionda daha çox layihələrin həyata keçirilməsi və qardaşlıq mühitinin qorunması üçün vacibdir. 
Bu məqamda onu demək yerinə düşərdi ki, iki ölkənin münasibətlərini gərginləşdirmək, aralarını vurmaq istəyən qüvvələr də var. Amma onların niyyətləri baş tutan deyil. Bu gün Azərbaycanla Gürcüstan arasında mövcud olan əməkdaşlıq bütün sahələri - ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sair məsələləri əhatə edir. Təsadüfi deyil ki, Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır. Bundan başqa, ölkəmiz Gürcüstanın ən əhəmiyyətli investisiya tərəfdaşlarındandır. İndiyədək Azərbaycan Gürcüstana milyardlarla ölçülən investisiyalar yatırmışdır. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən ilk yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb. 700-dən çox Azərbaycan sərmayəli şirkət, o cümlədən SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Bunu da xüsusi vurğulamaq lazımdır ki, Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də SOCAR-dır. 
Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası zamanı Azərbaycan Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin inşası üçün Tbilisiyə 775 milyon dollar həcmində kredit ayırmışdı. Həmçinin "SOCAR Energy Georgia" MMC Gürcüstanın qazla təmin edilməsində mühüm rol oynayır. 2006-cı ildə qurulan bu şirkət yalnız Gürcüstan ərazisində fəaliyyət göstərir. "SOCAR Energy Georgia" MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72 faiz, dizel satışının isə 61 faizinə nəzarət edir. Üstəlik, Kulevi neft terminalı da  bu şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin ixrac edir.
Ölkələrimiz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, "Cənub-Qərb" və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında da fəal əməkdaşlıq edir. Belə səmərəli münasibətlərin nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artır. İqtisadi əlaqələrin perspektivləri isə nikbin gələcəyə köklənir. Gürcüstanın Baş naziri səmimi etiraf edir ki, Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq və qardaşlıq münasibətləri olduqca önəmlidir: "Bizim dostluğumuzun çox qədim tarixi var və Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik və o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu belə olacaqdır". 

Bahadur İMANQULİYEV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video