Mayın 7-də Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir əvvəlcə Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib, Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Ulu Öndər yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. O qeyd edib ki, Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb. “Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Azərbaycanı parçalamaq istəyən qüvvələrdən qoruyub. Onun siyasi irsini Prezident İlham Əliyev uğurla davam etdirir və Ulu Öndərin yarımçıq qalan işlərini ləyaqətlə həyata keçirir. Regionda mövcud gərginliklər fonunda Azərbaycanın sabitlik və sülh şəraitində yaşaması da məhz bu siyasətin nəticəsidir”, – deyə Muxtar Nağıyev vurğulayıb.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Heydər Əliyev hər zaman azərbaycançılıq ideyasını dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri kimi ön plana çəkib. “Ulu Öndər çıxışlarında dəfələrlə vurğulayırdı ki, ömrünün sonuna qədər bütün fəaliyyətini Azərbaycanın inkişafına, güclənməsinə və dövlətçiliyinin möhkəmləndirilməsinə həsr edəcək”, – deyə Bahar Muradova bildirib. O vurğulayıb ki, Heydər Əliyev xalqına yalnız Azərbaycan vətəndaşı olmağın məsuliyyətini deyil, milli birlik, dövlətə bağlılıq və ümummilli hədəflər uğrunda çalışmağın vacibliyini də aşılayıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova bildirib ki, Heydər Əliyev xalqa Azərbaycan vətəndaşı olmağın məsuliyyətini aşılayıb. Ulu Öndər siyasi lider kimi Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib və xalqı vahid məqsəd ətrafında birləşdirməyi bacarıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyıb. “Uzunmüddətli kontraktlar çərçivəsində 30 il ərzində əldə olunan gəlirlər ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edib. Bu prosesin arxasında isə gərgin siyasi mübarizə və ciddi diplomatik fəaliyyət dayanırdı”, - deyə rektor bildirib.
Sonra tədbir iştirakçılarına fəxri fərmanlar və Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.