Danimarka gəmiçilik nəhəngi - “Maersk” şirkəti cümə axşamı bildirib ki, İran müharibəsinin yaratdığı neft şoku əməliyyat xərclərini kəskin şəkildə artırır və bu, onun müştərilərinə sirayət edəcək.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, “Maersk”in baş direktoru Vinsent Klerk bildirib ki, münaqişə səbəbindən yanacaq qiymətlərinin artması və gəmi sığortası xərclərə ayda təxminən 500 milyon dollar əlavə edir.
Dünyanın ikinci ən böyük konteyner gəmiçilik kompaniyası olan “Maersk” Yaxın Şərq böhranın cari ilin bürüncü rübündə şirkətə məhdud təsir göstərdiyini bildirib, lakin əlavə edib ki, müharibənin davam edəcəyi təqdirdə vəziyyət daha acınacaqlı ola bilər.
Kopenhagendə yerləşən şirkət faiz, vergi və amortizasiyadan əvvəl birinci rübdə mənfəətin 1,75 milyard dollar olduğunu bildirib ki, bu da bazar gözləntilərindən 1,66 milyard dollar çoxdur.
Şirkət 2026-cı il üçün maliyyə proqnozunu dəyişməyib və qlobal konteyner bazarının artım proqnozunu 2-4 faiz səviyyəsində saxlayıb. Eyni zamanda, xəbərdarlıq edib ki, 2026-cı ildə qlobal konteyner tələbatının proqnozu qeyri-müəyyən olaraq qalır və Yuxarı Körfəz bölgəsindəki daha yüksək enerji qiymətləri və ticarət məhdudiyyətləri mənfi risklərdir. “Maersk”ə görə, Yuxarı Körfəz 2025-ci ildə qlobal konteyner ticarətinin təxminən 6 faizini təşkil edib. Şirkətin proqnozlarına həm Hörmüz boğazının, həm də Qırmızı dənizin 2026-cı ildə kommersiya gəmiçiliyi üçün yenidən açılması ssenariləri də daxildir. Vinsent Klerkin sözlərinə görə, Hörmüz boğazı təhlükəlidir və minalardan təmizlənməlidir.