Səfir: Valentina Antonenko Azərbaycanın böyük dostu idi
Akademik Zərifə Əliyeva adına 12 saylı İrpen Humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko ilə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İrpen şəhərinin mərkəzi meydanında təşkil olunan vida mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin, SOCAR-ın bu ölkədəki nümayəndəliyinin kollektivi, diaspor fəallarımız, İrpen şəhər Meriyasının rəhbərliyi, məktəbin kollektivi, şəhərin ictimai-siyasi fəalları iştirak ediblər.
Anım tədbirində çıxış edən ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Valentina Antonenko Azərbaycanın böyük dostu idi.
“Onun Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlığın inkişafında xidmətləri olub. Məhz onun bu xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il yanvarın 12-də ölkəmizin “Dostluq” ordeni ilə təltif olunub. Valentina Antonenkonun əziz xatirəsi tək ukraynalıların deyil, azərbaycanlıların da qəlbində daim yaşayacaq”, - deyə səfir əlavə edib.
Daha sonra çıxış edən İrpen şəhər merinin birinci müavini Oleksandr Paşinski, liseyin direktor müavini Nina Qnedyuk və digərləri Valentina Antonenkonun xidmətlərindən, Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrdən danışıblar.
Sonda anım tədbirinin iştirakçıları Valentina Antonenko ilə vidalaşıb, mərhumun ailəsinə başsağlığı veriblər.
Qeyd edək ki, Valentina Antonenko 78 yaşında vəfat edib. O, bir müddət öncə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.