Ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək - xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir. İctimai istehsalın və iqtisadi sistemin sosial formasından asılı olmayaraq dünyanın maliyyə cəhətdən istər qüdrətli, istərsə də zəif ölkələrində sosial ədalət ümumi ədalətin tərkib hissəsi kimi başa düşülməli, tətbiq edilməli, həyata keçirilməlidir. Bu mühüm və xeyirxah fəaliyyətə, insanpərvər addıma maraq və meyil daim artırılmalı və sözügedən məsələ daimi xarakter almalıdır. Bununla da, xeyriyyəçilər ölkənin, cəmiyyət üzvlərinin maddi rifahının yaxşılaşdırılmasında, dövlətlə birlikdə korporativ (birləşmiş) sosial vəzifənin həllində öz iştirakçılarını təmin etmiş olurlar.
İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş məqam xeyriyyəçi üçün rahatlıq, ehtiyacı ödənilən üçün isə yaxşılıqdır. Xeyriyyə, xeyriyyəçilik özündə yaxşılıq, xeyirlik mənasını təcəssüm etdirir.
Prezident İlham Əliyev 2012-ci il oktyabrın 28-də Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüşündə demişdir: "Böyük fermer təsərrüfatlarının yaradılması üçün texnika, suvarma sistemi, gübrələr, güzəştli şərtlərlə verilən kreditlər lazımdır. Bütün bunları dövlət öz üzərinə götürür. Yəni, bir daha demək istəyirəm ki, Azərbaycanda sahibkarlar üçün yaradılan şəraiti heç bir başqa ölkədə görmək mümkün deyildir. Sahibkarlar da birinci növbədə bundan istifadə etməlidirlər, bunu qiymətləndirməlidirlər. Eyni zamanda, sosial məsuliyyəti də dərk etməlidirlər və hiss etməlidirlər".
Buradan aydın olur ki, sahibkarlar bölgələrdə müxtəlif sosial layihələrdə, habelə xeyriyyəçilik kimi mühüm tədbirlərdə də fəallıqlarını artırmalıdırlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün xeyriyyəçilik də daimi xarakter almalı, ümumi qayğıya çevrilməlidir. Çünki ölkədə istehsalın əsas hissəsi sahibkarların (işə götürənlərin) öz əlindədir. Odur ki, dövlətin və sahibkarların əhalinin normal yaşayış səviyyəsindən ötrü birləşmiş ümumi qayğısı ön sıraya keçmişdir. Sahibkarlar (işə götürənlər) imkanı olmayanları işə düzəltməklə yanaşı, həm də xeyriyyəçiliklə də məşğul olur, yazarların, alimlərin, incəsənət işçilərinin əsərlərinin çapına kömək edir, mesenatların əvvəlki, keçmiş və qədim ənənələrini davam etdirirlər.
Müasir dövrdə xeyriyyəçiliyin davamlı inkişafı üçün tarixi təcrübə vardır və ondan çox faydalı və səriştəli şəkildə istifadə edilir. Azərbaycan xalqı həmişə özünün xeyirxah, xeyriyyəçi dövlət adamları, ziyalıları, sahibkarları ilə daim fəxr etmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Ağamusa Nağıyev, T.Dadaşov və onlarca başqaları sahibkar olmaqla yanaşı, həm də xeyirxah insan, xeyriyyəçi kimi tanınmışlar. Onlar qazanclarını millətin yolunda xərcləmiş, gördükləri xeyirxah işlərlə gələcək nəsillərə nümunə olmuşlar.
Zaman keçdikcə xeyriyyəçilik fəaliyyəti genişlənir, xeyriyyəçilərin sayı artır, ehtiyacı olanların dəstəklənməsi üçün yeni formalar yaranır və onlar daim təkmilləşdirilir. Sahibkarlar (işə götürənlər) əhalinin rifahı və həyat səviyyəsinin yüksəlməsi naminə könüllü fəaliyyət göstərirlər. Əldə olunmuş nəticələr, aparılmış tədqiqat və araşdırmalardan aydın olur ki, müasir dövrdə sahibkarların (işə götürənlərin) xeyriyyəçiliyinin bir sıra forma və növləri mövcuddur. Məsələn, sahibkar ilk növbədə bu nəcib missiyasını insanları öz müəssisəsinə işə dəvət etməklə təmin edir. Bəziləri isə ali məktəbdə ödənişli oxuyan tələbənin təhsil haqqını ödəməklə özünün xeyriyyəçi olduğunu göstərir. Eləcə də yaradıcı insanların (yazıçı, rəssam, alim və s.) əsərlərinin çap olunması xərcini ödəməklə mühüm sosial vəzifəni yerinə yetirirlər. Sahibkarlar, iqtisadi cəhətdən xeyli imkanlı olan şəxslər bununla birlikdə həmin sahədə xalqımızın qədim, keçmiş ənənəsini davam etdirir, mesenat kimi xeyirxah və şöhrətli adı yaşadırlar.
Orta məktəblərin təmiri, əlavə sinif otaqlarının tikintisinin aparılması xərclərini ödəməklə də xeyriyyəçi mühüm iş görmüş olur. Kənd yerlərində isə digər obyektlər (dərzixana, bərbərxana və s.) yaratmaqla xeyriyyəçilik vəzifəsini yerinə yetirir. Ehtiyacı olanların dolanışığına maddi kömək göstərmək, imkansız xəstələrin sağalması xərclərini öz üzərinə götürənlər də xeyriyyəçilər sırasına qoşulmuş olur. Maliyyə vəsaiti çatışmayan toy-nişan və matəm sahiblərinin xərclərinə kömək etmək də xeyriyyəçilikdir. Kənd yerlərində öz vəsaiti hesabına uşaq bağçaları, kitabxana yaradanlar özlərinin xeyriyyəçi olduqlarını göstərirlər. Çoxuşaqlı ailələrin orta və ali məktəblərdə oxuyan övladlarını mütəmadi geyim və məktəb ləvazimatları ilə təmin etmək də xeyirxahlıq və xeyriyyəçilik sayılır.
Yaxşı olar ki, özəl müəssisələrdə qanuni şəkildə formalaşan xeyriyyə fondları ilə yanaşı, sahibkarlar öz şəxsi gəlirləri hesabına da fərdi qaydada xeyriyyəçilik fəaliyyəti göstərsinlər. Beləliklə, xeyriyyəçilik fəaliyyətində sahibkarlar (işə götürənlər) və maliyyə cəhətdən imkanlı olan şəxslər əşya, əmtəə, pul formasından istifadə edə bilərlər.
İnamla demək olar ki, hazırda ölkəmizdə xeyriyəçilik sosial ədalətin tərkib hissəsi kimi təzahür edir, gündən-günə təkmilləşərək geniş vüsət alır və əsaslı prosesə çevrilir. Xeyriyyəçiliklə məşğul olanların əksəriyyəti mühüm məsələlərin həllində fəal iştirak edirlər. Onlar hər il müxtəlif sosial məsələlərin həllinə milyonlarla manat vəsait xərcləyirlər.
Qeyd etmək istərdik ki, Naxçıvan Muxtar Respublikasında da xeyriyyəçilik vacib və zəruri proses kimi özünə yer alıb. Xeyriyyəçiliklə məşğul olanların sayı nəinki ildən-ilə, hətta aydan-aya artır. Onu da xatırladaq ki, bu iqtisadi rayonda 626 dövlət, 1303 qeyri-dövlət, o cümlədən 218 bələdiyyə, 992 xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq, 41 birgə müəssisə fəaliyyət göstərir. Burada imkanlı insanlar və sahibkarlar müntəzəm olaraq xeyriyyəçiliyə aid söhbətlər aparır və əməli iş görürlər. Bütün bunlar göstərir ki, muxtar respublikada sahibkarlar və digər imkanlı insanlar arasında xeyriyyəçilərin sayı getdikcə artacaq.
Asif ŞİRƏLİYEV,
Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor