Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda tarix yazır
Azərbaycan
dünyada özünəməxsus yeri olan ölkədir. Onun iqtisadi imkanları artır, siyasi müstəvidə
uğurlar qazanır, regionda çox mühüm layihələrin müəllifi və tərəfdaşıdır. Azərbaycan
gücləndikcə, öz ərazi bütövlüyünü bərpa etmək
sahəsində müstəqil qərar vermək hüququnu daha da möhkəmləndirmişdir.
30 ilə yaxındır
ki, torpaqlarımızın sülh yolu ilə qaytarılmasını və nəhayət, BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi 4 qətnamənin real olaraq tətbiq olunacağını gözləyirik. Lakin Azərbaycandan
fərqli olaraq, Ermənistan rəhbərliyi konstruktiv mövqedən qat-qat uzaqdır və bilərəkdən
danışıqları ləngidir. Əvəzində isə Azərbaycanın tarixi irsi dağıdılır, bizim mədəni,
dini abidələrimiz məhv edilir, toponimlərimiz, rayonlarımızın inzibati sərhədləri,
dağların, çayların və şəhərlərin adları dəyişdirilir.
Qanunsuz məskunlaşma həyata keçirilir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Ermənistan işğal etdiyi
Dağlıq Qarabağda ermənilərin sayını süni şəkildə artırmaq üçün uzun illərdir iki
yoldan istifadə edir: birincisi, Ermənistanın müxtəlif yerlərindən ailələri, xüsusilə
işə və evə ehtiyacı olan gənc cütlükləri sosial dəstəklə bağlı müxtəlif vədlər qarşılığında
işğal olunmuş ərazilərə köçürür; ikincisi, Yaxın Şərq ölkələrindən - Suriyadan,
Livandan - erməniləri bu ərazilərə gətirir, hətta onlara sonradan yerinə yetirilməyən müxtəlif vədlər də
verirlər. Bu gün isə həmin ermənilər qaçırlar.
Son bir ildə
artıq Ermənistanın rəhbərliyi Azərbaycana
qarşı yeni ərazi iddiaları irəli sürməyə başladı. Bu ilin iyulunda Tovuzda hərbi
təxribat törədildi, avqust ayında xüsusi diversiya qrupu göndərildi, lakin bizim
ordumuzun sayıqlığı nəticəsində bu, baş vermədi. Nəhayət, sentyabrın 27-dən başlayaraq
ermənilər dinc əhaliyə artilleriya, raket zərbələri endirməyə başladılar. Və Azərbaycan
haqlı olaraq öz vətəndaşını, ərazisini qorumaq və düşmənə layiqli cəza vermək üçün cəbhəboyu
uğurlu əks-hücum əməliyyatları keçirdi.
Hər gün bizi tam qələbəyə yaxınlaşdıran xəbərlər eşidirik. Ordumuz ölkə Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sistemli, planlı şəkildə irəli gedir. Füzuli,
Cəbrayıl, Ağdərə və Tərtər rayonlarının bir neçə kəndlərinin, yaşayış məntəqələrinin,
mühüm strateji ərazi və yüksəkliklərinin, həmçinin Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin
azad olması xəbəri bizi sevindirdi. Hamımız
ürəkdən inanırıq ki, Qarabağ həsrətimizin bitməsinə az qalıb. Xalqımızın əhvali-ruhiyyəsi
yüksəkdir və bizim qələbə əzmimizi heç nə
sarsıda bilməz!
İndi sınaq anıdır
Bu çətin tarixi
günlərdə Azərbaycan bir daha öz dostlarını və ona qarşı qərəzli münasibətdə olanları
yaxından tanımaqdadır. Əslində, bəzi məsələlər əvvəldən aydın idi. Məsələn, Azərbaycan
- Türkiyə münasibətləri. Bizi bir çox hadisələr bir-birimizə daha da yaxınlaşdırıb.
102 il bundan əvvəl sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam
Ordusu Bakını erməni-bolşevik işğalçılarından azad etmişdir. Və
1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu. 1915-ci ildə Çanaqqala
döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmişdi.
Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan
həmişə bir-birinin yanındadır. Pakistan,
Əfqanıstan, Ukrayna, Gürcüstan, İtaliya, Litva, Bosniya və Herseqovina və digər
ölkələr Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi bu əks-hücum əməliyyatlarını
haqlı sayırlar. Eləcə də bir sıra beynəlxalq təşkilatlar da bizim haqlı olduğumuzu
təsdiqləyən bəyanatlarla çıxış edirlər. 27 ildir ki, BMT-nin qətnamələri kağız üzərində
qalıb. Bizim sülhsevər xalqımız ötən müddət
ərzində aparılan danışıqlara inanır və səbr
göstərirdi ki, torpaqlarımız sülh yolu ilə
geri qaytarılacaq. Lakin Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır” deməsi danışıqların dayanmasına
səbəb oldu. Xüsusilə də həmsədr ölkələrdən bəzisinin acıq-aşkar işğalçının tərəfində
durması, haqsız olduğu halda onu müdafiə etməsi, əlbəttə ki, məsələnin konstruktiv
həll ediləcəyinə inamı daha da azaldır. Bunların hamısı ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi,
işğalçı ilə işğala məruz qalmış tərəfə eyni münasibətin göstərilməsinin nəticəsidir.
ATƏT-in Minsk
qrupunun həmsədri olan Fransanın Prezidenti Makronun bəyanatı
bir daha göstərdi ki, onların münasibəti vasitəçilik missiyasına uyğun deyil.
Qərəzli və birtərəfli mövqe nümayiş etdirən Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən
çıxarılması məsələsi müzakirə edilməlidir. Vasitəçi ədalətli və neytral olmalıdır.
Azərbaycan öz torpaqlarını işğalçılardan azad etmək üçün beynəlxalq hüquq və prinsiplərə əsaslanır. Azərbaycan
Prezidenti ABŞ, Rusiya, Fransa və bir sıra beynəlxalq təşkilatların nəzərinə çatdırırdı
ki, Paşinyan hökuməti danışıqlardan qaçır, imtina edir. Nəticədə biz nəyi müşahidə etdik? Biz gördük ki, bu vasitəçilik Ermənistanı onlara
məxsus olmayan əraziləri tərk etməyə məcbur etmək üçün yetərli olmadı. Çünki vasitəçilik
mandatı tərəf saxlamaq, qərəzli münasibət bəsləmək deyil. Onların mandatı həll yolunu tapmaq üçün şərait
yaratmaqdır.
Əlbəttə ki,
Azərbaycanın Minsk qrupunun həmsədri olan hər üç ölkə ilə münasibətlərimiz bir çox
sahələrdə uğurla inkişaf edir. Elə Fransa ilə də iqtisadi-mədəni istiqamətlərdə
əməkdaşlığımız var. Fransa xalqı Prezidenti Makron kimi fikirləşmir. Bu gün baş
verən hadisələrlə bağlı Fransa mətbuatında obyektiv münasibəti müşahidə etmək mümkündür. Makron və Fransanın siyasi qurumları seçkilərdə
qalib gəlmək üçün orada çox güclü olan erməni lobbisinin dəstəyinə ehtiyac duyur.
Ona görə də bu dəstəkdən məhrum olmamaq üçün belə bir bəyanat səsləndirildi.
Burada bir
məsələni xatırlatmaq yerinə düşər ki, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə
xidmət etmiş QareginTer-Arutyunyandan fərqli olaraq, azərbaycanlılar II Dünya müharibəsi
zamanı Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, göstərdikləri qəhrəmanlığa
görə Fransa dövlətinin orden və medallarına layiq görülmüşlər. Onlardan biri Fransa
Müqavimət Hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılovun bu yaxınlarda 100 illiyi
keçirildi.
Düşmən sivil vətəndaşlarımızı atəşə tutur
Düşmən şəhər
və kəndlərimizi atəşə tutmaqla münaqişənin gedişini dəyişmək, onu daha da genişləndirmək
istəyir. Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan, Ağcabədi, Horadiz, Mingəçevir, Xızı, Abşeron və
digər şəhər və rayonlarında mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə
hücum edir. Bu, barbarlıq və vandalizm aktı, həm də Ermənistanın siyasi-hərbi rəhbərliyinin
zəifliyini və təşvişdə olduqlarını göstərir. Ermənistan silahlı qüvvələrinin hücumları
nəticəsində sentyabrın 27-dən indiyə qədər 41
nəfər mülki şəxs həyatını itirib. 207 nəfər mülki şəxs müxtəlif dərəcəli
bədən xəsarəti alıb. Onların sırasında uşaq,
qadın və yaşlılar var. Bundan başqa, 148
mülki obyekt, 1185 yaşayış evi və 57 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.
Ermənistanın
bu təhrikedici və məsuliyyətsiz hərəkətləri beynəlxalq humanitar hüququn və insan
haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin
Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara
dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Bunu nəzərə alaraq, Milli Məclisin rəhbərliyinin dəstəyi ilə Ailə, qadın
və uşaq məsələləri komitəsi adından bir sıra müvafiq beynəlxalq təşkilatlara, o
cümlədən Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun rəhbərinə müraciət
ünvanlanmışdır.
Ölkədə vətənpərvərlik hissi olduqca yüksək səviyyədədir
Bu gün ölkəmizdə
həqiqətən də vahid bir mövqe var: Xalq-Dövlət-Ordu birliyi. Bu gün hər kəs yaşından,
cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq, Prezidentin ətrafında
sıx birləşib. Hətta ölkədən kənarda yaşayan həmvətənlərimiz, həqiqətin, ədalətin
tərəfdarı olan digər ölkələrin tanınmış mütəxəssisləri, politoloqları, tarixçiləri,
adi vətəndaşlar da bizi dəstəkləyirlər. Xüsusilə gənclərimiz sosial məkanda aktivdirlər,
lakin biz bu fəallığı daha da artırmalıyıq. Baxın, cəbhə bölgəsindən çox uzaqda
yerləşən şəhərlərimiz, rayonlarımız, kəndlərimiz gecə-gündüz atəşə tutulur, raket
zərbələri nəticəsində dinc əhali həlak olur, yaralanır, evlər, mülki obyektlər dağıdılır.
Lakin bu, insanlarımızı qorxutmur, mübarizə əhvali-ruhiyyəsinə mənfi təsir göstərmir.
Bu o deməkdir ki, düşmən bizi ruhdan sala, psixoloji təsir göstərə bilməz. Əksinə,
düşmən narahat olmağa başlayır, "hardandır, bu güc” -deyə fikirləşir və sarsılır.
Cavab çox sadədir: Biz bu gücü, bu inamı cənab Prezident, Ali Baş Komandan İlham
Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, bütövlükdə dövlətimizdən,
ordumuzdan, qəhrəman əsgərlərimizdən, vətən sevgisindən, birliyimizdən alırıq! Əlbəttə
ki, bununla bərabər diqqətli olmalıyıq, hər birimiz öz hərəkət və davranışlarımıza,
fikirlərimizə məsuliyyətlə yanaşmalıyıq. Ancaq rəsmi məlumatlara inanmalıyıq. Məlumdur
ki, ermənilər sosial şəbəkələrdə saxta profillərlə
kəşfiyyat-təxribat fəaliyyəti aparırlar. Ona görə də maksimum ehtiyatlı olmalıyıq,
feyk xəbərləri fərqləndirməliyik, inanmamalıyıq, paylaşmamalıyıq! Bu informasiya
məkanında aparılan müharibədir.
Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı
multikultural ölkədir
Azərbaycanda
müxtəlif millətlər yaşayır. Hətta Ermənistan
Silahlı Qüvvələri Gəncəyə raket zərbələri endirəndə xəsarət alan mülki şəxslərin
arasında erməni əsilli Azərbaycan vətəndaşı da var idi. Bu nəyi göstərir? Cənab
Prezidentin də dəfələrlə dediyi kimi, "Azərbaycanda
yaşayan hər bir xalqın, milli etnikin nümayəndəsi yaşayır və onlar bu ölkənin vətəndaşıdırlar”.
Ermənilərin Şuşadakı kilsəyə raket zərbəsi endirməklə xristian-müsəlman münasibətlərini
qabardıb öz çirkin niyyətlərinə nail olmaq cəhdləri də baş tutmadı. Bu gün ölkəmizdə
yaşayan müxtəlif millətləin, etnik qrupların, azsaylı xalqların nümayəndələri vətənləri
Azərbaycan uğrunda mübarizə aparır, canlarını qurban verməyə belə hazırdırlar.
Ermənistan
silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə
də dini tikililəri və abidələri hədəfə almır. Hətta Bakı şəhərindəki erməni kilsəsi
bir məbəd olaraq qalır və indiyədək ona heç bir xələl gəlməmişdir. Bütün dünya bilir
ki, ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur.
Ermənilərin itirdikləri şans
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə
verərkən qeyd etmişdir ki, "Biz həmişə siyasi yolla getməyə çalışmışıq, həmişə də
eşitmişik ki, hərbi həll yoxdur. Biz sübut etdik ki, bu, belə deyil. Biz döyüş meydanında
göstərdik ki, bu, belə deyil. Göstərdik ki, hərbi tərkib hissəsi olmasa, bu danışıqlar
daha 30 il davam edərdi. Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki,
Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz”. Bəli, bizimlə
bu tonda danışmağın cavabı döyüş meydanında layiqincə verildi. Ermənistanın təcavüzkar
rəhbərliyi erməni analarının göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız
gənc vətəndaşlarının ölümünə görə məsuliyyət daşıyır.
Lakin biz
hər zaman sülh tərəfdarı olmuşuq və bu gün də bu yolu əsas götürürük. Biz müharibənin, itkilərin əleyhinə olmuşuq, ona
görə neçə ildir gözləyirik ki, sülh yolu ilə
problem həll olunacaq. Bu gün də məqsədimiz sülhə nail olmaqdır. Buna görə
də Rusiya Federasiyasının çağırışlarına müsbət reaksiya verildi.
Rusiya tərəfinin
təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən və 11 saat
gərgin müzakirələrlə davam edən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan
Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirləri tərəfindən humanitar
atəşkəslə bağlı bəyanat qəbul edilmişdir. Lakin humanitar məqsəd daşıyan bu bəyanatdan
sonra Ermənistan silahlı qüvvələri razılaşmanı
kobudcasına pozur və Azərbaycana hücumları
davam etməkdədir. Həmçinin humanitar yük daşınması adı altında müxtəlif ölkələrdən
qaçaq yolla qanunsuz silah daşıyır. Həmin
silahlarla dinc əhalini, mülki obyektləri, strateji əhəmiyyət daşıyan binaları hədəfə
alır. Ona görə Azərbaycan Ordusu da özünümüdafiə prinsipi əsasında düşmənə adekvat
cavab verir.
Biz növbəti
dəfə Ermənistanın və onun isterik rəhbəri Paşinyanın riyakar siyasət həyata keçirdiyinin şahidi olduq.
Düşmən bir daha göstərdi ki, o münaqişənin
həll edilməsində maraqlı deyil. Ermənistanın məqsədi sülh deyil. Azərbaycan bütün hallarda beynəlxalq norma və prinsiplərə öz sadiqliyini
nümayiş etdirdiyi halda, düşmən tam əksinə
olaraq prosesi ləngitməkdə maraqlıdır.
Oktyabrın
11-də də Azərbaycanın mülki əhalisini atəşə tutması, o cümlədən Gəncə və Mingəçevir
şəhərlərinə raket zərbələri endirməsi düşmənin faşizm xislətini və cinayətkar mahiyyətini
bir daha ortaya qoyur. Düşmənin silahlı qüvvələri
Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayış binalarına raket hücumu təşkil
edib, 9 mülki vətəndaş həlak olub, 34 nəfər xəsarət alıb. Həlak olanlara Allahdan
rəhmət, yaralılara isə şəfa diləyirik. Qəhrəman Gəncə sakinləri ruhdan düşmür, Ali Baş Komandana, dövlətimizə, ordumuza inanır.
Biz növbəti dəfə erməni terror aktı ilə üzləşdik. Nə üçün dünya ölkələri, həmsədr
ölkələri susur? Nə üçün bu mənfur, cinayətkar erməni rəhbərliyinə yerini göstərmirlər?
Gəncədə erməni terrorunun qurbanı olan bu dinc insanların, uşaq və qadınların, yaşlıların günahı nədir? İşğalçı Ermənistan bu cinayət əməlləri
ilə bir daha təsdiq etdi ki, onun üçün beynəlxalq hüququn heç bir norma və prinsipləri
əsas deyil və əməl etmək niyyəti də yoxdur.
Respublikanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva
Gəncədə baş verən terrorla bağlı dünya birliyini bu hadisəyə laqeyd qalmamağa çağıraraq
qeyd edib ki, "Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya
vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür
vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər”. Azərbaycan Prezidenti İlham Əliyev
Rusiyanın RBK televiziya kanalına müsahibə verərkən bir daha bildirdi ki, Azərbaycan verdiyi bütün bəyanatlarına
sadiqdir. Azərbaycan öz üzərinə götürdüyü
öhdəlikləri həmişə yerinə yetirən ölkədir. "Mən həmişə demişəm ki, bizim imzamız
da sözümüz kimi əhəmiyyətlidir”.
Biz o torpaqlara qayıdacağıq
İşğaldan azad edilmiş ərazilərimizin görüntülərinə baxırıq, darmadağın
edilib. Sual yaranır ki, əgər ermənilər bu torpaqları öz torpaqları hesab edirdilərsə,
niyə o əraziləri xarabalığa çeviriblər? Niyə vandalizm törədiblər? Dağıda bilmədiklərini
isə, oğurlayıblar. Deməli, onlar da dərk edirlər ki, bu torpaqlarda müvəqqətidirlər.
Onun əsl sahibi var - o da Azərbaycan xalqıdır!
Bu gün biz
hamımız Qarabağlıyıq, Azərbaycanlıyıq! Hər
qarış torpaq bizim üçün müqəddəsdir. Artıq bizim yolumuzu digər işğaldan azad olunmuş
kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız gözləyir. Qarabağa qayıdacağıq!
Hicran HÜSEYNOVA,
Milli Məclisin
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor