Azərbaycan xalqının başına havadarlarının
köməyilə ermənilər tərəfindən gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və
soyqırımı siyasəti barəsində yalnız XX əsrin səksəninci illərinin sonundan və doxsanıncı
illərin əvvəllərindən başlayaraq açıqlamalar verilməyə başlanılmışdır.
Etiraf etmək lazımdır ki, müstəqillik illərinə
qədər xalqımıza qarşı törədilən faciələr barədə daha çox fakt, sənəd, həqiqət bilməyə
cəhd etdiyimiz halda, ən yaxın tariximiz olan XX əsrin əvvəlləri və 1918-1920-ci
illərdə olmuş erməni vəhşiliyi barəsində özümüzə və dünyaya çatdıra biləcəyimiz
səviyyədə təbliğat maşını yarada bilməmişdik. Məmləkətimizin bütövlüyünün qorunması,
erməni qırğınının qarşısının alınmasında misilsiz xidmətlər göstərmiş xalq qəhrəmanları
səviyyəsinə yüksəlmiş igid oğullarımız barəsində qədərincə yazmamış və onları xalqa
tanıtdıra bilməmişdik. Şükürlər olsun ki, müstəqillik illərində bir daha yəqin edilmişdir
ki, biz ziyalılar qarşısında unutqan yaddaşdan təmizlənməkdən daha vacib məqsəd
dayanmır. 70 illik yasaqdan və təhrikdən sonra indi aşkarlıq işığında aparılan tədqiqatlar
və araşdırmalar nəticəsində aydın olmuşdur ki, tarixə və soykökə bağlılıq, milli
tariximizin öyrənilməmiş səhifələrinin araşdırılması indi daha mühüm əhəmiyyət kəsb
edir. Son illərə qədər millətlərarası münasibətlər və ümumilikdə xalqımızın başına
gətirilən bəlalar səhv təlqin edilərək çatdırılmışdır. Ən dəhşətlisi budur ki,
70 il qadağalarla, saxta beynəlmiləlçilik təbliğatı ilə faciəmizi bizə unutdurmuşlar.
Xalqımızın sirri açılmamış çox səhifələri vardır ki, bugünkü və gələcək nəsillərimiz
bunları bilməlidir. Çünki bunlar bilindikcə 20 Yanvara gedən yol bilinəcəkdir. Bu
mənada xalqımızın keçdiyi yola nəzər salmaq, torpaqlarımızın bütövlüyünə zərbə vuranlara
qarşı igidlik nümunəsi göstərənlərin fəaliyyətini işıqlandırmaq məqsədilə gerçək
tarixə müraciət etmək daha məqsədəuyğundur.
Xalqımıza qarşı törədilən amansız faciələrin
dərin tarixi kökləri var. Tarixi gerçəkliyi izləyərək görürük ki, ermənilərin
1918-ci ilə qədər müstəqil dövlətçiliyi olmayıb. Erməni başçıları "böyük Ermənistan”
yaratmaq xülyası ilə XVII əsrdən dünyanın iri dövlətlərinə müraciət etmişlər. Rusiya
və Qərbin bəzi iri dövlətləri yaxın şərqdə hökmranlıq etmək, İran və Türkiyəni zəiflətmək
məqsədilə erməniləri dəstəkləmişlər.
Mənbələr
göstərir ki, ermənilərin Cənubi Qafqazda yerləşməsi müəyyən mərhələlərdən keçmişdir.
Bu prosesdə XVI-XVII əsrlər və XVIII əsrin ilk rübündə baş vermiş Səfəvi-Osmanlı
müharibələrinin və Rusiya imperatoru I Pyotrun xüsusi rolu olmuşdu. Məhz buna görə
də XVII əsrin sonu və XVIII əsrin birinci yarısında erməni ideoloqlarının Qərbi
Avropa və Çar Rusiyasına təqdim etdiyi plan və layihələrdə nəzərdə tutulan erməni
dövlətinin, əsasən Səfəvi dövlətinə məxsus Azərbaycan ərazilərində və Osmanlı dövlətinin
Şərqi Anadolu torpaqlarında qurulması planlaşdırılırdı.
Rusiya imperiyasının Qafqaz siyasətinin tərkib
hissəsi kimi "erməni məsələsi” əsas götürülürdü. Həm I Pyotr, həm də II Yekaterina
Qafqazın, xüsusilə Cənubi Qafqazın işğalında bu faktora xüsusi üstünlük vermişdir.
1721-ci ildə Qafqaza yürüşə çıxan və 1723-cü ildə Azərbaycanın Xəzəryanı ərazilərini,
Bakını işğal edən I Pyotr sentyabrın 3-də Bakının alınmasını bayram etdi. Bakı şəhəri
rus komendantı knyaz Bryatinskinin idarəsinə verildi. 1724-cü ilin 10 noyabrında
I Pyotr 3 erməni katolikosunu qəbul etmiş, onların ermənilərin Xəzəryanı vilayətlərinə
köçürülmələri barədə xahişlərini dinləmişdir. I Pyotr yerli əhalinin sərt müqavimətini
gördükdə, "erməni kartını işə salmış və azərbaycanlıların tarixi torpaqlarında,
xüsusilə Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması
barədə göstəriş vermişdi. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə
təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi
Qafqaz siyasətinin əsasını təşkil etmişdi.
I Pyotr tərəfindən irəli sürülən tarixi vəzifələrin
həyata keçirilməsində ermənilərə xüsusi rol ayrılmışdır. Ermənilər bu rolu uğurla
yerinə yetirməkdə geniş və hərtərəfli imtiyazlar almışlar. Bunlar hüquqi-siyasi
cəhətdən I Pyotrun erməni xalqına 1724-cü il 10 noyabr tarixli əlahəzrət fərmanında,
II Yekaterinanın 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərmanında,
I Pavelin manifestində, 1802-ci ildə çar I Aleksandrın Qafqaz canişini A.Sisianova
konkret təlimatında, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsində,
1829-cu il Ədirnə müqaviləsinin 13-cü maddəsində öz əksini tapmışdır. II Yekaterinanın
birbaşa göstərişi ilə hazırlanan planlarda İrana və Türkiyəyə qarşı Cənubi Qafqazda
Rusiyanın siyasi və strateji forpostuna çevriləcək vassal xristian dövləti əsasən
Qarabağ və İrəvan xanlığı və həmçinin Azərbaycanın Xəzərsahili ərazilərində "Alban
çarlığı” formasında qurulması nəzərdə tutulurdu.
Bütün bunlar bir daha çar Rusiyasının erməni
dövləti yaratmaq niyyətinin ermənilər üçün deyil, daha uzaqgörən bir siyasət olduğunu,
imperiyanın məhz Cənubi Qafqazın işğalında ermənilərdən bir alət kimi yararlanmaq
siyasətinin tərkib hissəsi olduğunu açıqca göstərir. XIX əsrin əvvəllərində Cənubi
Qafqazın işğalını başa çatdıran Rusiya imperiyası artıq ermənilərin ortaya atdığı
"böyük Ermənistan” ideyasının ağ yalan olduğunu bilə-bilə Cənubi Qafqazda "Erməni
vilayəti”ni yaratdı. Bu qurumda aparıcı rolu sayca onlardan dəfələrlə çox olan azərbaycanlılara
deyil, məhz azlıqda olan ermənilərə verdi.
Azərbaycan tarixinin saxtalaşdırılması ilk
öncə, erməni kilsə xadimlərinin xüsusi göstərişi ilə sənədlər şəklində tərtib olunaraq
həyata keçirilirdi. İrəvan xanlığı hələ işğal edilməmiş, 29 iyun 1827-ci ildə Üçkilsə
katolikosunun göstərişi ilə İrəvan qalasının plan-xəritəsi tərtib edilərək Rusiya
komandanlığına təqdim edilmişdir. Həmin plan-xəritədə İrəvan qalasının daxilində
erməni kilsəsi təsvir edilmişdir. Çar Rusiyası tərəfindən İrəvan qalası işğal olunduqdan
sonra burada azərbaycanlılara məxsus maddi və mənəvi abidələrimizin məhvinə, xristianlaşdırılmasına
və ya erməniləşdirilməsinə başlanılmışdı. Bu iş dövlət səviyyəsində həyata keçirilirdi.
Rusiya imperatoru I Nikolayın 13 noyabr 1827-ci il tarixli fərmanı ilə İrəvanın
baş məscidi pravoslav yunan-rus kilsəsinə çevrildi. Digər mənbənin məlumatına görə,
İrəvan qalasında yerləşən Rəcəb paşa məscidi rus-yunan kilsəsinə çevrilmişdir.
Türkmənçay müqaviləsindən dərhal sonra -
1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının
ərazisində "erməni vilayəti” təşkil edildi. Bu tarixi Azərbaycan torpaqlarında yaradılacaq
gələcək Ermənistanın təməli idi. Həmin vaxtın rəsmi statistikasına görə, "erməni
vilayəti”nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı.
Buna paralel olaraq Tükrmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min
erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü. Analoji proses XIX əsrdəki -
1829-cu və 1878-ci illərdəki Rusiya-Türkiyə müharibələrinin yekununda da özünü göstərdi.
Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrə məskunlaşdırıldı.
Çarizmin köçürmə siyasəti Qarabağda və İrəvanda demoqrafik tərkibi dəyişdi.
1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini isə ermənilər
təşkil edirdi. 20,546 ailədən 13,965-i azərbaycanlılar, 6491-i isə ermənilər idi.
Köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8 faizə endi, ermənilərin
faizi isə 43,8 faizə qalxdı.
XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların
sayına görə Bakı və Yelizavetpol quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu.
Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə
görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb.
1914-cü ilədək İrəvan quberniyasının əhalisi 40 dəfə artaraq 570 min nəfər olmuşdu.
Lakin Azərbaycan əhalisinin sayı cəmisi 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırma
və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi,
yəni 247 min nəfəri azərbaycanlılar idi.
Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində
"böyük Ermənistan” qurmağı niyyətləyən, qərbin hakim dairələri tərəfindən şirnikləndirilən
erməni separatçıları 1862, 1878, 1884-cü illərdə Türkiyənin Zeytun, 1880-cı ildə
Samsun və 1884-cü ildə Van vilayətlərində qanlı faciələr, qırğınlar törətmişlər.
1896-cı ildə İstanbul poçtxanasını partlatmış və neçə-neçə günahsızı qanına qəltan
etmişlər. Bundan sonra erməni millətçiləri mübarizəni Qafqaza keçirmişlər.
1887-ci ildə Cenevrədə "Qnçaq”, 1890-cı ildə, Tiflisdə "Daşnaksütyun” və 1895-ci
ildə Nyu Yorkda "Erməni Vətənpərvərləri İttifaqı” kimi siyasi terror təşkilatlarını
yaratmışlar.
Ermənilər 1905-ci il rus inqilabının başlanması
ilə ölkədə yaranmış hərc-mərclikdən istifadə edərək İrəvanda, Bakıda, Şuşada, Gəncədə,
Qazaxda və digər yerlərdə milli qırğınlar törətdilər. Şuşada qırğına başlamaq üçün
Zarıslı kəndində atdan yıxılaraq başı qanamış ermənini ata mindirərək şəhərin mərkəzinə
gətirib ucadan qışqırırmışlar ki, görün türklər ermənini nə hala salıb. Kimi gözləyirsiniz.
1905-ci ilin fevralın 6-9-da və avqustun 20-25-də İrəvanda, Şuşada, Zəngəzurda bir
neçə dəfə başlanan kütləvi qırğınlarda minlərlə azərbaycanlını qətlə yetirmiş və
kəndləri talan etmişlər. Xankəndidə doğulub boya-başa çatmış, qırğınların şahidi
olmuş Ohanes Apresiyan xatirələrində qeyd edir: "Rus-Kazak birləşmələri türkləri
və erməniləri bir-birinə savaşdırırdılar. Onlar deyirdilər ki, biz gündüzlər sakitliyi
bərpa edirik. Gecələr sizin evlərin qonağıyıq. Onda nə bilirsiz edin”. Törədilən
qırğın və fəryadın səsindən qulağıma pambıq tıxamağa məcbur olurdum.
1905-07-ci illər inqilabından sonra da azərbaycanlıların
soyqırımı örtülü şəkildə davam etdirilirdi. Bunu statistik məlumatlar da təsdiqləyir.
1914-cü ildə başlanan I Dünya müharibəsi və 1917-ci il inqilabları ermənilərin
"böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratdı.
1915-ci ilin əvvəlində Türkiyənin şimali-şərq
bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı
kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o
ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Erməni dönüklüyünü zərərsizləşdirmək
üçün Osmanlı dövləti onları Ərzurum, Qars, Van və digər ərazilərdən cənuba - Suriya
sərhədlərinə köçürməyə məcbur olmuşdu. Xain xislətli ermənilər sonralar, o zamankı
hadisələrdən "erməni soyqırımı”nın törədilməsi adı altında öz məqsədləri üçün istifadə
etmişlər və indi də istifadə etməkdədirlər. Əslində, Türkiyə vətəndaşı olan ermənilər
xainlik edərək ruslar tərəfindən türklərə qarşı vuruşmuşlar. Bu məqsədlə könüllü
dəstələr yaratmışlar.
Məlum hadisələr zamanı erməni hərbi dəstələri
ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda Erməni əhalisi
də köçüb gəlmişdi. Onlar bu ərazilərdə azərbaycanlılara divan tutmağa başladılar.
1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı.
Bu ərazidə yaşayan azərbaycanlıların bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş,
qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.
1918-ci ilin martında yenidən ermənilər Bakıda
və ətraf rayonlarda qırğınlar törətmiş, on minlərlə əhalini qanına qəltan etmişlər.
Ermənilər və bolşeviklər qırğının dayandığı
ilk günlərdən cinayətlərini ört-basdır etmək və özlərini təmizə çıxarmaq üçün vasitələr
axtarırlar. "Erməni ziyalıları” antitürk təbliğat maşınını işə salırlar. Belə ki,
soyqırımından az sonra erməni keşişi əvvəlcə Tiflisə, sonra isə Bakıya gəlir. Qayıdarkən
deyir: "Mən Bakıya bir batman dərdlə gəldim, amma oradan 10 batman dərdlə qayıdıram.
Ona görə ki, Bakının Türk-İslam şəhəri olduğunu gördüm”. Erməni yepiskopu Baqrad
isə qırğınlardan bir qədər sonra 1919-cu ilin payızında Bakıya gəlmiş ABŞ missiyasının
başçısı general Harbarda təqdim etdiyi sənədlərdə mart hadisələrində ermənilərin
iştirakını inkar edir. Şaumyandan daha da irəli gedərək qırğınlar zamanı 300 erməni
və 700 müsəlmanın öldürüldüyünü iddia edir. Fikir formalaşdırır ki, döyüş Müsavatla
Bakı Soveti arasında olmuşdur. Ermənilər isə bitərəf qalmışdır. Bax beləcə imkan
düşdükcə müxtəlif yollarla törətdikləri qırğınları ört-basdır edir və yaxud da özlərini
yazıq millət kimi dünyaya təlqin edirlər. Öz uydurmalarını dərsliklərə salır, yaddan
çıxmasına heç cür imkan vermirdilər. Məsələn, məşhur erməni yazıçılarından biri
- Daronyan ölüm ayağında öz xalqına vəsiyyət edir ki, "ey erməni, çöldə zəhərli
bir ilan görüb öldürməsən, səni bağışlamaq olar, amma bir türk görüb onu öldürməsən,
heç bir erməni səni bağışlamaz”. Budur bizim nankor qonşularımızın arzuları.
Təəssüflər olsun ki, bolşevik işğalından
sonra bu faciə nəinki unuduldu, hətta ona vətəndaş müharibəsi damğası vuruldu. Əsl
günahkarlar kimi milli qüvvələr təqsirləndirildi. Müsəlman qanına susayan şaumyanlar
milli qəhrəman səviyyəsinə yüksəldildi. Bakıda ən çox qan tökülən küçələrə onların
adı verildi. Yaddaşımıza belə həkk edildi. Sonrakı, 1920-1930-cu illərdə də Azərbaycana
qarşı eyni məkrli siyasət sovet Rusiyasının dəstəyi ilə davam etdirildi. Bundan
şirniklənən ermənilərin patriarx-katolikosu Stalinə məktub yazıb dünya ermənilərinin
sovet Ermənistanına gəlmək istədiklərini bildirmişdir. Stalin bu məktubun üzərinə
1945-ci il aprelin 19-da öz dəst-xətti ilə yazmışdır: "Razıyam, SSRİ XKS sədri Stalin”.
(Ardı var)
Şikar QASIMOV,
Azərbaycan Texniki Universitetinin İctimai
fənlər kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor