Sentyabrın
10-da Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası və "Visa Inc.” beynəlxalq kart
təşkilatı tərəfindən çoxsaylı kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı
ilə elektron ödənişlərdə yeniliklərin müzakirəsi və "Visa Token”
xidmətinin istifadəyə verilməsinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında
"Visa Inc.” beynəlxalq kart təşkilatının Qafqaz regionu, Müstəqil Dövlətlər Birliyi,
Cənub-Şərqi Avropa regionu üzrə baş meneceri Kristina Doros tərəfindən "Visa Token”
xidməti və onun üstünlükləri, ölkədə rəqəmsal ödənişlərin inkişafı sahəsində təşkilatın
əsas prioritet istiqamətləri, tətbiq ediləcək yeni məhsul və xidmətlər haqqında
ətraflı məlumat verilib.
Maliyyə Bazarlarına
Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi
Tamerlan Rüstəmov tərəfindən isə ölkədə bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi
üzrə tənzimləmə mexanizminin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin inkişafı və
bu sahədə innovativ ödəniş həllərinin tətbiqi, məsafəli bank xidmətlərinin inkişafı
istiqamətində həyata keçirilən layihələr və gələcək perspektivlər haqqında məlumat
açıqlanıb. Eyni zamanda "Visa Token” xidmətinin ölkəmizdə tətbiqinin rəqəmsal ödənişlərin
inkişafında yeni bir mərhələ olması, bu xidmətin rəqəmsal ödənişlərin təhlükəsizlik
və effektivlik səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsi
bildirilib.
"Visa Token”
xidməti nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən
mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda
məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ
həllərin tətbiqinə imkan verəcəkdir.
Mətbuat konfransında
Maliyyə Bazarlarına Nəzarət Palatası
və "Visa Inc.” beynəlxalq kart təşkilatı arasında daha öncədən imzalanmış Anlaşma
Memorandumu tərəflər arasında dəyişdirilib. Bu Anlaşma Memorandumu ödəniş kartları
ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması, rəqəmsal
ödənişlərin inkişafı üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, maliyyə inklüzivliyinin
gücləndirilməsi və rəqəmsal ödənişlər sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi,
habelə rəqəmsal ödənişlərin inkişafı və innovativ ödəniş həllərinin istifadəsinin
genişləndirilməsi üzrə birgə əməkdaşlıq istiqamətlərini müəyyən edir.
Ümumilikdə
kütləvi informasiya vasitələri nümayəndələrinin
çoxsaylı sualları ilə davam edən mətbuat konfransında rəqəmsal ödənişlər sahəsində
həyata keçirilən islahatlar, bu sahədə tətbiq olunacaq yeniliklər ətrafında müzakirələr
aparılıb.
"Azərbaycan”