Şəhid ömrü illərlə hesablanmır, zamana meydan oxuyanların yaşı olmur. Uşaqlıqdan torpaqlarımızı azad görmək, haqqı və ədaləti bərpa etmək eşqi ilə tələsən igidlər hər kəsdən tez böyüyürlər. Həmin igidlərdən biri də İkinci Qarabağ savaşında torpaqlarımızın müdafiəsi uğrunda silaha sarılan Vətən müharibəsi qəhrəmanı, şəhid Adil Asəm oğlu İbrahimlidir.
Oğul, ata, şəhid...
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Adil İbrahimli Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də başlatdığı genişmiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatının iştirakçısı olub. Görünür, onun şəhidlik məqamına yüksəlmək amalı qəzavü-qədərində var imiş. Adil İbrahimli Zəfərdən bir gün əvvəl - noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə 28 yaşında şəhadətə yüksəlib.
Bir də gördün oğuldu adam,
Bir də gördün atadı.
Bir də gördün ad oldu adam,
Bir də gördün fotodu....
Şəhidin anası Aidə İbrahimli ilə söhbətdən sonra bu misraları yada salmamaq olmur. Sanki bu bənd elə ən çox Adil İbrahimlinin həyat yolu və Vətən uğrunda mübarizəsinə işıq tutur.
Anası əvvəlcə onun məktəb illərindən, uşaqlıq arzularından söz açır. Danışır ki, Adil 1992-ci il sentyabrın 9-da Sumqayıtda dünyaya gəlib, həmişə hərbçi olmağı arzulayıb. Hələ uşaqkən anasına və Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atasına deyirmiş ki, gün gələcək torpaqlarımızı düşmən işğalından azad edərkən şəhid olub tarixə düşəcəm.
"Nəyi necə deyirdisə, elə də edirdi. Arzuladığı kimi, 2008-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, məzun olduqdan sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olundu. Sonra ailə qurdu, ondan yadigar qalan iki gül balası dünyaya gəldi. Adil artıq həm oğul, həm də ata idi. Hadisələr bir-birini elə sürətlə əvəzləyirdi ki... Nəhayət, həmin an yetişdi, oğlum şəhidlik məqamına yüksələrək ən böyük arzusuna çatdı. Bundan sonra o, ən müqəddəs adı - şəhid adını daşımağa başladı", - deyə Aidə xanım bildirir.
Dərin köks ötürür... Səsindəki kədər Zəfərin yaşatdığı qələbə sevinci qədər duyğulu olur.
Prezidentin qürurla daşıdığı şəhid fotosu
Adil İbrahimli Prezident İlham Əliyevin ötən ilin sentyabrın 27-də təşkil edilmiş Anım yürüşündə fotosunu daşıdığı həmin şəhiddir...
Söhbətinə davam edən Aidə xanım əlavə edir ki, həmin gün II Fəxri xiyabana Adili ziyarətə gedib. "Anım yürüşündə Ali Baş Komandanın daşıdığı plakatda oğlumun fotosu olduğundan xəbərsiz idim. Dost-tanış başsağlığı üçün zəng edirdi. Dedilər ki, Prezident yürüşdə Adilin fotosunu daşıyır. Xəbəri eşidəndə özümü bir anlıq itirdim, oğlumun şəhid xəbərini aldıqdan sonra hər saniyə keçirdiyim izahedilməz qürur hissini daha dərindən, dönə-dönə hiss etdim. Oğul idi, ata oldu; şəhid idi, fotosunu Prezidentin qürurla daşıdığı qəhrəman oldu. Ən gözəl adları bir-birinə caladı Adil", - deyə şəhid anası bildirir.
Döyüş yoldaşları da Adili məğrur və qorxmaz döyüşçü kimi xatırlayırlar. Vətən uğrunda ölümü gözə alan Adil müharibə zamanı Murovdağ istiqamətində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətən sağ olsun!
Vətən müharibəsi 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun şanlı qələbəsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Beləcə, haqq-ədalət şəhid anaları və atalarının "Vətən sağ olsun!" kəlməsində öz yerini daha dəqiq tapdı.
"Vətən sağ olsun!" - deyir Adilin anası da... İlahi ədalət bir də şəhid anası Aidə xanımın ən səmimi kəlmələrində əbədiləşir.
Anasının dilindən düşmür Adilin gözlərinin gözəlliyi... Şəhidin o gözəl gözləri sonuncu dəfə elə Prezidentin qürurla daşıdığı fotodan baxır Azərbaycana, həm də irəliyə - onun da payının olduğu məğrur xalqının gələcəyinə...
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"