30 İyul 2022 01:04
1208
CƏMİYYƏT
A- A+
Ümumbəşəri sosial bəla - insan alveri

Ümumbəşəri sosial bəla - insan alveri

 

Azərbaycanda bu problemlə mübarizədə çoxlu tədbir həyata keçirilir, beynəlxalq əməkdaşlığa töhfələr verilir

 

Dünyanın inkişaf etmiş əksər ölkəsində dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də insan alverinə qarşı mübarizədir. Günümüzün aktual məsələlərindən olan insan alveri ilə mübarizə istiqamətində müxtəlif ölkələrdə daim qabaqlayıcı tədbirlər görülür.

Təbii ki, dünyanın bir parçası olan Azərbaycanda da insan alverinə qarşı ciddi mübarizə aparılır. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyənləşdirilib. Ölkəmizdə insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edən "İnsan alverinə qarşı mübarizə haqqında" qanun mövcuddur.
Prezident İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün  Milli Fəaliyyət Planı" da təsdiq edilib.

 

Qurbanların sayı artır

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 18 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixi İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

İnsan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və  digər məcburetmə vasitələri ilə həyata keçirilir. Cinayətkarlar bu məqsədlə külli miqdarda vəsait əldə edirlər. Onlar oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsini həyata keçirirlər.

Bu alver zamanı qurbana çevrilənlər gizli şəkildə saxlanılır, daşınır və ya satılır. Məlumatlara görə, son 13 ildə insan alveri sahəsində ən yüksək göstərici qeydə alınıb ki, bunun da illik dövriyyəsi 150 milyard dollar təşkil edir. Dünyada insan alveri qurbanları arasında qadınlar əsas yer tutsa da, bu sırada kişilər də yer alır. Beynəlxalq təşkilatların məruzələrinə əsasən, 2021-ci ildə təxminən 25 milyon insan alveri qurbanı aşkar edilib.  Hər 10 qurbandan 5-i yetkin qadınlar və üçdəbiri uşaqlar olub.

İnsan alverinin müxtəlif növləri mövcuddur. Pandemiya dövründə insanların iş yerini itirməsi nəticəsində dünyada məcburi əməyə şərait yaradan hallar artsa da, Azərbaycan üçün məcburi əməklə bağlı cinayət halları xarakterik hesab olunmur. Belə ki,  2021-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 məcburi əmək faktı aşkarlanaraq cinayət işləri başlanılıb və bu istiqamətdə aparılmış araşdırmalarla həmin cinayətdən zərərçəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi müəyyən olunub. Statistikaya əsasən, 2005-2021-ci illərdə aşkar edilmiş 1916 insan alveri cinayətindən yalnız 2,7 faizi (51) məcburi əmək cinayəti ilə bağlı olub.  Ötən il Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar zamanı 267 şəxsin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilərək hüquq pozuntusuna yol verən işəgötürənlər barəsində 1.339.300 manat cərimə tətbiq olunub.

 

75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb

 

Dünyada uşaq əməyinin istismarı halları da daim aktual məsələlərdən biridir. Azərbaycanda 2021-ci ildə ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb. Nəticədə övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Azərbaycanda insan alveri cinayətləri qeydə alınan ümumi cinayətlərin 0,6 faizini təşkil etsə də, bu sahədə daim mübarizə tədbirləri həyata keçirilir. Maarifləndirmə işləri aparılır, ölkə ərazisindən insan alveri məqsədilə tranzit istifadə edilməsinin və uşaq nikahlarının qarşısının alınması, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa, yaxud himayəyə verilmiş uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının monitorinqi aparılır.

 

Azərbaycan insan alveri qurbanlarını daim diqqətdə saxlayır

 

Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa da üstünlük verir. İnsan alverinin qarşısının alınması ilə bağlı beynəlxalq ixtisaslaşmış qurumlarla görüşlər keçirilir, təcrübələr öyrənilir. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik hesabatlarında Azərbaycan ardıcıl olaraq 3 ildir ki, ikinci sıra nəzarət ölkələr sırasına aid edilir.

Ölkəmizdə insan alveri qurbanlarının aşkarlanması, onların sosial həyatının yaxşılaşdırılmasına, işlə, sığınacaqla təmin olunmasına, reabilitasiya və reinteqrasiyasına önəm verilir. Zərərçəkənlər daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi müstəvidə aparıldığı son 17 ildə islahatlar, zəruri təşkilati və praktiki tədbirlər həyata keçirilib, qanunvericilik bazası yaradılıb, o cümlədən ölkəmiz insan alverinə qarşı mübarizədə müxtəlif beynəlxalq sənədlərə qoşulub. Bu sənədlər sırasında xüsusi yer tutan BMT-nin 2000-ci il tarixli "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokoluna Azərbaycan 2003-cü ildə, 2005-ci il tarixli Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyaya isə 2010-cu ildə qoşulub. 

 

Ötən il 13 insan alverçisi aşkarlanıb

 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin statistikasına əsasən Azərbaycanda 2021-ci ildə insan alveri ilə bağlı 289 cinayət faktı qeydə alınıb.  Bu say bir daha göstərir ki, bu sahədə cinayət faktları ötən illərə nisbətən artıb.

Cinayət faktlarından 156-sı insan alveri, 3-ü məcburi əmək, 43-ü insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər, 56-sı fahişəliyə cəlbetmə, 3-ü yetkinlik yaşına çatmayanı fahişəliyə cəlbetmə, 19-u əxlaqsızlıq yuvaları ilə bağlı olub. Ötən il respublikamızda 94 qadın, 1 kişi, yəni 95 nəfər insan alverinin qurbanı, insan alverçilərinin sayı isə 13 nəfər olub. Qurbanlardan 74-ü cinsi istismar məqsədilə müxtəlif ölkələrə aparılıb, 1 nəfər ölkə daxilində məcburi əməyə məruz qalıb. Onlardan 5 nəfəri 18-25, 59 nəfəri 25-35, 31 nəfəri isə 35-dən yuxarı yaş həddində olub.

Bu sahədə daim maarifləndirməyə, mübarizə tədbirlərinin görülməsinə baxmayaraq, insan hüquq və azadlıqlarını pozan, beynəlxalq təhlükəsizliyə təhdid yaradan insan alveri transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərindən biri olaraq qalmaqdadır. Beynəlxalq əlaqələrin, gediş-gəlişlərin artdığı,  internet şəbəkəsinin genişləndiyi belə bir dövrdə onlayn insan alveri də artmaqdadır.

Təbii ki, belə zərərçəkənlər arasında qadınlar üstünlük təşkil edir. Lakin uşaqlarımızın internetdən istifadəsi də onların aldanmasına, müxtəlif terrorçu təşkilatlara qoşulmasına, narkotik alverçisi və aludəçilərinə, orqan mafiyasının qurbanına çevrilməsinə gətirib çıxarır. Sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətləri tətbiq olunsa da, təbii ki, bu, formal xarakter daşıyır. Valideynlər tərəfindən uşaqlara internetdən istifadə zamanı nəzarətin gücləndirilməsinin əsas faktorlardan biri olmasına baxmayaraq, texnologiyanın inkişaf etdiyi və internetin, demək olar ki, bütün sahələri əhatə etdiyi belə bir vaxtda bu nəzarət bir qədər müşkülə çevrilir. Hər bir halda yaşanan neqativ hallar, müəyyən aldatmalar insanların əsasən hüquqlarını bilməməsindən, məlumatsızlıqdan meydana çıxır. Ona görə də bu sahədə daim maarifləndirmə tədbirlərinə ehtiyac duyulur. Həm orta məktəblərdə, həm kütləvi informasiya vasitələrində bu barədə informasiyalara daha çox yer verilməli, xüsusən yetkinlik yaşına çatmayan şəxslərin bu sahədə bilikləri artırılmalıdır.

 

Pandemiya dövründə onlayn insan alveri inkişaf edib

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qəzetimizə bildirib ki, Azərbaycan dövləti vətəndaşların sabit və təhlükəsiz şəraitdə yaşamasını, cinayət əməllərindən qorunmasını təmin edən möhkəm hüquqi bazanı və ictimai-siyasi təməlləri yaratmağa nail olub, bu sahədə beynəlxalq hüquqi sənədlərə qoşulub. Onun sözlərinə görə, bu sənədlər sırasında BMT-nin "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokolu, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə haqqında Konvensiyası xüsusi yer tutur.

Zahid Oruc qeyd edir ki, Azərbaycan "müasir köləlik" adlanan və bəşəriyyət adına utanc gətirən bu cinayətkalıq əməllərinin qarşısını almaq yönündə ciddi iradəsini ortaya qoyub və daim mühüm tədbirlər həyata keçirir: "Dünyada  pandemiya zamanı insan alveri nəinki artıb, onun yeni trendi - "onlayn, kiber insan alveri" sürətlə inkişaf edib. Nəticədə yaranan çağırışların özü insan alverinə qarşı yeni qlobal səyləri ortaya qoymağı tələb edir".

 

Qlobal tendensiya ölkəmizdən də yan keçmir

 

Komitə sədri vurğulayır ki, 2015-ci ildən başlayaraq cinayətlərin hər il artması müşahidə edilir. Bu da hazırkı dövrdə qlobal tendensiyanın ölkəmizdən də yan keçmədiyini deməyə əsas verir. Bununla yanaşı, faiz nisbəti ölkəmizdə vəziyyətin müsbətə doğru dəyişdiyini göstərir.

Milli Koordinator və Baş İdarənin müvafiq strukturu tərəfindən ölkəmizdəki vəziyyətin adekvat  təhlili, Azərbaycanda da insan alverinə qarşı ümumdövlət tədbirləri və dövlətin müvafiq hüquq-mühafizə siyasətinin reallıqda olduğu kimi, tam dolğunluğu ilə əksini tapması beynəlxalq hesabatlarda ölkəmizin 8 il əvvəl tutduğu nisbətən yüksək səviyyəni qorumasına səbəb olub. Belə ki, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair ənənəvi illik hesabatlarında Azərbaycan ardıcıl olaraq 3 ildir ki, 2-ci sıra/səviyyə ölkələr sırasına aid edilir. Bu 188 ölkə arasında yaxşı göstəricidir. Bununla yanaşı, hesab edirik ki, dəyərləndirmənin hər bir müddəasının təfərrüatlarının öyrənilməsini, milli qurumun onlara dair rəsmi, açıq mövqeyini irəli sürməsi məqsədəuyğun olar.

Zahid Oruc Vətən müharibəsinin və torpaqların işğaldan azad edilməsinin dünyada insan alverinə qarşı mübarizəyə töhfə olduğunu xüsusi vurğulayır. Burada  mühüm məsələ Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 vətəndaşımızın taleyi ilə bağlıdır. İtkin düşmüş və əsirlikdə olan soydaşlarımızla bağlı insan alveri sahəsində beynəlxalq qurumların tribunalarından məsələni daha sistemli qaldırmaq üçün koordinator bu sahədə dövlət strukturlarının fəaliyyətini bir arada təşkil edə bilər.

Komitə sədri bildirir ki, bu sahədə cinayətlərin fövqəladə çətinliyi, insan alverini həyata keçirənlərin yerli siyasi, sosial, iqtisadi və mədəni xüsusiyyətlərdən, çətin ayırd edilən yollardan istifadə etməsi hər kəsə məlumdur. Eyni zamanda məcburi əmək və uşaq əməyi istismarı ilə bağlı fəaliyyət formatının yenilənməsi, qeyri-hökumət təşkilatlarının bu sahəyə arxayınlıqla yanaşmasını aradan qaldırmaqla fəallığa təkan verilməsi təxirəsalınmaz məsələdir.

Zahid Oruc qeyd edir ki, "Azərbaycanda insan alveri qurbanlarının müdafiəsi və reabilitasiyası haqqında" qanunun qəbul edilməsi reytinqlərdə irəliləməmizə əsas verə bilər: "İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin internet saytında xəbərlərin müəyyən bir intensivlikdə yenilənməsi də ola bilər. Baş İdarənin bu həyati vacib sahəni nəzərə almaqla, sosial şəbəkələrdə aktivliyi kommunikasiya quruculuğuna töhfə verər, yeni cinayət qurbanlarının qarşısını alar".

 

Diqqətli olmaq ən vacib nüansdır

 

Deyilənlər göstərir ki, insan alverinə qarşı nə qədər güclü tədbirlər görülsə də, qarşısının alınması istiqamətində addımlar atılsa da, bu halları aradan qaldırmaq mümkün deyil. Xüsusən informasiya texnologiyalarının inkişafını, demək olar ki, hər yaş qrupundan, hər təbəqədən olan insanın internet vasitəsilə dünyaya çıxışının mümkünlüyünü nəzərə alaraq belə halların artacağı da gözləniləndir.

Bununla belə, bu sahədə yalnız maarifləndirmə tədbirlərini gücləndirərək, insanları aldanmamağa çağıraraq, uşaqlara ciddi nəzarət şəklində belə faktların sayını müəyyən qədər azaltmaq olar. İnsanlar isə hər bir halda verilən vədlərin arxasında pis niyyətlərin olduğu ehtimalını unutmamalı, internet üzərindən tanış olduqları şəxslər tərəfindən gələn "gözəl" təkliflərə aldanmamalıdırlar.

 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!