10 May 2025 08:00
905
SİYASƏT
A- A+
Ulu Öndərin dövlətçilik konsepsiyasının böyük uğuru

Ulu Öndərin dövlətçilik konsepsiyasının böyük uğuru


Hesablama Palatasının yaradılması maliyyə nəzarəti sahəsində atılan strateji addımdır


1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi xalqın uzun illərdən bəri arzuladığı milli dövlətçilik ideyasının reallaşması oldu. Bununla belə, ilk illər Sovet İttifaqının süqutunun doğurduğu mürəkkəb keçid dövrü ilə yadda qaldı. 

Məhz belə bir məqamda xalqın təkidli çağırışları ilə 1993-cü ilin iyun ayında Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Bu dönüş nöqtəsi həm də Azərbaycanın müstəqilliyinin real mənada möhkəmləndirilməsi və dövlətçiliyin bərpası prosesi idi. Həmin tarixdən başlayaraq ölkədə sabitliyin bərpası, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və hüquqi sistemin qurulması istiqamətində genişmiqyaslı islahatlara start verildi. Ulu Öndərin dövlət və xalq qarşısındakı xidmətləri, ilk növbədə, ictimai-siyasi sabitliyin təmin olunması ilə özünü göstərdi. Bu, yalnız fiziki təhlükəsizliyin bərpası deyildi, həm də siyasi idarəetmənin, hüquqi sistemin və ictimai institutların formalaşdırılması baxımından həyati əhəmiyyət daşıyırdı. Həmin mərhələdə həyata keçirilən əsas islahatlardan biri hüquqi dövlətin qurulması istiqamətində atılan addımlar oldu. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə hüquqi və demokratik dövlət quruculuğunun əsasını qoydu. Konstitusiyada hüququn aliliyi, vətəndaş hüquq və azadlıqlarının təminatı, hakimiyyətin bölgüsü prinsipi təsbit olundu. Dövlət idarəçiliyində institusional quruculuq prosesi həmin dövrdə ardıcıl və sistemli şəkildə həyata keçirildi. İcra hakimiyyəti orqanlarının fəaliyyətinin normativ-hüquqi bazası gücləndirildi, eyni zamanda parlament institutunun funksionallığı artırıldı və qanunvericilik fəaliyyəti müasir idarəetmə tələblərinə uyğunlaşdırıldı.

Bütün bunlarla paralel olaraq, ölkədə iqtisadi islahatların həyata keçirilməsinə də start verildi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" və digər beynəlxalq neft sazişləri Azərbaycanı regional və qlobal enerji xəritəsində mühüm aktora çevirdi. Bu, təkcə iqtisadi sabitlik üçün baza yaratmadı, həm də resurs idarəçiliyi sahələrində yeni yanaşmalar tələb etdi. Belə bir kontekstdə dövlət büdcəsinin tərtibi və icrası, eləcə də maliyyə intizamı məsələləri aktuallaşdı. Bu proses həm də dövlətin audit və nəzarət sistemlərinin qurulmasında müasir yanaşmaların tətbiqinə zəmin yaratdı.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan və qəbul olunan bir çox strateji sənədlər, o cümlədən orta və uzunmüddətli inkişaf proqramları idarəetmə sahəsində institusional davamlılığın təmin edilməsinə xidmət edirdi. Bu sənədlər ölkənin iqtisadi-sosial inkişafı ilə yanaşı, idarəetmə mədəniyyətinin də müasirləşdirilməsini və effektiv idarəçilik institutlarının yaradılmasını hədəfləyirdi.

Danılmaz həqiqətdir ki, müstəqil dövlət quruculuğunun ayrılmaz tərkib hissələrindən biri də şəffaf, səmərəli və cavabdeh maliyyə idarəçiliyinin formalaşdırılmasıdır. Dövlət maliyyəsinin düzgün idarə olunması, yalnız iqtisadi sabitliyin və dayanıqlı inkişafın təmin edilməsi baxımından deyil, eyni zamanda ictimai etimadın möhkəmlənməsi, hüquqi dövlət prinsiplərinin reallaşdırılması və korrupsiyaya qarşı effektiv mübarizə üçün də mühüm əhəmiyyət kəsb edir. 

Əsas məsələlərdən biri də dövlətin maliyyə resursları üzərində ictimai nəzarətin qurulması və bu nəzarətin müstəqil şəkildə həyata keçirilməsinin təmin olunması idi. Həmin illər bəzi dövlət qurumlarının nəzdində iqtisadi sahədə fəaliyyət göstərən orqanlar maliyyə intizamının qorunması funksiyasını icra etsə də, bu nəzarət sistemli, institutlaşmış və parlamentə hesabatlı bir model formasında mövcud deyildi. Bu isə beynəlxalq təcrübə və idarəçilik modelləri ilə müqayisədə mühüm boşluq sayılırdı. O səbəbdən Heydər Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı strateji yanaşmasında audit və nəzarət mexanizmlərinin formalaşdırılmasına xüsusi diqqət yetirirdi. Onun idarəçilik fəlsəfəsində vətəndaşa xidmət edən dövlət ideyası ilə yanaşı, bu xidmətin şəffaf, ədalətli və səmərəli həyata keçirilməsi əsas prioritetlərdən biri idi. Bu mənada, dövlət büdcəsinin icrasına nəzarət, dövlət orqanlarının xərclər üzrə məsuliyyət daşıması və bu məsuliyyətin hüquqi və ictimai müstəvidə əhatəli şəkildə təmin olunması böyük əhəmiyyət daşıyırdı.

1995-ci il Konstitusiyası bu baxımdan mühüm hüquqi çərçivə yaratdı. Konstitusiyanın 92-ci maddəsində dövlət büdcəsinin icrasına nəzarətin Milli Məclis tərəfindən həyata keçirildiyi və bu nəzarətin həyata keçirilməsi üçün xüsusi qurumun yaradılacağı qeyd olunmuşdu. Bu müddəa gələcəkdə müstəqil maliyyə nəzarəti orqanının - Hesablama Palatasının yaradılması üçün əsas hüquqi baza rolunu oynadı.

Dövlət maliyyə nəzarətinin inkişafı istiqamətində 1990-cı illərin sonlarında bir sıra normativ-hüquqi aktlar qəbul olundu. Bu sənədlər dövlət maliyyə sistemində şəffaflığın artırılması, büdcə proseslərinin hüquq çərçivəsində tənzimlənməsi və vəsaitlərin səmərəli istifadəsinə nəzarət mexanizmlərinin yaradılmasını nəzərdə tuturdu. Xüsusilə dövlət büdcəsinin tərtibi və təsdiqi prosedurlarının qanuniləşdirilməsi, onun icrası üzrə hesabatlı mexanizmlərin qurulması dövlət maliyyə idarəçiliyində mühüm mərhələ oldu.

Maliyyə nəzarətinin səmərəliliyinin artırılması üçün kadr potensialının gücləndirilməsi, müasir audit metodlarının, həmçinin beynəlxalq təcrübəyə inteqrasiya və təlim mexanizmlərinin tətbiqi zəruri idi. Bu istiqamətdə dövlətin təşəbbüsü ilə bir sıra beynəlxalq əməkdaşlıqlar qurulmağa başlandı. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində dövlət maliyyə idarəçiliyinin gücləndirilməsi üzrə proqramlar həyata keçirildi.

1998-2001-ci illər arasında dövlət maliyyə nəzarəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi və bu təcrübəyə uyğun milli modelin hazırlanması istiqamətində müvafiq işlər aparıldı. Beynəlxalq Ali Audit Orqanları Təşkilatının (INTOSAI) prinsiplərinə uyğun müstəqil audit qurumunun yaradılması ideyası Heydər Əliyevin dövlət idarəçiliyində prioritet istiqamət kimi nəzərdə tutulurdu. Bu model, həm icra orqanlarından asılı olmayan, həm də parlamentə hesabat verən bir qurum kimi fəaliyyət göstərməli və şəffaflıq, effektivlik və obyektivlik prinsipləri əsasında fəaliyyət göstərməli idi.

Həmin dövrdə dövlət büdcəsi yalnız rəqəmlər toplusu olmaqdan çıxaraq, sosial-iqtisadi inkişafın real planlaşdırma və nəzarət alətinə çevrilməyə başladı. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev büdcənin sosialyönümlü olması, vətəndaşların rifahını yüksəltməyə xidmət etməsi və ictimai maraqlara uyğun xərclənməsi ideyasını daim ön planda saxlayırdı. Bu isə dolayısı ilə dövlətin xərclərini izləyəcək və qiymətləndirəcək bir nəzarət orqanının yaradılmasının vacibliyini aktuallaşdırırdı.

Beləliklə, dövlət maliyyə nəzarətinin formalaşma mərhələsi özündə üç əsas istiqaməti birləşdirirdi: hüquqi baza yaradılması, institusional zərurətlərin müəyyənləşdirilməsi və strateji baxış əsasında beynəlxalq təcrübəyə əsaslanan nəzarət modelinin hazırlanması. Bütün bu elementlər bir məqsədə xidmət edirdi - Azərbaycanda maliyyə idarəçiliyinin şəffaflığını, hesabatlılığını və səmərəliliyini təmin etmək. Bir sözlə, Azərbaycanda dövlət maliyyə nəzarətinin institusional əsaslarının qurulması və bu nəzarətin səmərəli şəkildə həyata keçirilməsi üçün müstəqil ali audit orqanının yaradılması həm beynəlxalq standartların, həm də milli inkişaf prioritetlərinin zəruri tələbi idi. Bu tələbat Heydər Əliyevin dövlət idarəçiliyi strategiyasında şəffaflıq, məsuliyyət və səmərəlilik prinsipinə əsaslanan maliyyə sisteminin qurulması ilə birbaşa bağlı idi. Məhz bu baxışın nəticəsi olaraq, 2001-ci il iyunun 7-də "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanunun qəbul edilməsi ilə ölkəmizdə ali audit orqanı yaradıldı.

Hesablama Palatası Milli Məclisə hesabatlı, funksiyaları qanunla müəyyən olunmuş və müstəqil fəaliyyət göstərən maliyyə nəzarəti qurumu kimi nəzərdə tutuldu. Palatanın əsas missiyası dövlət büdcəsi və büdcədənkənar fondların formalaşdırılması və xərclənməsi proseslərinə nəzarət etmək, dövlət vəsaitlərinin qanunvericiliyə uyğun, səmərəli və şəffaf şəkildə istifadə olunmasına nəzarəti təmin etmək idi. Hesablama Palatasının yaradılması sadəcə yeni bir qurumun formalaşması deyil, həm də dövlət maliyyə sistemində keyfiyyət dəyişikliyinin başlanğıcı idi. 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında aparılan hüquqi və institusional islahatlar çərçivəsində palatanın formalaşmasına verilən dəstək bu orqanın sadəcə büdcə xərclərinə texniki nəzarət edən yox, eyni zamanda parlament nəzarətinin effektiv aləti və ictimai maliyyə intizamının təminatçısı kimi qurulmasına şərait yaratdı.

Qeyd etmək vacibdir ki, Hesablama Palatası fəaliyyətə başladıqdan sonra ilk illərdə əsas diqqət normativ-hüquqi bazanın təkmilləşdirilməsinə, audit metodologiyalarının hazırlanmasına və insan resurslarının inkişafına yönəldi. Audit fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması üçün INTOSAI və digər beynəlxalq qurumlarla əməkdaşlıq genişləndirildi.

Qısa müddət ərzində palata aşağıdakı sahələrdə ciddi nəticələr əldə etdi:

* dövlət büdcəsinin icrası üzrə ilkin rəy formalaşdırmağa başladı;

* auditlər vasitəsilə bir sıra ciddi maliyyə pozuntularını aşkarladı və hüquqi tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara təqdim olundu;

* dövlət proqramlarının icrasının qiymətləndirilməsi ilə bağlı ilk hesabatlar hazırlandı;

* vəsaitlərin xərclənməsinə dair hesabatlılıq və şəffaflıq standartlarını təşviq etdi.

Beləliklə, Ulu Öndərin rəhbərliyi ilə aparılan institusional islahatların bu komponenti - yəni maliyyə nəzarəti və dövlət auditinin inkişaf etdirilməsi - dövlət və cəmiyyət münasibətlərində yeni bir keyfiyyət mərhələsinin əsasını qoydu. Dövlətin vəsaitlərinə ictimai maraqlar baxımından yanaşmaq, onları xalqa məxsus resurslar kimi qiymətləndirmək və bu yanaşmanı sistemli şəkildə nəzarət və hesabat mexanizmləri ilə təmin etmək siyasi iradənin göstəricisi idi.

Hesablama Palatasının yaradılması Ümummilli Liderin dövlətçilik konsepsiyasının maliyyə nəzarəti sahəsində parlaq təcəssümü olmaqla yanaşı, ölkənin demokratik inkişafında və şəffaf dövlət idarəçiliyinin qurulmasında strateji əhəmiyyətə malikdir. Bu addım göstərdi ki, dövlət yalnız resursları idarə etmir, eyni zamanda onların istifadəsinə görə cavabdehlik daşıyır və bu cavabdehlik ictimai nəzarət və hüquqi mexanizmlərlə təmin olunur.

Digər sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə "Hesablama Palatası haqqında" qanuna edilən əlavə və dəyişikliklər nəticəsində palatanın fəaliyyət dairəsi əhəmiyyətli dərəcədə genişləndirildi. Bu islahatlar, Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyi fəlsəfəsinə sadiq qalaraq, ölkədə şəffaflığın və məsuliyyətli maliyyə nəzarətinin daha da gücləndirilməsinə xidmət edirdi.

Yeni dövrün çağırışlarına cavab olaraq, 2018-ci ildə qəbul edilmiş yeni "Hesablama Palatası haqqında" qanun palatanın inkişafında dönüş nöqtəsi oldu. Bu qanun qurumun hüquqi statusunu, idarəetmə strukturunu və fəaliyyətinin əsas istiqamətlərini aydın şəkildə müəyyənləşdirməklə yanaşı, dövlət vəsaitinin və əmlakının səmərəli istifadəsinə nəzarət sahəsində hüquqi mexanizmləri müasirləşdirdi. Qanun həmçinin beynəlxalq təcrübəyə əsaslanaraq Hesablama Palatasının fəaliyyətinin hüquqi bazasını formalaşdırdı və qurumun məsuliyyət dairəsini genişləndirdi. Bununla yanaşı, INTOSAI tərəfindən qəbul olunmuş standartlara uyğun metodiki sənədlərin hazırlanması üçün də hüquqi zəmin yaradıldı. Qanunun 2.2-ci maddəsinə əsasən, Hesablama Palatası kənar dövlət maliyyə nəzarətini həm milli qanunvericilik, həm də INTOSAI standartlarına uyğun metodika əsasında həyata keçirir. Bu yanaşma audit proseslərinin beynəlxalq səviyyədə uyğunlaşdırılmasına və effektivliyinin artırılmasına imkan verir.

Qanunda, habelə beynəlxalq əməkdaşlıq palatanın əsas fəaliyyət istiqamətlərindən biri kimi təsbit edilib. Bu kontekstdə Hesablama Palatası INTOSAI, EUROSAI, ASOSAI və ECOSAI kimi nüfuzlu beynəlxalq təşkilatların fəal üzvüdür və həmin qurumlarla sıx əməkdaşlıq münasibətləri saxlayır.

Beləliklə, 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Hesablama Palatası ötən dövr ərzində üzərinə düşən vəzifələri məsuliyyətlə və peşəkarlıqla yerinə yetirməyə çalışır, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sistemli islahatlara dəstək verməyə davam edir.


Vüqar GÜLMƏMMƏDOV,

Azərbaycan Respublikası Hesablama Palatasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!