Azərbaycan və Ukrayna arasındakı münasibətlər - oxşar tarixi keçmişə, lakin fərqli geosiyasi trayektoriyaya malik dövlətlərin romantikadan uzaq, praqmatik xarici siyasət qurmağı necə öyrəndiklərinin yaxşı bir nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, Ukrayna Siyasət İnstitutunun direktoru Ruslan Bortnik bildirib.
Onum sözlərinə görə, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafını bir neçə mərhələyə bölmək olar: "Əvvəlcə 1990-cı illərin "tanınma diplomatiyası" gəlirdi - bu, sovet keçmişindən rəsmi suveren qarşılıqlı fəaliyyətə sürətli, demək olar ki, inersiya xarakterli bir keçid idi. Sonra 2000-ci illər dövrü gəldi ki, bu zaman münasibətlər iqtisadi və energetik məna kəsb etməyə başladı. Və nəhayət, üçüncü mərhələ-artıq 2014-cü ildən sonrakı dövrdür ki, burada siyasət illüziyaları tamamilə sıxışdırıb çıxartdı və qarşılıqlı fəaliyyət daha sərt, daha dəqiq və daha yetkin xarakter aldı. Bu gün bu münasibətlər bəyannamələr haqqında deyil, qeyri-sabitlik şəraitində maraqların üst-üstə düşməsi haqqındadır".
Politoloq qeyd edib ki, məhz buna görə də Birləşmiş Millətlər Təşkilatı və ya ATƏT kimi platformalarda diqqətlə qurulmuş bir davranış xətti görünür: "Bəli, Bakı və Kiyev ərazi bütövlüyü məsələlərində bir-birini dəstəkləyir - bu məntiqlidir. Lakin bu, kor-koranə həmrəylik deyil, hesablanmış diplomatiyadır. Hər bir tərəf özü üçün manevr imkanı saxlayır. Bu cür xarici siyasət imitasiya deyil".
Ekspert ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinə də toxunub: "Səfərlərin və danışıqların rolunu xüsusi qeyd etmək istərdim. Bizim regionda fərdi diplomatiyaya lazımi qiymət verilmir, halbuki çox vaxt məhz o, istənilən sənəddən daha çox şeyi həll edir. Azərbaycan və Ukrayna arasında ali səviyyədəki müntəzəm təmaslar protokol xatirinə deyil, qeyri-müəyyənliyin idarə edilməsi üçündür. Sistem qeyri-sabit olduqda, kommunikasiya sürəti bir resursa çevrilir. Bu mənada şəxsi razılaşmalar, birbaşa əlaqə kanalları arasındakı etimad siyasətə əlavə deyil, onun nüvəsidir.
Ümumiləşdirsək, qarşımızda duran bir ittifaq və ya blok deyil, şüurlu tərəfdaşlıq modelidir. Yüksək pafoslu sözlər olmadan, illüziyasız, lakin öz maraqlarını aydın dərk edərək. Və bəlkə də, məhz belə konstruksiyalar yaxın illərdə istənilən formal alyanslardan daha dayanıqlı olacaq", - deyə o qeyd edib.