23 Sentyabr 2022 16:32
142
CƏMİYYƏT

Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

 

Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində sentyabrın 23-də Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərini ziyarət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqların Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Diqqətə çatdırılıb ki, 270 yaşlı mədəniyyət paytaxtı olan Şuşa şəhəri hər zaman muğam-sənət beşiyi kimi tanınıb. Sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol oynayıb. Şuşa Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərin diyarıdır.

Qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə də məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları da qonaqlarda maraq doğurub. Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyətinə məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Sonra Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Bülbülün Şuşa şəhərindəki ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.

Qonaqlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə də baş çəkiblər. Bildirilib ki, kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın ərazidə – dahi şairin məzarı üzərində inşa edilib. İşğal dövründə kompleksin binası da erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra məqbərə təmir və bərpa edilərək Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti Cıdır düzündə də olub, oradan açılan gözəl mənzərəni seyr ediblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Yuxarı Gövhər Ağa məscidini ziyarət edən qonaqlar cümə namazı qılıblar. Vətən şəhidlərinin ruhlarına rəhmət dilənib və dualar oxunub.

Türkiyənin səhiyyə naziri Azərbaycanın mədəniyyət paytaxtının gözəlliyinə heyran olduğunu bildirərək, Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıb. Fahrettin Koca Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən uzun illər Ermənistanın işğalı atında olan ərazilərin, o cümlədən Şuşa şəhərinin azad edilməsindən böyük sevinc və qürur hissi keçirdiyini qeyd edib.

Xatırladaq ki, Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti ötən gün Bakıda keçirilən Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisinin açılış mərasimində iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video