Türkiyənin bu ilin iyul ayında Ankarada keçiriləcək NATO sammitində Avropanın təhlükəsizlik sistemini kökündən dəyişdirəcək strateji təkliflərlə çıxış edəcəyi bildirilir.
Bununla bağlı “Chatham House” mərkəzinin yay buraxılışında məqalə dərc edilib.
Məqalənin müəllifi, beynəlxalq ekspert Qalib Dalayın fikrincə, dünyada baş verən gərginliklər səbəbindən yaranan şübhələr Avropanı öz təhlükəsizliyinə yenidən baxmağa məcbur edir. Belə bir şəraitdə sammitə ev sahibliyi edən Türkiyə Avropa təhlükəsizliyinin dairəsini genişləndirməyi nəzərdə tutur.
Ankaranın mövqeyinə görə, qitənin təhlükəsizliyi yalnız Avropa İttifaqı (Aİ) ölkələrinin ixtiyarına buraxıla bilməz. Buna görə də Avropaya yeni bir müdafiə strukturu lazımdır. Türkiyə NATO daxilindəki Aİ üzvü olan dövlətlərlə Aİ-yə daxil olmayan Avropa ölkələri, xüsusilə Türkiyə, Böyük Britaniya və Norveç arasında daha sıx koordinasiya yaradılmasını tələb edir. Gələcəkdə bu çərçivəyə alyansa daxil olmayan dövlətlərin də cəlb edilməsi və xüsusi bir regional təhlükəsizlik şurasının qurulması təklif olunur.
Müdafiə sənayesi sahəsində Türkiyə artıq bu modeli İtaliya və İspaniya ilə ikitərəfli əlaqələrdə tətbiq edir. Almaniya bu cür genişlənməni və ortaq hərbi satınalmaları dəstəkləsə də, Fransa müdafiə sistemlərinin yalnız Aİ daxilində məhdud qalmasını istəyir.
Təhlildə qeyd olunur ki, Avropa ölkələri hazırda yalnız öz şərq sərhədlərinə diqqət ayırırlar, lakin cənubda Yaxın Şərq və Aralıq dənizində baş verən dəyişikliklərdən uzaq düşüblər. Avropanın regiondakı digər böhranların diplomatiyasında iştirak edə bilməməsi onun təsir gücünün zəiflədiyini göstərir. Türkiyə həm Şərq, həm də Cənub qonşuluğundakı mürəkkəb əlaqələri sayəsində Avropanın bu regionlarda yenidən nüfuz qazanması üçün əsas körpü rolunu oynaya bilər. Həmçinin hərbi güclə yanaşı, ticarət dəhlizləri və enerji marşrutlarının yenidən qurulmasında Türkiyə mərkəzi mövqedədir.
İyulda keçiriləcək Ankara sammiti regional böhranlar səbəbindən NATO-nun gələcəyini və Avropanın Qərb dünyasında güclü bir qütbə çevrilib-çevrilməyəcəyini müəyyən edən ilk mühüm sınaq olacaq.
Təhminə VERDİYEVA,
“Azərbaycan”