PKK terror təşkilatının özünü buraxaraq tərk-silah qərarını verməsi tək Türkiyə Respublikasında deyil, bütün dünyada geniş əks-səda yaradıb və sülhsevər ölkələr, xalqlar tərəfindən rəğbətlə qarşılanıb. ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, NATO, eləcə də bir çox dövlətlər tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriyada, İranda, Yəməndə və Avropada güclü qolları var və terror təşkilatı olaraq Şimali İraqda möhkəm bazaya malikdir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, terror təşkilatı olan PKK Türkiyə dövlətinə qarşı həmişə amansız mövqedə olub və vaxtaşırı terror aktları törətməklə qardaş ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradıb. Son 40 ilə yaxın bir dövrdə PKK terrorçuları tərəfindən 40 mindən çox insan məhv edilib, infrastruktura ciddi ziyan vurulub. "Abdullah Öcalanın bilavasitə rəhbərliyi ilə 1970-ci ildə yaradılmış terror təşkilatı bütün hallarda türk xalqına qənim kəsilib, Türkiyəni istəməyən qüvvələrin məkrli niyyətlərinin həyata keçirilməsində böyük rol oynayıb. PKK terror təşkilatının fəaliyyətini dayandırmasının böyük əks-səda yaratması səbəbsiz deyil və bu, ölkədə təhlükəsizliyin və əmin-amanlığın yaradılması baxımından çox əhəmiyyətlidir. Azərbaycan dövləti üçün də bu hadisə böyük önəm kəsb edir. Çünki Türkiyənin təhlükəsizliyi bizim üçün həyat, həm də qardaşlıq məsələsidir", - deyə komitə sədri əlavə edib.
Deputat xatırladıb ki, Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini mühüm bir hadisə kimi qarşılayıb və Türkiyə xalqını ürəkdən təbrik edib. "Başda əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm" ifadələri qardaş Türkiyə xalqına rəhbərimizin, xalqımızın böyük məhəbbətindən, rəğbətindən, Türkiyənin təhlükəsizliyinə dəstəkdən qaynaqlanır. Bu, bir həqiqətdir ki, Türkiyə ən çətin anlarda Azərbaycanın yanında olduğunu nümayiş etdirib və dövlətimizin haqq səsinə daim öz səsini qatıb. 44 günlük müharibə və 23 saatlıq antiterror tədbirləri zamanı xalqımız bunu aydın gördü. Biz də həmişə Türkiyənin mövqeyindən çıxış etməyi vacib hesab edirik və bu, dövlətimizin rəhbərinin siyasi kursunun tərkib hissəsidir.
T.Rzayev qeyd edib ki, Prezident İlham Əliyevin "Əziz Qardaşımın bəyan etdiyi "Terrorsuz Türkiyə" hədəfinə çatmaqda vacib məsələ olan bu hadisə dövlətçilik yolunda aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram" sözləri ürəkdəngələndir, xalqımızın arzularının, istəklərinin təntənəsidir: "Bu, Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının nümayişi olmaqla bərabər, bizi istəyənlərə, qələbələrimizə sevinənlərə sevinc töhfəsi, əleyhimizə gedənlərə, haqq səsimizi eşitməyənlərə, uğurlarımıza kölgə salmağa çalışanlara "Yolunuza qayıdın, terrordan, təcavüzdən, təhdiddən əl çəkin" mesajıdır. Erməni terrorçularını, təcavüzkarlarını dəstəkləyənlər, Ermənistana havadarlıq edənlər, xəyanətkar dövləti yeni müharibəyə hazırlayanlar, qatilləri silahlandıranlar öz əməllərindən çəkinməlidirlər. PKK-nın yolu, əməli, qərarı göstərir ki, terrorun, təcavüzün axırı yoxdur, bu yola qədəm qoyanların sonu faciədir, ölümdür. Abdullah Öcalanın taleyi, bu gün Azərbaycan məhkəmələri qarşısında boynunu büküb yazıq görkəmi alan, ancaq uzun müddət xalqımızın qanına susayan, minlərlə insanı qətlə yetirən, şəhər və kəndlərimizi xarabazarlıqlara çevirən erməni təcavüzkarlarının aqibəti, bugünkü vəziyyəti buna sübutdur".
Bu gün Azərbaycan və Türkiyənin ən xoşbəxt günlərini yaşadığını vurğulayan deputat bildirib ki, "bir millət, iki dövlət" olan xalqlarımız, rəhbərlərimiz özlərini güclü lider, uzaqgörən siyasətçi, iradəli rəhbər kimi dünyaya təqdim edir və əldə etdikləri uğurlarla xalqlarımızı sevindirir, ölkələrimizi ucaldır, bəşəriyyətə xoşbəxtlik və inkişaf, təhlükəsiz dünya bəxş edirlər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"