Alimlərin qiymətləndirməsinə görə, depressiya dünya əhalisinin təxminən 5 faizinin əziyyət çəkdiyi ağır psixi pozuntulardan biridir. Bu xəstəlik daimi kədər və ümidsizlik hissi, diqqəti cəmləşdirməkdə çətinlik, gündəlik fəaliyyətlərə marağın itməsi, həmçinin yuxu rejimi və iştahada baş verən dəyişikliklərlə xarakterizə olunur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, əvvəlki tədqiqatlar depressiya ilə beynin müxtəlif nahiyələrində baş verən dəyişikliklər, o cümlədən yaddaşa cavabdeh olan mühüm beyin strukturu – hippokampda və alın qabığında boz maddənin həcminin azalması arasında əlaqənin olduğunu göstərib.
Vaşinqton Universitetinin Tibb Məktəbinin tədqiqatçıları bir qrup insan üzərində aparılmış müayinələr zamanı əldə edilən minlərlə beyin görüntüsünü təhlil ediblər. Onların “Nature Mental Health” jurnalında dərc olunmuş araşdırmasının nəticələri depressiya ilə əlaqəli olduğu ehtimal edilən müxtəlif beyin dəyişikliklərini üzə çıxarıb.
Tədqiqatın əsas məqsədi depressiya və onun beyində necə təzahür etməsi barədə mövcud elmi təsəvvürləri daha da dərinləşdirmək olub. Bu məqsədlə tədqiqatçılar mövcud altı məlumat bazasının ayrı-ayrılıqda təhlillini aparıb, sonra isə əldə olunan nəticələri müqayisə ediblər.
Alimlər müəyyən ediblər ki, depressiya beynin üç nahiyəsində – alın qabığında, ön kəmərvari qabıqda və adacıqda boz maddənin həcminin azalması ilə əlaqəlidir. Məlumdur ki, bu nahiyələr emosiyaların tənzimlənməsi, qərarların qəbulu, motivasiya və orqanizmdən daxil olan hissiyyat siqnallarının emalı proseslərində mühüm rol oynayır.
Bu tədqiqat depressiya ilə əlaqəli beyin dəyişikliklərinə həsr olunmuş indiyədək aparılmış ən ətraflı və hərtərəfli araşdırmalardan biri hesab olunur. Əldə olunan nəticələr göstərir ki, depressiya mühüm psixi funksiyaların həyata keçirilməsində iştirak edən geniş beyin nahiyələri şəbəkəsinə təsir göstərir.