Azərbaycan-Qırğızıstan münasibətlərində son dövrdə baş verən dəyişikliklər ölkələrimiz üçün tarixi bir mərhələdir. Yaxın vaxtlara qədər Qırğızıstan Cənubi Qafqaza əsasən ortaq Türk kimliyinə dair gündəmlə əlaqəli olan uzaq region kimi baxırdı. Bu gün isə vəziyyət köklü şəkildə dəyişib. Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatına qoşulması, sadəcə, protokol xarakterli hadisə deyildi. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanın artıq bir-birindən təcrid olunmuş iki region deyil, vahid geoiqtisadi məkan kimi qəbul edilməsinin göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının üzvü, Qırğızıstan Vətəndaş İdeyaları Fondunun və Qırğızıstan Gənclər Parlamenti layihəsinin direktoru Nazgul Joldoşova deyib.
Onun sözlərinə görə, dənizə çıxışı olmayan ölkə kimi Qırğızıstanın xarici ticarət logistikası tarixən əsasən bir marşrut üzərində qurulub: Qazaxıstan və daha sonra Rusiya ərazisindən keçən istiqamət. Alternativlər isə demək olar ki, yox idi. Bu baxımdan Orta Dəhliz abstrakt anlayış deyil, Qırğızıstan üçün yeni imkanlar yaradan marşrutdur.
“Bişkekdəki həmkarlarımla Orta Dəhliz haqqında danışarkən xüsusilə vurğulayıram ki, bu, sadəcə, “Azərbaycan ərazisindən keçən marşrut” deyil, ölkəmiz üçün yeni nəqliyyat coğrafiyasıdır. Hazırda inşa edilən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu strateji əhəmiyyətini daha geniş regional infrastruktura bağlanması ilə əldə edir. Bu xəttin Türkmənistan və ya Qazaxıstan vasitəsilə Xəzərə, Azərbaycanın limanlarına, Bakı–Tbilisi–Qars dəmir yolu ilə Türkiyəyə və oradan da Avropaya çıxış imkanları ilə əlaqələndirilməsi yeni strateji məna daşıyır. Prezident Sadır Japarov da Zəngəzur dəhlizini yeni dəmir yolunun “məntiqi və strateji davamı” adlandırıb.
Rəqəmlər də bunu göstərir: son üç ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb, Çindən Türkiyəyə yükün çatdırılma müddəti isə 15 günə enib. İxracın rəqabət qabiliyyətinin logistika xərcləri ilə məhdudlaşdırıldığı bir ölkə üçün bu, inqilabi dəyişiklikdir. Bu baxımdan Mərkəzi Asiya dövlət başçılarının Çolpon-Atada keçirilən qeyri-formal görüşü də xüsusi əhəmiyyət daşıyır. Platforma region ölkələrinin iqtisadiyyat, təhlükəsizlik, nəqliyyat və infrastruktur məsələlərində daha sıx koordinasiyaya can atdığını göstərdi. Əsas nəticələrdən biri də Mərkəzi Asiyanın dayanıqlı inkişafının qonşu regionlar, ilk növbədə, Cənubi Qafqaz ilə əlaqələrin genişləndirilməsindən kənarda mümkün olmadığına dair ümumi anlayışın formalaşmasıdır”, - deyə müsahib əlavə edib.
Azərbaycanın Qırğızıstan üçün nəqliyyat qovşağı və Xəzərə çıxış imkanını təmin edən mühüm logistika məkanı olduğunu deyən N.Joldoşova Qırğızıstanın da öz növbəsində Azərbaycan üçün təklif etdiyi imkanlardan danışıb. Bildirib ki, bu imkanları üç əsas istiqamətdə qeyd etmək olar. Birincisi, alternativ marşrutla Çin bazarına çıxışdır. Qırğızıstan ərazisindən keçən Çin yükləri Azərbaycanın Xəzər limanları vasitəsilə Avropaya əlavə çıxış əldə edir ki, bu da həm Çin, həm də Azərbaycan üçün marşrutların şaxələndirilməsi deməkdir. İkincisi, Qırğızıstanın əhəmiyyətli hidroenerji potensialıdır. Azərbaycanın gündəmə gətirdiyi elektrik enerjisinin ixracı layihələri bu baxımdan real iqtisadi maraq kəsb edir. Üçüncüsü isə demoqrafiya və bazardır. Mərkəzi Asiyanın 80 milyonluq əhalisinin yarıdan çoxunun yaşı 30-dan aşağıdır ki, bu da Azərbaycan biznesinin hələ kifayət qədər fəal mənimsəmədiyi, lakin sürətlə böyüyən istehlak bazarıdır.
“Azərbaycan bu gün statusunu təkcə enerji resursları ilə deyil, həm də Avrasiyanın nəqliyyat-logistika qovşağı kimi mövqeyi ilə möhkəmləndirir. Bu strategiya marşrut boyunca etibarlı tərəfdaşların, o cümlədən Qırğızıstanın əhəmiyyətini artırır.
Nazgul Joldoşova qeyd edib ki, ümumilikdə müasir Azərbaycan–Qırğızıstan tərəfdaşlığı ənənəvi dostluq diplomatiyasından praktiki iqtisadi əməkdaşlığa keçidi nümayiş etdirir. Ümumi mədəni yaxınlıq qarşılıqlı etimad üçün zəmin yaradır, lakin məhz birgə infrastruktur layihələri, ticarət və investisiyalar münasibətlərin gələcəyini müəyyənləşdirir. Bu isə hələ Azərbaycan-Qırğızıstan əməkdaşlığının yeni mərhələsinin başlanğıcıdır. Bu mərhələdə dəmir yolları, logistika mərkəzləri, rəqəmsal platformalar və investisiya layihələri XXI əsrin daha əlaqəli və rəqabətqabiliyyətli Avrasiyasının formalaşması üçün mühüm alətlərə çevrilir.