28 Mart 2024 09:20
1649
Mədəniyyət
A- A+

Tarixi keçmişimizdən xəbər verən Məmmədbəyli türbəsi

 

Bölgələrimizin hamısı bir-birindən gözəldir. Zəngilan rayonu da təbii-coğrafi şəraiti, mədəni irsi, tarixi abidələri ilə seçilən bölgələrimizdən biridir. 
Təəssüflər olsun ki, 1993-cü il oktyabr ayının son günlərində erməni qəsbkarları bu gözəl diyarı da işğala məruz qoymuşdular. Doğma ocaqlarımızı ələ keçirmiş qəsbkarlar təkcə evləri, yaşayış binalarını deyil, tarixi abidələri də dağıdıb yerlə yeksan etmişdilər. Vəhşi xislətli ermənilər bu yerlərdə daşı daş üstə qoymamışdılar. Daşnaklardan geriyə dəhşətli, tükürpərdən səhnələr qalmışdı. Bu torpaqlardan azərbaycanlıların izini silmək üçün hər yeri dağıtmış, yandırmış, viran qoymuşdular. 
İşğalın ömrü 30 ilə yaxın çəkdi. 2020-ci il sentyabr ayının 27-də erməni işğalçılarının təxribatı nəticəsində 44 gün davam edən Vətən müharibəsi başladı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə oktyabrın 20-də Zəngilan rayonunu da işğaldan azad etdi.
Zəngilan azadlığa qovuşduqdan sonra mütəxəssislər tərəfindən rayon ərazisindəki tarix-mədəniyyət abidələrinə baxış keçirilib, onların hazırkı vəziyyəti qeydə alınıb, inventarlaşma aparılıb. Təəssüf ki, işğala məruz qalmış digər ərazilərimiz kimi, Zəngilanda da tarixi abidələrin əksəriyyəti dağıdılıb, vandalizmə məruz qalıb. Elə bir abidə yoxdur ki, erməni işğalından ziyan çəkməsin.
Rayon ərazisində dövlət mühafizəsinə götürülmüş 19 tarix-mədəniyyət abidəsindən 8-i ölkə əhəmiyyətli, 11-i yerli əhəmiyyətli abidələrdir. Bunlardan Səkkizguşəli türbə, Dairəvi qüllə, Qız qalası kimi tarix-memarlıq abidələrini, Şəhri Şərifan kimi arxeoloji abidələrin adlarını qeyd etmək istərdik.
Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən və ölkə əhəmiyyətli abidə kimi qeydə alınan Xacə Yəhya Məhəmməd oğlu türbəsi tikinti formasına görə Səkkizguşəli türbə adı ilə də tanınır. Memarlıq üslubu ilə seçilən türbə 1304-1305-ci illərdə inşa olunub. Türbənin ətrafında Orta əsr qəbiristanlığı yerləşir. Tarixi tikilinin səkkizbucaqlı formada piramidalı günbəzlə tamamlanan divarları xaricdən və daxildən yonulmuş daşla üzlənib. Bu daşlar tarixi abidəyə xüsusi gözəllik verib.
Türbənin mövcud olduğu ərazi kəndin ən hündür yerində yerləşir. Abidənin günbəzi iki qatdan ibarətdir. Daxili günbəz sferik, xarici günbəz isə piramidalı formadadır. 1975-ci ildə yeraltı sahə təmizlənərkən türbənin sərdabəsi üzə çıxıb. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının və varlı şəxslərin qəbri üstündə ucaldılarmış. Bu, bizə həmin dövrdən qalan qiymətli tarixi abidədir.
Türbənin maraqlı və orijinal kitabəsi var. Kitabə qapı yerindən yuxarı qövsvarı çatılmış bütöv daş üzərində həkk olunub. Ölçüsü 1,45 x 0,90 metrdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda işlənilib. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə, türbənin memarı və bənnası Əli Məcdəddin olub. Araşdırmaçıların fikrincə, Xacə Yəhya Məhəmməd oğlu dövrünün böyük alimlərindən olub.
 Onu da qeyd edək ki, işğal dövründə erməni qəsbkarları türbənin bir tərəfini atıcı silahlarla vurub dağıdıblar. Hazırda azad olunmuş ərazilərdə yerləşən tarix-memarlıq abidələrinin bərpa və konservasiya edilməsi istiqamətində müəyyən zəruri işlər həyata keçirilir. İnanırıq ki, başqa tarixi abidələrimiz kimi, Məmmədbəyli türbəsi də bərpa olunaraq əvvəlki görkəminə qaytarılacaq. Gec də olsa, tarixi ədalət öz yerini tapacaq. Sakinlər geri dönəndə başqa tarixi abidələrimiz kimi Səkkizguşəli türbəni də ziyarət edəcəklər. Qaçqınlıq həyatından geri dönən kimi bu tarixi abidə də ömrünün yeni dönəmini yaşayacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video