Meliorasiya və su təsərrüfatında görülən işlər nikbin proqnozlara əsas verir
Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyin əsas yollarından biri də torpağın məhsuldarlığının artırılmasıdır. Bu isə bir sıra aqrotexniki tədbirlərlə yanaşı, suvarma işlərinin düzgün və vaxtında təşkil edilməsindən asılıdır. Su təsərrüfatı düzgün qurulmasa, ondan vaxtında və səmərəli istifadə edilməsə, meliorasiya və irriqasiya işləri gözlənilən nəticəni verməz.
Azərbaycan qədim suvarma əkinçiliyi diyarıdır. Zaman-zaman əkinçiliyin inkişafı suya olan tələbatı artırıb. Belə olan halda suvarma suyunun düzgün bölüşdürülməsi və onun idarə edilməsi meydana çıxmağa başlayıb. Hazırda suvarmada ən müasir texnologiyalardan istifadə olunur, innovasiyalar tətbiq edilir.
Ölkə üzrə kənd təsərrüfatında istifadəyə yararlı olan 4 milyon 500 min hektar torpaq sahəsindən 3 milyon 200 min hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğu üçün Azərbaycanda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb. İri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 2,6 dəfədən çox artıb. Kənd təsərrüfatı məhsullarının istehsalı əsasən mühəndis-texniki meliorasiya və irriqasiya sistemləri ilə təchiz edilmiş minlərlə hektar suvarılan torpaqlarda cəmləşdirilib. İstehsal olunan məhsulun çox hissəsi suvarılan torpaqlardan götürülür.
Vaxtilə suvarılan sahələrin 128 min 800 hektarı işğal altında idi. Ermənilər 30 il ərzində 6426 kilometr suvarma və 330 kilometr kollektor-drenaj şəbəkəsini, 88 nasos stansiyasını, 1429 subartezian quyusunu, 2 hidroqovşağı yararsız hala salmışlar. Odur ki, bu gün Qarabağ və Şərqi Zəngəzurun meliorasiya və su təsərrüfatında ənənəvi suvarma üsullarını damcı və çiləmə kimi texnologiyalarla əvəzləmək üçün işlər aparılır.
Ümumilikdə ötən il Azərbaycanda suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, erroziya, bataqlaşma və s.) qarşı mübarizə məqsədilə suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb. Suvarılan torpaqların meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirilib, irriqasiya və meliorasiya sistemlərinin istismarı həyata keçirilib. Su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, 2022-ci ilə nisbətən isə 2,2 milyard kubmetr artıq həcmdə su toplanıb ki, bu da su qıtlığı şəraitində əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin suvarma mövsümü üçün nikbin proqnozlar verir.
Suvarma və kollektor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr həcmində (39,2 milyon kubmetr suvarma, 13,2 milyon kubmetr kollektor-drenaj şəbəkəsi) lildən təmizləmə işləri aparılıb. Torpaq məcralı kanalların 58 kilometr hissəsi beton üzlüyə alınıb, 2,9 min hidrotexniki qurğu, 6,4 min subartezian quyusu, 291 nasos stansiyası əsaslı və cari təmir edilib. Cay məcralarında 10,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri görülüb. Bundan başqa, 946 kilometr şax-daş və faşın, 1,1 min kubmetr qabion, 16,5 min kubmetr həcmində daş-beton bəndlərdə təmir işləri yerinə yetirilib.
2023-cü ildə suvarılan torpaq sahələri suvarma suyu ilə təmin edilib. Ölkə üzrə bütün kənd təsərrüfatı bitkiləri 1465,5 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb. Dənli bitkilər 559,6 min hektarda 2,4 dəfə, pambıq 94,8 min hektarda 3,6 dəfə, tütün 2,7 min hektarda 4,5 dəfə, yem bitkiləri 422,9 min hektarda 3,5 dəfə, bostan-tərəvəz bitkiləri 67,7 min hektarda 6,2 dəfə və həyətyanı sahələr 146,3 min hektarda 5,4 dəfə suvarılıbdır. 2024-cü ilin məhsulu üçün taxıl sahələri arat və səpindən sonra suvarma suyu ilə təmin olunub. Həmin əkinlər 481,7 min hektarda 0,8 dəfə suvarılıb. Bütün suvarma mənbələrindən 9,85 milyard kubmetr su götürülüb, su istifadəçilərinə isə 7,23 milyard kubmetr su verilib.
Meliorasiya və irriqasiya sistemlərinin istismarı, bu istiqamətdə təmir-bərpa işlərinin görülməsi, eləcə də kənd təsərrüfatı bitkilərinin suvarma suyuna olan tələbatının təmin edilməsi, suvarılan torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə davam edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"