Vətəndaş cəmiyyəti platformaları bu baxımdan daha çevik və açıq müzakirə mühitidir
Azərbaycan nümayəndə heyəti 13-14 fevral tarixlərində "Sülh körpüsü" "dəyirmi masa"sında iştirak etmək üçün Ermənistana getmişdi.
Ötən il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənən sülh gündəliyindən sonra iki ölkə arasında təkcə siyasi müstəvidə deyil, həm də vətəndaş cəmiyyətləri arasında təmaslar başlayıb. Belə ki, 2025-ci il oktyabrın 22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli "dəyirmi masa" keçirilib. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 21 noyabr tarixində Bakıya səfər edib.
"Sülh körpüsü" "dəyirmi masa"sı çərçivəsində iki cəmiyyət arasında münasibətlərin inkişafı, formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, əməkdaşlıq perspektivləri əsas müzakirə mövzusu olub və bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu müzakirə edilib.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, regionda artıq yeni reallıq formalaşıb və bunun mərkəzində güclü və qüdrətli Azərbaycanın möhkəmlənmiş mövqeyi, təmin olunmuş suverenliyi və dayanıqlı sülh gündəliyi dayanır: "Bu baxımdan Azərbaycan nümayəndə heyətinin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistanda keçirilən "dəyirmi masa"da iştirak etməsi bu reallıq fonunda diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər. Postmünaqişə dövründə tərəflər arasında artıq paraflanmış sülh müqaviləsinin imzalanması və münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl danışıqlar aparılır. Davamlı və dayanıqlı sülh üçün cəmiyyətlər arasında etimadın formalaşması da vacibdir".
Deputat qeyd edib ki, Azərbaycan regional və beynəlxalq münasibətlərdə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən ölkə kimi mövqeyini daha da gücləndirir. Münaqişələrin beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllini müdafiə edən Azərbaycan dialoqu, diplomatiyanı və qarşılıqlı etimadın qurulmasını vacib hesab edir. Bu baxımdan "Sülh körpüsü" təşəbbüsü kimi platformalar iki xalq arasında birbaşa təmasların qurulmasına, etimad mühitinin yaranmasına xidmət edir. "Vətəndaş cəmiyyəti nümayəndələri - QHT-lər, media təmsilçiləri, ekspertlər və akademik dairələr bu prosesdə körpü rolunu oynayırlar. Vətəndaş cəmiyyəti platformaları daha çevik və açıq müzakirə mühiti yaradırlar", - deyə o əlavə edib.
V.Rəhimzadə vurğulayıb ki, "Sülh körpüsü" təşəbbüsü kimi platformalar həmçinin Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına töhfə verə biləcək mühüm mexanizmdir. Keçirilən görüşlər zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunur, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulur. Sülh müqaviləsi ilə yanaşı, xalqlar arasında qarşılıqlı hörmət və anlaşma mühitinin yaradılmasında mümkün olacaq. Bu baxımdan vətəndaş cəmiyyətlərinin dialoqu bu yolun vacib və əvəzolunmaz mərhələsidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"